Tarix : 2012 Apr 13
Kod 29696

Almanlar Əliyev hökumətini avtoritar adlandırdılar

Azərbaycan Respublikası bayağı “Eurovision” mahni yarışmasına hazırlandığı bir vaxtda, Azərbaycanla Almaniya arasında gərginlik yaşanır
/Aran agentliyi

Azərbaycan Respublikası bayağı “Eurovision” mahni yarışmasına hazırlandığı bir vaxtda, Azərbaycanla Almaniya arasında gərginlik yaşanır. Keçən il avropalıların “Eurovision” mahni müsabiqəsinə ev sahbliyi edən Almaniya, qələbə çalan Azərbaycanı insan haqlarının pozulmasında suçlayır və onu avtoritar rejim adlandırır.

Azərbaycan hökuməti ölkədə insan haqlarının durumuna görə tənqid edilməsinə cavab olaraq, Almaniyanın Frankfurt şəhərini “evsizlərin, narkotiklərdən kütləvi istifadə edənlərin və əxlaqsızlığın baş alıb getdiyi şəhər” kimi təqdim edir. Azərbaycanlı hüquq müdafiəçisi Rəsul Cəfərov Almaniyada nəşr olunan “Frankfurter Rundschau” qəzetinə müsahibəsində bildirib ki, iki ölkə arasında münasibətlər alman mediasının Azərbaycanda insan haqlarının durumunu tənqid etməsindən, Bakıda keçiriləcək “Eurovision” yarışmasının boykot edilməsinə yönəlik çağırışların yayılmasından sonra pisləşib: “Human Rights Watch” beynəlxalq hüquq-müdafiə təşkilatı Bakıda yarışmanın keçirilməsi üçün nəzərdə tutulan konsert zalının tikintisi aparılan ərazidə yaşayan 20 minə yaxın insanın zorla evlərindən çıxarılmasını açıqladı və bundan sonra gərginlik yarandı. “Amnesty International” isə ölkədəki bütün siyasi məhbusların azad olunması üçün təzyiqlərini artırdı, media və sosial şəbəkələrdən istifadə etməklə geniş kampaniyaya başladı. Azərbaycanın rəsmi və hökumətyönlü media qurumları bu tənqidlərə cavab kimi, Almaniyaya qarşı müharibə elan etdi.

 “Frankfurter Rundschau” onu da qeyd edir ki, Bakıda keçiriləcək yarışmanın təşkilat komitəsinə avtoritar dövlət başçısı İlham Əliyevin həyat yoldaşı Mehriban Əliyeva rəhbər təyin olunub: “Amnesty International”ın Azərbaycan üzrə koordinatoru Mari fon Mellendorf bildirir ki, Azərbaycan hökuməti yarışmanın uğurlu alınması üçün milyonlarla avro xərcləyir. Avropa Yayım Birliyinin rəsmisi Yorgen Frank deyir ki, təşkilat fundamental demokratik hüquqların inkişaf etdirilməsini dəstəkləyir: “Biz məhz bunlara görə mübarizə aparırıq. Lakin biz yarışma zamanı bu işlə aktiv məşğul ola bilməyəcəyik. Bu işi başqalarının öhdəsinə buraxırıq”.

  • Yazılıb
  • da (də) 2012 Apr 13