Bu gün Azərbaycan Beynəlxalq Bankının Yasamal filialının qarşısında (İnşaatçılar pr. 20) 500 nəfər təqaüdçü toplanıb
/Aran agentliyi
Bu gün Azərbaycan Beynəlxalq Bankının Yasamal filialının qarşısında (İnşaatçılar pr. 20) 500 nəfər təqaüdçü toplanıb. Onlar vaxtı ötmüş kartları yenisi ilə əvəz etməyə çalışırlar.
“Qafqazinfo” ANN.Az-a istinadən xəbər verir ki, filialın qarşısında müşahidə olunan ajiotaj nəticəsində bir neçə nəfər huşunu itirib və təcili yardım çağırılıb. Təqaüdçülərin növbəsi bir neçə yüz metrədək uzanıb.
Növbədə dayanan təqaüdçülərdən birinin ANN.Az-a bildirdiyinə görə, əvvəllər onlar vaxtı keçmiş kartları Əhalinin Sosial Müdafiə Fondunda dəyişirdilər: “Bu il qaydalar dəyişdirilib və bu iş Beynəlxalq Banka tapşırılıb. Bank isə, gördüyünüz kimi, qarşısına qoyulan vəzifənin öhdəsindən gələ bilmir. Biz saat 9.00-dan burada dayanmışıq. Artıq beş saat keçib, amma mən hələ də öz kartımı ala bilməmişəm. Məgər öz xalqını bu qədər ələ salmaq olar?”.
Əhalinin Sosial Müdaifə Fondunun Yasamal filialından ANN.Az-a bildiriblər ki, aprelin 16-dan Yasamal rayonu ərazisində yaşayan15 min təqaüdçünün kartının vaxtı ötüb. Filialın əməkdaşı bildirib: “Biz düşünürdük ki, yeni kartlar Azərbaycan Beynəlxalq Bankının bir neçə məntəqəsində dəyişdiriləcək. Amma onlar cəmi bir məntəqə ayırıblar, bu da insanların qəzəbinə səbəb olub”.
Onun sözlərinə görə, rayon ərazisində bank filialının 5 məntəqəsi var və Beynəlxalq Bank yeni kartların verilməsini sivil şəkildə təşkil edə bilərdi.
Ajiotajın canlı şahidi olan Milli Məclisin eks-deputatı Cəmil Həsənli isə bildirib ki, normal ölkələrdə vaxtı keçmiş kartlar poçt sistemi ilə verilir.
Azərbaycan Beynəlxalq Bankından bildiriblər ki, Əhalinin Dövlət Sosial Müdafiə Fondu onları yalnız ötən həftə məsələ ilə bağlı xəbərdar edib. Bu səbəbdən də, bank vaxtında hazırlıq görə bilməyib.
Amma hələlik, dövlət qurumları bir-birilərini ittiham edirlər, yüzlərlə təqaüdçü isə, binanın qarşısında əziyyət çəkir. Onlar 15 min nəfərdirlər, məntəqə isə birdir. Yaşlı adamların bu əziyyətinin hələ nə qədər davam edəcəyi isə, məlum deyil.
musavat