Tarix : 2012 Apr 17
Kod 29758

AİP Qadınlar Şurasının sədri Növrəstə xanım Sumqayıtlı qadınlarla görüşdü

Azərbaycan İslam Partiyası Qadınlar Şurasının sədri və Əsgər Analarına Dəstək İctimai Birliyinin rəhbəri Hacı Növrəstə İbrahimovanın Fatimeyi-Zəhranın şəhadəti ilə ...
/Aran agentliyi

Azərbaycan İslam Partiyası Qadınlar Şurasının sədri və Əsgər Analarına Dəstək İctimai Birliyinin rəhbəri Hacı Növrəstə İbrahimovanın Fatimeyi-Zəhranın şəhadəti ilə əlaqədar sumqayıtlı xanımlarla görüşü oldu.

ruhaniler-Müxbirimizin verdiyi məlumata asasən,bu günlərdə Azərbaycan İslam Partiyası Qadınlar Şurasının sədri və Əsgər Analarına Dəstək İctimai Birliyinin rəhbəri Hacı Növrəstə İbrahimovanın Fatimeyi-Zəhranın şəhadəti ilə əlaqədar sumqayıtlı xanımlarla görüşü oldu.

Növrəstə xanım ilk öncə gələnlərə öz təşəkkürünü bildirərək «Əyyami Fatimə»nin mahiyyətini anlatdı: «O xanımın vəfatı ilə əlaqədar tarixdə 20 gün fərqi ilə iki rəvayət var: Peyğəmbərin vəfat edəndən 75 və 95 gün sonra. Həzrət Zəhraya hörmət olaraq hər iki tarix qeyd edilir və bu ikisinin arasında olan günlərə isə əyyami-Fatimə adlanır.».

Hacı xanım sonra üzün xanımlara tutub, Böyük Yaradanın bütün insanları o xanıma xatir xəlq etdiyini dedi: «Adəm (ə) deyəndə ki, mən birinci insanam, Cəbrayıl (ə) vasitəsi ilə Allah-Təala buyurdu ki, onu dərgahıma çək. Fatimeyi-Zəhranın mücəssiməsin görəndə Həzrət Adəm (ə) lərzəyə gəldi. Bu zaman Yeri-göyü Xəlq Edən buyurdu: «Ey Adəm, sən birincisən, ancaq maddi dünyada. Fatimeyi-Zəhranın isə cismindən qabaq nurunu yaratmışam və o, mənim dərgahımdadır. Səni də, bundan sonra gələn bəşər övladını da ona xatir xəlq etmişəm». Hədisi də Qüdsidə də var ki, Allah-Təala Həzrət Peyğəmbərə buyurur: «Səndən öncə gələn 13999 Peyğəmbəri sənə görə yaratmışam. Səni Əliyə görə yaratmışam. Yəni Əli olmasaydı, səni yaratmazdım. Fatimeyi-Zəhranın özündən əvvəl nuru olmasaydı, heç birinizi əsla xəlq etməzdim».Bəli, bu gün elə bir xanımın matəminə yığışmışıq ki, Allah-Təala külli-kainatı ona görə yaradıb. Gör iş nə yerdədir ki, Həzrəti anmaq üçün, elə onun xatirinə yaradılan bəndələr bizə məhdudiyyət qoyurlar. Amma ruhdan düşməyin. Biz ki, bu qədər sıxıntıda Həzrət Zəhranı anırıq, ona min şükür. İnşallah ki, Allah bu zəhmətlərin hamınsın geniş səviyyədə qəbul edər».

Növrəstə xanım buna görə İmam Zamanın zühurunun tezləşməsi üçün dua etməyimizin vacibliyini vurğuladı: «Lakin biz imamımızı deyib gülməklə, eyşi-nuş əyyamları keçirməklə, yaxud da başımızı səcdədən qaldıran kimi canamazı büküb bir kənara qoyub, «ibadətimi də etdim», – deməklə gözləyə bilmərik. Necə ki, əziz qonağımız gələndə ev-eşiyimizi, pal-paltarımızı təmizləyirik, eləcə də bütün müsafirlərdən üstün şəxsin gəlişi üçün də, təkcə cismimizi deyil, batinimizə də saflaşdırmalıyıq. Onu təkcə hər gün «gəl» deməklə deyil, əməllərimizlə çağırmalıyıq».

