Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanılan ilahiyyatçı Abgül Süleymanova aprelin 6-da yeni ittihamlar elan olunub
/Aran agentliyi
Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanılan ilahiyyatçı Abgül Süleymanova aprelin 6-da yeni ittihamlar elan olunub
Ruhaninin vəkili Anar Qasımlının verdiyi məlumata görə, artıq Hacı Abgül Süleymanovun istintaqı bitib.
Ruhani Hacı Abgül Süleymanova qarşı irəli sürülən yeni ittihamlar Cinayət Məcəlləsinin 283.2.1 (Zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması (üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) və 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə (şərti maliyyə vahidi məbləğinin beş yüz mislindən min mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) maddələri ilə elan edilib.
Cinayət Məcəlləsinin 283.2.1-ci maddəsinin “sübutu” hacı Abgül Süleymanovun 2010-cu il noyabrın 27-də Bakının “Papanin” kimi tanınan məhəlləsində etdiyi çıxışı ilə bağlıdır. Guya ruhani burada hansısa milli, sosial düşmənçilik yaradıb. İttihamın digəri isə 2011-ci il mayın 6-da Təhsil Nazirliyinin qarşısında təşkil olunmuş “Hicaba azadlıq!” aksiyasına görədir. Əvvəlki İttihamla əlaqələndirilən yeni maddə isə öz “sübutunu” belə göstərir ki, Hacı Abgül Süleymanov 27 noyabr çıxışından sonra vətəndaşlar Təhsil nazirliyin qarşısında aksiya keçiriblər və Abgül Süleymanov həmin aksiyanın fəal iştirakçılarından biri olub.
Qeyd edək ki, 2011-ci ilin avqust ayında həbs olunan ruhani yeni ittihamlara qədər Abgül Süleymanov 234.4.3-cü (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə günahlandırılıb.
İslam-Azeri