/Aran agentliyi
İctimai Palatanın Bakının 20-ci yaşayış sahəsində keçirdiyi mitinq davam edir.
“Media forum” saytının məlumatına görə, mitinqdə çıxış edən AXCP sədri Əli Kərimli deyib ki, 7 ilə yaxın ayrılıqdan sonra Azərbaycanı azad görmək istəyən qeyrətli, cəsarətli insanlar yenidən meydanlara qayıdıblar: “Əslində onlar bu müddətdə də meydandan qıraqda olmayıblar”.
Əli Kərimli qeyd edib ki, Azərbaycan hakimiyyəti həyata keçirdiyi korrupsiyadan diqqəti yayındırmaq üçün siyasətçilərə, jurnalistlərə, ayrı-ayrı fəal şəxslərə qarşı repressiyalar aparır. Ancaq AXCP sədri buna qarşı mübarizənin də səngimədiyini vurğulayıb.
AXCP sədri hakimiyyətin işğal olunmuş torpaqların geri qaytarılması üçün heç bir real addım atmadığını deyib: “Şəhid ruhları narahatdır. O ruhlar bizdən Qarabağın azad olunmasını istəyir”.
Ərəb ölkələrindəki inqilablardan danışan Əli Kərimli bildirib ki, Azərbaycan xalqı demokratik mübarizədə heç bir xalqdan geri qalmır: “Mən inanıram ki, Azərbaycan xalqının hazırkı vəziyyəti müvəqqətidir. Ölkədə böyük bir xalq hərəkatının yeni dalğası başlayır”.