«Əsgər Analarına Dəstək» İB-nin sədri müasir zəmanədə xanımların öz abırlarını qorumağın nə dərəcədə vacib olduğunu da bildirdi: «Naməhrəmlə öz aramızda nə qədər iffət pərdəsi yaratsaq, axirətimiz salamat qalacaq, imanımız kamilləşəcək, Allah Təala da hörmət qoyacaq. Çünki AllahTəala buyurub ki, qadın mənim əmanətimdir. «Nisa» surəsi, 31-ci ayədə buyurulub ki, kişilər qüvvəsi qadınların üstündə güclüdür. Ancaq qadının məqamı da kişilərdən üstündür. Qadının çəkdiyi əziyyəti, götürdüyü yükü həyatda heç bir kişi çəkə bilməz. Allah-Təala buyurub ki, haqq-şesab seçim Bizə məxsusdur. Mən qadına məqam verdim ki, qadın öz həyasını zərgərin zər mücrüsündə bağlı saxladığı kimi qorusun. Bəs desəniz ki, tutalım müğənni Röya da qadındır, mən də, bizim məqamımız eynidir, onda günaha yol vermiş olacaqsınız. Çünki Allah Təala buyurub: «Mənim əmanətim olan qadını pak, təmiz, iffətli saxlayın».

AİP Qadınlar Şurasının sədrinin möminin sifətlərindən birinin təvazökarlıq olduğunu bildirdi: «Gəlin tarixi vərəqləyək, özü də əllə yox, qəlblə. Görək hansının imarəti, sarayı olub. Nuh (ə) yaşı bilinmir. Onun 950 il təbliğat elədiyi məlumdu. Həzrət o qədər Allaha dua edir, ona yalvarır, göz yaşı tökürdü ki, sonunda Şeyxül Ənbiya adını aldı. Qeyd edim ki, bununla belə yenə xanım Zəhraya (s.ə) çatmadı. Çünki Həzrət Nuh bu adı çoxömürlüyündə aldı, Həzrət Fatimə isə 18-cə illik həyatında «Beytül-əhzan» kimi çağırılırdı. Söhbətdən uzaqlaşmayaq. Nuh Peyğəmbər bir gün həyətdə oturmuşdu. Bir də gördü ki, Həzrət Əzrail (ə) gəldi. Peyğəmbər (ə) buyurdu: «Məni yoluxmağa gəlmisən, ya qəbzi ruha?» Mələk də dedi ki, bu dəfə qəbzi-ruha gəlmişəm. Nuh (ə) evə girmək üçün izn istədi. Əslində burada bir dərs var. Allah-Təala bu səhnə ilə bizə bir nemət göndərmək istəyib. Çünki Nuh Peyğəmbərə ruhunu təslim edəcəyi yerin ev, ya həyət olmasının o qədər də fərqi yox idi. Həzrət Əzrail Nuh (ə) dalınca evə girdikdə, buranın bir daxma olduğunu gördü. Dedi: «Ya Peyğəmbər, bu dünyada səndən uzunömürlüsü gəlməyib, bundan sonra da gəlməyəcək. Niyə özünə bir şərait yaratmayıbsan?» Nuh dedi: «And olsun Allahın izzət və cəlalına, gecə yatandan səhərə kimi, səhərdən də gecə yatana kimi ölümü düşündüm, Allahımı necə razı salacağımı fikirləşdim, ancaq Allah üçün yaşadım». Biz isə yaşaya bilmirik. Hələ də haram toylara gedirik. Deyirik ki, qohum inciyər. Amma elə deyil. Toy sahibinə deyin ki, Allah məndən inciyər. Biz nə qədər belə yaşayacağıq? Ona görə Nuh (ə) gecə gündüz ölümü düşünərək yaşadığını, Allahı razı salmaqdan başqa işi olmadığını deyir. Biz isə hələ ayıla bilmirik. Ölkə məhv olmaq üzrədir. Gedirik bazara, gəlirik, sabaha bişirəcəyimizi, ayrı vaxt bəs eləmir, namazda da fikirləşirik. Halbuki bu səhəri də, günortanı da Allah gətirir. Hər gün ömrümüzün evindən bir kərpic düşür. Bunu unutmaq olmaz. Həzrət Əlinin dövründə bir yəhudi ilə ərəb əyinlərində bahalı paltar, əllərində ləl-cəvahirat onun yanına gəlirlər. İmam da o zaman müşavirə keçirirmiş. İçəri girənlər salam verirlər, oturanlar da salamı alır. Lakin bu yəhudinin xoşuna gəlmir ki, gərək ayaq üstə təzim edib salam veriləydi. Gəlir Həzrətin yanına ki, bilirsən mən kiməm? Əli (ə) ona baxır, deyir qoy bu son müşaviri də yola salıb deyəcəyəm. İşlərini qurtaranda sonra İmam üzünü gələnlərə tutub deyir: «Sən o kəssən ki, ilkin nəcasətdən yaranıb, hansı ki, kür su tökülməsə, pak olmaz. İndi bu dəqiqə də, içində nəcasət hərləyirsən, öləndən sonra da bir gündən sonra cəsədinə qüsl verilməsə, torpaq da səni qəbul etməz. Bunu ona görə sənə deyirəm ki, sən iy verən hissələrinlə fəxr edirsən. Allah təkcə möminlər surəsinin 3 ayəsində yaradılışını başa salır: Biz insanı xəlq elədik. Həqiqətən bir parça qiymətsiz sudan. Bəs necə oldu ki, o ərzişsizlik birdən yüksəyə qalxdı? Biz Ona Ruhumuzdan üfürdük. Yaratdıqdan sonra isə Yaradan Özü Özünə bərəkallah dedi. Əlbəttə bizdən başqa da məxluq yaratmışdı. Bizim həyatımızın bir hissəsi eyni ilə onlar kimidir: yeyirik, içirik, yatırırıq, nəsil artırırıq və sair. Biz nə üçün gəlmişik? Həmin o əhsənül-xaliqin sözünü doğrultmağa gəlmişik. Əgər onun dediyi kimi yaşamasaq, Ona xəyanət edərək, heyvan kimi yaşamış oluruq. Ona görə də sadəlik, təvazökarlıq lazımdır. Böyük Yaradan Qurani Kərimdə buyurur ki, Biz yaratdıq, Biz xəlq etdik. Külli-kainatın yaradıcısı Biz deyir, təvazöarlıq edir, amma biz bir işi görən kimi şikayət edirik ki, məni niyə incitdin? Lənətə gəlmiş ibn Mülcəm zəhərli qılıncı ilə Həzrət Əlini (ə) zərbətlədi. Zəhər damla-damla onun qanına yeriyirdi. Yenə də İmam dedirdi ki, nə qədər əliniz mənə çatır sual verin. O Həzrətin ruhunun böyüklüyünə baxın. Bizim haqqımızı bir gün alsalar, işlədiyimiz iş yerindən acıq eləyib çıxırıq. İmam Əli (ə) isə 25 il gözündə zəhərli tikan, boğacında acı sümük olmasına baxmayaraq, bütün Quranı səhifə-səhifə təfsirçilərin əlinə verdi, quyuları açdırdı. Əgər can-cisim inciməklə şöhrətdən düşürsənsə, Peyğəmbərdən üstün şəxs yox idi. Allah-Təala Ali İmran surəsinin 153-cü ayəsində buyurur ki, «Ya Peyğəmbər, mənim lütfümdən sonra İslam dininin yerdə sağlam qalmasına səbəb sənin xoş rəftarın olub. Buna görə də gəlin xalis mömin olaq. Çünki Allah-Təala söz verib ki, o Kövsərin suyundan yalnız xalis möminlər dadacaq».

