Martın 31-də Qubada daha 15 nəfər polisə aparılıb. Bu barədə musavat.com-a Qubadakı mənbələrdən xəbər verilib
/Aran agentliyi
Martın 31-də Qubada daha 15 nəfər polisə aparılıb. Bu barədə musavat.com-a Qubadakı mənbələrdən xəbər verilib. Aldığımız məlumata görə, son günlər hakimiyyət orqanları yeni aksiya dalğasının baş qaldırmayacağına əmin olduqdan sonra 1 ay öncəki iğtişaşlarda iştirak edənlərin ovuna çıxıb. Bir neçə gün öncə həbs edilənlərin sayı 25 nəfər idisə, yeni statistika artıq 40 nəfəri əhatə edir.
Həbs edilənlərdən biri gözyaşardıcı qazdan zəhərlənməyə məruz qalmamaq üçün ağız-burnunu dəsmalla bağlayan şəxsdir. Onun adının Zimistan olduğu bildirilir.
Polisə aparılan şəxslərin yaxınları rayon icra hakimiyyətinin və polis idarəsinin qarşısına toplaşıblar. Onlar icra başçısı ilə görüş tələb ediblər. Lakin, icra hakimiyyətindən bildirilib ki, başçı Mübariz Ağayevin onlarla görüşməyə vaxtı yoxdur.
Quba ilə bağlı bir başqa məlumat isə, həbs olunanların yaxınlarının aprelin 5-də Bakıya gələrək Prezident Administrasiyası qarşısında aksiya keçirmələridir. Bu barədə məlumatı həbs olunanların yaxınları qəzetimizə veriblər. Onlardan Almaz Ələsgərova deyir ki, hüquq-mühafizə orqanları Quba üsyanından sonra kütləvi həbslərini davam etdirir və qondarma ittihamlarla saxlanılanların sayı durmadan artır: “İğtişaşlar zamanı kameralara düşən şəxsləri bir-bir müəyyən edərək həbs edirlər. Hadisələr zamanı 5 minə yaxın qubalı iştirak edib. Onların da əksəriyyəti olaylar zamanı kameralara düşüb. Amma polis nədənsə indiyədək 40 nəfəri həbs edib. Tutulanların hər biri qondarma ittihamla saxlanılıblar. Biz qərar vermişik aprelin 5-də Bakıya gedərək Prezident Administrasiyası önündə aksiya keçirək”.
Həbs olunanların yaxınları deyir ki, saxlanılanlara işgəncə verilməsi ilə bağlı prezidentə, Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa ərizə ilə müraciət ediblər. Qeyd edək ki, Quba camaatı həbslərin artacağından, bunun insanların soyulub-talanması üçün istifadə olunacağından narahatdır.
Günün sonunda saxlanılanlarla bağlı Ombudsman Aparatı məlumat yaydı. Məlumatda qeyd olunur ki, ombudsman Elmira Süleymanovanın tapşırığına əsasən, aparatının əməkdaşları DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti saxlama təcridxanasına növbəti dəfə baş çəkiblər: “Quba hadisələri ilə bağlı təqsirləndirilən şəxslərlə təklikdə görüş keçirilib. Həbs olunanlar saxlanılma şəraitlərindən şikayət etməyiblər. Onların bədənlərinə baxış keçirilib və xəsarət izləri aşkar edilməyib. Vüqar Qonaqovun işgəncələrə məruz qalması ilə bağlı məlumat təkrar yerində araşdırıldıqda o bir daha bunu inkar etmiş, vəkili Elçin Sadıqovun xidmətindən könüllü imtina etdiyini, ona hər hansı təzyiqin göstərilmədiyini bildirmiş və dediklərini öz imzası ilə təsdiq etmişdir”.
Qeyd edək ki, Elmira Süleymanova baş çəkmənin nəticələri ilə bağlı baş prokurora müraciət ünvanlayıb.
musavat.com