/Aran agentliyi
Azərbaycanda dini təmayüllü siyasi partiya yaradılmasına qadağa qoyulur. Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı aprelin 9-da “Media forum” saytına deyib ki, Prezident Administrasiyasında hazırlanıb Milli Məclisə təqdim olunan layihə “Siyasi partiyalar haqqında” qanuna belə dəyişiklik nəzərdə tutur: “Siyasi partiyanın dini inancla bağlılığına konkret sərhəd qoyulur. Qanun dini inancla və din adı ilə siyasi partiyanın yaradılmasını qadağan edir. Bu, konstitusiya ilə də qadağandır, çünki Azərbaycan dünyəvi dövlətdir və din siyasətdən ayrıdır”.
Fəzail Ağamalı deyib ki, qanuna ən mühüm dəyişiklik partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsidir: “Partiyalar 100 faizlik şkala üzrə maliyyələşdiriləcək. Ayrılan vəsaitin 50 faizi deputat mandatının sayına, 40 faizi Milli Məclisdə təmsilçiliyə, 10 faizi partiyanın seçkidə 3 faiz həddini keçməsinə əsasən bölünəcək”.
Ana Vətən Partiyası sədrinin sözlərinə görə, qanunda siyasi partiyaların yenidən qeydiyyata alınması kimi müddəa yoxdur: “Əvvəllər olduğu kimi 1000 nəfərlə siyasi partiya yaratmaq mümkün olacaq. Amma bunu 5000 nəfər etmək və ölkə ərazisinin üçdə ikisini əhatə etmək tələbi qoyulsaydı, daha doğru olardı”.
Azadlıq