Növrəstə xanım çıxışının sonunu dua ilə bitirdi: «Aləmlərin seyyidəsi, yetimlərin, kimsəsizlərin, hətta öz atasının anası, yük qurub, yükünə söykənə bilməyənlərin bacısı, batində mələk, zahirdə insan Ftimeyi Zəhranın şəhadəti ilə əlaqədar təsliyyət ərz edirəm. Nə ona ağlamağa, nə də onu tərfi etməyə gəlməmişik. Bizim ona səlahiyyətimiz çatmaz. Biz ona yalvarmağa, iltimasa gəlmişik. Ya Fatimeyi-Zəhra, iffət, alimələr, seyyidələr dünyası sənsən. Dərmanı tapılmayan dərdlərin dəvası sənsən. Biz sənə körpə uşaq kimi ana deyib, ətəyindən tutmuşuq, əlimizi ətəyindən kəsib atma».

Bundan sonra Kərbəlayi Mənsurə çıxış edərək Həzrət Mühəmmədi nübüvvət ağacına bənzətdi: «Əgər o ağacın rişəsi olmasaydı, quruyardı. Onun rişəsi Zəhradı. Mən bu gün Kərbəlanın Zəhrasından danışmaq istəyirəm. O həzrət Hər gün düz bir saat Hüseynə lay-lay çalardı. Qəlbin həcci Kərbübəladı. Həzrət Zeynəb Kərbəla hadisəsindən sonra deyərdi: Ey ana, başımı qoyaydım sinənin üstə, sənə şikayət edəydim bu Kərbəla çölündən. Bu bəlalara ancaq Zəhra qızı səbr edə bilərdi. O, demişdi ki, Kərbəlada gözəllikdən başqa bir şey qoymadım. Çünki o da Zəhranın rişəsi idi. Zəhra və onun balaları canlı «la ilahə iləllahdır». Çünki onlar hər yerdə göstərdilər ki, Allahdan başqa Allah yoxdur. Bu məsumlar Yer üzərində Allahın varlığının, onun gözəlliyinin tərcümanı idilər»

Daha sonra isə Kəmalə xanım Həzrət Fatimeyi-Zəhranın qısa həyatı müqabilində gördüyü böyük işlərindən danışdı.

Tədbir ehsan süfrəsi ilə bitdi. Bundan sonra xanımlar AİP Qadınlar Şurasının sədri Hacı Növrəstə İbrahimovanı əhatəyə alaraq, ona ürək sözlərini çatdırdılar.

Ruhaniler.org

  • Yazılıb
  • da (də) 2012 Apr 17