Kür zərərçəkənləri aksiya keçirib yolu bağladı; icra başçısı onun istefasını tələb edən xalqla görüşüb vəd Verdi
g/Aran agentliyi
Aprelin 10-da Kür daşqınlarından əziyyət çəkən Sabirabadın Minbaşı kəndinin sakinləri yenidən etiraz aksiyası keçirib. Səhər saatlarında kəndin mərkəzi meydanına toplaşan narazı sakinlər Kür daşqınlarına görə onlara verilməli olan kompensasiyanı tələb ediblər. Olaydan xəbər tutan rayon rəhbərliyi isə camaatı sakitləşdirmək üçün polis əməkdaşlarını kəndə cəlb edib. Rayon icra başçısı ilə görüş tələb edən qəzəbli camaatın qarşısını almağa müvəffəq olmayan rayon polisi kömək istəyib.
Nəticədə Minbaşıya Çevik Polis Alayının əməkdaşları gətirilib.
Bundan bərk qəzəblənən kənd sakinləri Sabirabad-İmişli yoluna yürüş edərək yolu bağlamağa müvəffəq olublar. Təxminən 500 nəfərin iştirak etdiyi dəstək aksiyasını dağıtmaq üçün rayon polisi güc tətbiq edib.
Aksiya iştirakçıları bu dəfə Şirvan və Sabirabad rayonunu birləşdirən Kür çayı üzərindəki körpünü bağlayaraq yürüş aksiyasını davam etdiriblər. Rayonun polis rəisi Mübariz Quliyev hadisə yerinə gəlib və olay yerinə əlavə polis qüvvələrinin cəlb olunması ilə bağlı göstəriş verib.
Aksiya iştirakçılarının qarşısını ala bilməyən rayon rəhbərliyi bu dəfə hadisə yerinə Daxili Qoşunların xüsusi bölməsinin əsgərlərini yeridib. Körpüdə nəqliyyatın hərəkətini bağlayan aksiya iştirakçılarına təzyiq olub. Həmin vaxtlarda Sabirabadın digər kəndi-Dadaşbəylidən də 50-yə yaxın sakin etiraz aksiyasına qoşulub. Polislə qarşıdurma zamanı bir qadın huşunu itirib. Aksiya iştirakçılarının sayının durmadan artdığı bir vaxtda əraziyə Sabirabad Rayon İcra Hakimiyyəti başçısının müavini Həsən Həsənov gəlib. O, sakinlərə söz verib ki, problemləri həll olunacaq. O bildirib ki, hazırda Minbaşı kəndinin klubunda icra başçısı kənddən olan sakinlərlə görüş keçirir, evlərə isə baxış keçiriləcək. Aksiyaçılar isə bildiriblər ki, verilən vədlərə inanmırlar. Onlar RİH-ə doğru yürüş edəcəklərini deyiblər.
Minbaşı kəndinin yüzlərlə sakini Sabirabad rayon yol polisi postunun da yerləşdiyi “Dördyol” adlanan ərazidə nəqliyyatın hərəkətini təxminən 15 dəqiqə bağlayıblar. Bundan sonra rayonun polis rəisi Mübariz Quliyev kənd sakinləri ilə icra başçısı Nazim İsmayılov arasında telefon əlaqəsi yaradıb. Qəzəblənmiş camaatı sakitləşdirə bilməyən polis rəisi icra başçısının əraziyə gəlməsini xahiş edib.
Daha sonra əraziyə gələn icra başçısı Nazim İsmayılov Minbaşı kəndinin sakinləri ilə görüşüb. İcra başçısı kənd sakinlərinə deyib ki, “çalışacağıq ki, qaldırdığınız problemləri həll edək”. Sakinlər icra başçısı ilə razılaşmayaraq bildiriblər ki, “bizə quru söz yox, bizə verilməli olan kompensasiyalar lazımdır”. Daha sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin nümayəndələri gəliblər və bir qrup sakinlə kəndə baş çəkərək evlərə baxış keçiriblər. Rayon sakinləri isə bildiriblər ki, haqları bərpa olunmayana kimi davamlı etiraz aksiyaları keçirəcəklər.