Tarix : 2012 Apr 06
Kod 29540

Sabirabadda camaat ayağa qalxdı

Daha bir icra başçısının istefa tələbi qoyuldu
/Aran agentliyi

Kür daşqınlarından ziyan çəkmiş Minbaşı kəndinin yüzlərlə narazı sakini magistral yolu bağladı, kəndə polis qüvvələri yeridildi; qəzəbli camaat rayon icra hakimiyyətinə yürüş etdi

Aprelin 4-də Kür daşqınlarından əziyyət çəkən Sabirabad rayonu Minbaşı kəndi sakinləri zərərçəkənlərə verilməli olan kompensasiyanın icra başçısı tərəfindən mənimsənilməsinə etiraz əlaməti olaraq aksiya keçirdi. Şirvan-Sabirabad magistral yolunun Minbaşı kəndindən keçən hissəsində baş tutan aksiyaya təxminən 500-ə yaxın narazı sakin toplaşmışdı. Aksiyanın bir gün öncədən elan olunması kəndə polis qüvvələrinin cəlb olunması ilə nəticələnmişdi. Bir gün öncə kənd meydanında keçirilən aksiyanı telekanalların çəkib efirə verməməsi isə kənd camaatını daha da qəzəbləndirmişdi.

Polis Minbaşını mühasirəyə aldı; postlar quruldu

Aksiya saat 14-ə təyin olunmuşdu. Səhər saatlarından isə kəndin girəcəyində polis postları qurulmuşdu. Minbaşı kəndinin poçt şöbəsi qarşısına yığışan narazı sakinlərdən biri yolda olarkən bizimlə əlaqə saxlayıb bildirdi ki, polis postları jurnalistlərin kəndə girməməsi üçün qurulub. Bu tapşırığı rayon icra başçısı Nazim İsmayılov verib.

Aksiya üçün təyin olunan yerə çatanda təxminən 500-ə yaxın narazı sakin icra başçısının onlarla görüşünü tələb edir, “Haqqımızı istəyirik!”, “Nazim İsmayılova istefa!”, “Prezidenti aldatmayın!” kimi şüarlar səsləndirirdilər.

Yarım saat içində əraziyə cəlb olunan polis əməkdaşlarının sayı iki qat çoxaldıldı. Etiraz aksiyasına qoşulanların sayı isə durmadan artırdı. Az keçmədi ki, qəzəbli camaat yolu kəsib şüarlar səsləndirməyə davam etdilər. Bu zaman polislə sakinlər arasında qarşıdurma oldu. Post-patrul xidmətinin əməkdaşları aksiyaçıların qarşısını alaraq yolu boşaltdılar. Aksiyanın davam etdiyi vaxtlarda yoldan keçən digər Kür daşqınlarından ziyan görən Xankeçən, Çığırğan, Azadkənd, Cəngən kəndinin sakinləri həmyerlilərinə dəstək olmaq üçün aksiyaya qoşulurdular.

Qəzəbli aksiya iştirakçıları qəzetimizə açıqlamalarında bildirdilər ki, icra başçısı Nazim İsmayılov onlarla görüşənə qədər etiraz aksiyalarına davam edəcəklər. Minbaşı sakini Hacı Məmmədli deyir ki, indiyə kimi Kür daşqınlarından əziyyət çəkən sakinlərə verilməli olan kompensasiyanın demək olar ki, yarısı mənimsənib: “Bir həftə öncə camaat Fövqəladə Hallar Nazirliyinə gedərək veriləcək kompensasiyanın miqdarı ilə maraqlanıb. İcra nümayəndəsi zərərçəkənlərə pul paylayarkən məlum oldu ki, dövlət tərəfindən ayrılan vəsaitin yarısı kəsilir. İcra nümayəndəsi bildirdi ki, onlarlıq bir şey yoxdur, ”yuxarıdan" belə gəlib. Onlar çəkinmədən bildirdilər ki, şikayətinizi gedib icra başçısı Nazim İsmayılova deyin. Ona görə tələb edirik ki, icra başçısı özü gəlsin və sakinlərlə görüşsün. Qoy o özü bu korrupsiya qalmaqalına aydınlıq gətirsin. Özü desin ki, mən yetim-yesirin, şəhid ailəsinin pulunu yemişəm".

Bir başqa rayon sakini isə deyir ki, icra başçısının qəbulunda olan zaman kompensasiyanı tələb edərkən başçı Nazim İsmayılov deyib ki, ayrılan vəsait eyni zamanda bəndlərin möhkəmləndirilməsinə xərclənib: “Halbuki bizə verilən pulla bəndlərin tikilməsinə ayrılan vəsait tamam başqadır. İcra başçısı haqqında 400 kənd sakini adından və onların imzası ilə ölkə başçısı İlham Əliyevə şikayət məktubu ünvanlamışıq. Prezident Administrasiyasından cavab məktubu aldıq ki, şikayətinizin araşdırılması və yerində həll olunması üçün Rayon İcra Hakimiyyətinə göstəriş verilib. Ancaq bu günə kimi dəyişən bir şey olmayıb”.

 

 

 

 

  • Yazılıb
  • da (də) 2012 Apr 06