Tarix : 2012 Apr 13
Kod 29700

İranın müzakirə heyəti Türkiyəyə daxil oldu

İran İslam Respublikasının 5+1 Qrupu ilə müzakirə aparacaq nümayəndə heyəti İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlilinin başçılığı ilə İstanbula daxil olub
/Aran agentliyi

İran İslam Respublikasının 5+1 Qrupu ilə müzakirə aparacaq nümayəndə heyəti İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlilinin başçılığı ilə İstanbula daxil olub.

Müxbirimizin Ankaradan verdiyi məlumata görə, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi və İranın 5+1 Qrupu ilə baş müzakirəçisi Səid Cəlili 4 nəfərlik bir heyətin başında İstanbula daxil olub.

İranın Türkiyədəki səfiri Bəhmən Həsənpur və baş konsulu Mahmud Heydəri tərəfindən qarşılanan Səid Cəlili İstanbulda Hilton otelində yerləşəcək.

İran və 5+1 Qrupu arasındakı müzakirələr sabah aprelin 14-də Türkiyənin İstanbul şəhərində keçiriləcək.

Bu müzakirələri işıqlandırmaq üçün bir çox beynəlxalq media təmsilçisi də artıq İstanbuldadır.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi İstanbul müzakirələri ilə bağlı dünən Tehranda bir mətbuat konfransında bildirmişdi ki, 5+1 Qrupuna üzv ölkələr müzakirələrə hazırlaşmaq üçün zamana ehtiyaclı idilər.

Səid Cəlili ötən bir ildə İran İslam Respublikasının qüdrəti, potensialları və mövqeyinin daha da gücləndiyini bildirərək, deyib: Regionda cərəyan edən İslami Oyanış dalğası, son seçkilərdə xalqın daha geniş və həmrəy formada iştirakı, elmi sahələrdəki inkişaf və nailiyyətlər, xüsusilə də nüvə yanacağı millərinin düzəldilməsində əldə edilən uğurlar elə bir potensial və iqtidara səbəb olub ki, İran artıq keçmişdəkindən daha güclü mövqedən çıxış edir və öz haqlarını daha qətiyyətlə qoruyur.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi yaradılmış potensiallar və imkanları əməkdaşlıqlar üçün son dərəcə önəmli fürsət adlandırıb və deyib: İslam İnqilabının 33 illik təcrübələrindən aydın olur ki, artıq İran xalqına qarşı hədə-qorxu gəlmək və təzyiq göstərmək siyasətlərindən istifadə etmək mənasız və təsirsizdir və bu kimi rəftarlar İran xalqının daha qətiyyətli olmasına səbəb olur. Buna görə də İran ilə ən düzgün rəftar müzakirə və əməkdaşlıqdır.

S.Cəlili İranın danışıqlara və əməkdaşlıqlara hazır olduğunu deyərək, ümidvarlıq edib ki, qarşı tərəf də elə bu baxışla müzakirələrə qatılmış olsun ki, müzakirələrin növbəti mərhələsi səmərəli nəticələr əldə edə bilsin və İran xalqının etibarını doğrultsun.

 

  • Yazılıb
  • da (də) 2012 Apr 13