''Milli-Mənəvi Dəyərlər'' İctimai Birliyi ''31 Mart Azərbaycanlıların Soyqırımı Günü'' ilə bağlı bəyanat verib
/Aran agentliyi
"Milli-Mənəvi Dəyərlər" İctimai Birliyi "31 Mart Azərbaycanlıların Soyqırımı Günü" ilə bağlı bəyanat verib. MMD İB-nin bəyanatında deyilir:
"Milli-Mənəvi Dəyərlər" İctimai Birliyi, tariximizin yaddaşına ötən əsrin əvvəllərində faciələr və işğallarla damğa vuran 31 mart Soyqırım qurbanlarını dərin hüznlə anaraq bildirir ki, Erməni millətçilərinin və onların havadarlarının son iki əsrdə xalqımıza qarşı məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı və deportasiya siyasəti nəticəsində Azərbaycan xalqı əzab-əziyyətlərlə üzləşib.
Ermənilərin xalqımıza qarşı həyata keçirdikləri bu aramsız siyasət 1918-1920-ci illərdə xüsusən genişlənib. Həmin illərdə ermənilərin Azərbaycanda törətdikləri qırğınla bağlı tarixi sənədlərdəki faktlar Şamaxıda, Salyanda, Qubada, Muğanda, Zəngəzur qəzasında, Qarabağda, İrəvan quberniyasında və digər ərazilərdə azərbaycanlıların amansızlıqla qətlə yetirildiyini, şəhər və kəndlərin talan edilərək dağıdıldığını sübut edir.
Tarixi sənədlərə misal olaraq göstərmək olar ki, qətliamlara rəhbərlik edənərdən olan Stepan Şaumyan, erməni quldur dəstələrinin başçılarına göndərdiyi məktublarda bu cümlənin altından xət çəkərərk mühümlüyünü vurğulayırdı : "Kimliyindən,siyasi məfkurəsindən asılı olmayaraq müsəlman millətindəndirsə aman verməyin, öldürün"
Azərbaycanda törədilən qanlı faciələrin daha dəhşətlisi Bolşevik-Daşnak-İngilis qüvvələrinin 1918-ci ilin 31 mart tarixində müsəlmanlara qarşı soyqırımı hadisələridir. Bu hadisələr zamanı Azərbaycanın yüzlərlə şəhər və kəndi, o cümlədən Qarabağda 150-dən çox kənd xarabalığa çevrilib, Şuşada görünməmiş qırğınlar törədilib. Qırğınların davam etdiyi dövrdə Azərbaycan ərazisində 700 minədək dinc insan, o cümlədən Bakıda və ətraf kəndlərdə 30 minə yaxın müsəlman öldürülüb, məscidlər, məktəb binaları yandırılıb, dağıdılıb. Təkcə Bakı şəhərində 12 mindən artıq azərbaycanlı yalnız müsəlman olduğuna görə, amansızlıqla öldürülüb. Müxtəlif yerlərdə törədilmiş soyqırım aktlarının izləri indiyədək qalmaqdadır.
1919 və 1920-ci illərdə martın 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırım hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul etməkdədir.
"Milli-Mənəvi Dəyərlər" İctimai Birliyi, qətlə yetirilmiş günahsız insanları salavatla yad edir, onlara Allahdan rəhmət diləyir, xalqımıza bu matəm günündə dərin hüznlə başsağlığı verir.
İslamazeri.az