Tarix : 2012 Apr 10
Kod 29647

600-ə yaxın sabirabadlı icra hakimiyyətinə doğru yürüş edir

Polis onların qarşısını kəssə də camaat polis kordonunu yarıb
/Aran agentliyi

Polis onların qarşısını kəssə də camaat polis kordonunu yarıb

 13:28 - SAB İRABAD VƏ ŞİRVAN RAYON POLİS ŞÖBƏSİNİN ƏMƏKDAŞLARI ƏRAZİDƏDİR

Minbaşı kəndinin yüzlərlə sakini Kür çayının üstündən keçən körpünü açıblar. İndi onlar Sabirabad rayon yol polisi postunun da yerləşdiyi dördyol adlanan əraziyə doğru yürüş edirlər. Aksiyaçılar bu ərazini bağlayacaqlarını bildirirlər.

Sabirabad və Şirvan rayon polis şöbəsinin əməkdaşları, Daxili Qoşunların bir neçə hərbçisi də hazırda ərazidədir.

***

Aprelin 10-da Sabirabadın Minbaşı və Dadaşvəyli kəndinin yüzlərlə sakini rayon icra hakimiyyətinin binası qarşısına yürüş edirlər.

 

YÜRÜŞƏ DADAŞBƏYLİ KƏNDİNİN SAKİNLƏRİ DƏ QOŞULUB

Minbaşı kəndinin yüzlərlə sakini kənddən yürüş edərək Kür çayının üstündən keçən körpünü bağlayıb. Qonşu Dadaşbəyli kəndinin sakinləri onlara qoşulublar. Polislə qarşıdurma zamanı bir qadını huşunu itirib. Qarşıdurma zamanı sakinlərin əllərində tutduğu İlham Əliyevin bir neçə şəkli cırılıb.

Sabirabad rayon icra hakimiyyəti başçısının müavini Həsən Həsənov əraziyə gəlib. O sakinlərə söz verib ki, problemləri həll olunacaq. Deyib ki, hazırda Minbaşı kəndinin klubunda icra başçısı kənddə olan sakinlərlə görüş keçirir, evlərə isə baxış keçiriləcək.

Aksiyaçılar isə deyir ki, verilən vədlərə inanmırıq. Onlar rayon icra hakimiyyətinə doğru yürüş edəcəklərini bildiriblər.

 

600-Ə YAXIN MİNBAŞI SAKİNİ YÜRÜŞ EDİR

Aprelin 10-da Sabirabadın Minbaşı kəndinin 600-ə yaxın sakini rayon icra hakimiyyətinin binası qarşısına yürüş edirlər.

Polis onların qarşısını kəssə də camaat polis kordonunu yarıb. Ərazidən keçən dəmir yolu xəttinin üstündə polislə sakinlər arasında qarşıdurma olub.

Minbaşı kəndinin sakinləri 2010-cu ildə baş verən daşqınlardan sonra onlara kompensasiyaların verilməməsinə etiraz edirlər. Camaat deyir ki, yerli icra strukturları onlara çatacaq kompensasiyaları mənimsəyib. Yürüşçülər «Biz kompensasiyaları yerli icra strukturlarından yox, prezidentdən istəyirik», «Biz dövlət başçısını istəyirik, o gəlsin» şüarları səsləndirir.

Əllərində prezident İlham Əliyevin şəkilləri olan sakinlər Sabirabad rayon icra hakimiyyətinin qarşısına doğru yürüşü davam etdirirlər.

Aprelin 4-də də Minbaşı kəndinin bir qrup sakini etiraz aksiyası keçirərək Şirvan-Sabirabad yolunu bağlamışdır. Həmin vaxt da onlar kompensasiyaların verilməməsinə etirazlarını bildirirdilər.

Minbaşı kənd icra nümayəndəliyindən verilən məlumata görə, aprelin 9-dan kənddə dövlət komissiyası işləyir, evlərə baxış keçirir.

2010-cu ildə daşqın zamanı Azərbaycanın 8 rayonunda 100 min hektardan çox sahəni və 20 min evi su basıb. Ümumilikdə, 2012-ci ilin martına kimi dövlət tərəfindən daşqının nəticələrinin aradan qaldırılmasına 350 milyon manata yaxın vəsait ayrılıb. Bu il martın 29-da prezidentin sərəncamı ilə əlavə olaraq 50 milyon manat ayrılıb.

Azadlıqradiosu

  • Yazılıb
  • da (də) 2012 Apr 10