Qarabağ Azadlıq Təşkilatı Avronest Parlament Assambleyasının Bakıda keçirilən sessiyasında erməni deputatların iştirakına şərait yaradılmasını pisləyən bayanat yayıb
/Aran agentliyi
Qarabağ Azadlıq Təşkilatı ermənilərin Bakıya gətirilməsini kəskin pisləyən bəyanat yayıb. QAT-ın mətbuat xidmətindən FaktXeber.com-a daxilolan bəyanatda bildirilir ki, Qarabağ Azadlıq Təşkilatı Avronest Parlament Assambleyasının Bakıda keçirilən sessiyasında erməni deputatların iştirakına şərait yaradılmasını Azərbaycanın milli maraqlarına zərbə kimi qiymətləndirir. Bu, Azərbaycan iqtidarı tərəfindən çox böyük yanlışlıq oldu. Azərbaycan polisi sessiya keçirilən günlərdə işğalçı Ermənistan nümayəndələrinin əsil müdafiəçilərinə çevrildilər, ən iyrənc metodlara əl atmaqla hər hansı aksiyanın keçirilməsinə imkan vermədilər. Erməniləri qorumaq naminə öz xalqına qarşı bu cür amansız və ləyaqətsiz hərəkət edənləri lənətləyirik. Bu cür təzyiq və təqiblər bizim iradəmizi sındıra bilməz və mübarizəmizi davam etdirəcəyik.
Azərbaycan hakimiyyəti erməni deputatlarını Bakıya gətirməklə onlara haqsız və əsassız iddialarını səsləndirmək üçün geniş tribuna verdi. Ermənilər Azərbaycan dövlətini və xalqını yüksək tribunadan təhqir etdilər, “işğalçı” adlandırdılar, şəhidlərimizin ruhlarını təhqir etdilər, azərbaycanlıları qətlə yetirənlərin adına erməni kilsəsində dualar da oxudular və heç nə olmamış kimi çıxıb getdilər.
Qarabağ Azadlıq Təşkilatının bəyanatında bildirilir: Bir daha təsdiq olundu ki, ermənilərlə hər hansı danışığın, “xalq diplomatiyası” oyunlarının heç bir mənası yoxdur. Erməni yalnız güc qarşısında geri çəkilə bilər. Biz ermənilərə gücümüzü göstərməliyik!