''Müsavat'' partiyasından gundeminfo.az - a daxil olan məlumata görə, Azərbaycanın 5 müxalif partiyası birləşərk bəyanat yayıblar. Müsavat Partiyası..
/Aran agentliyi
"Müsavat" partiyasından gundeminfo.az - a daxil olan məlumata görə, Azərbaycanın 5 müxalif partiyası birləşərk bəyanat yayıblar. Müsavat Partiyası, Azərbaycan Demokrat Partiyası, Azərbaycan Milli İstiqlal partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Klassik Xalq Cəbhəsi Partiyasının imzaladığı bəyanatda bildirilir ki, hazırkı hakimiyət iqtidara gəldikdən sonra dövlətçiliyin möhkəmlənməsinə mane olmaq, siyasi və iqtisadi azadlıqların qarşısını almaq, demokratiyanın inkişafına sədd çəkmək, Azərbaycanı məqsədyönlü şəkildə sivil dünyadan təcrid etmək, ölkədə tayfa-klan hakimiyyəti formalaşdırmaq kursu götürüb.
Bu istiqamətdə siyasi kursunu davam etdirən hakimiyyət, ardıcıl olaraq respublikada insan hüquq və azadlıqlarını pozur, beynəlxalq öhdəlikləri yerinə yetirməkdən imtina edir, iqtisadi və siyasi plüralizmin hər hansı təzahürünə dözümsüz yanaşır.
Mövcud rejim iqtisadiyyatda öz monopolist hegemonluğunu təmin etməklə maliyyə oliqarxiyasının yaradılmasına paralel olaraq ölkədə keçirilən bütün seçkilərin saxtalaşdırılması ilə təkpartiyalı siyasi sistem formalaşdırılmasına cəhd edir.
Bu məqsədlə siyasi partiyaların fəaliyyəti məhdudlaşdırılır, qanunla müəyyən edilmiş dövlət orqanlarının vəzifələrini yerinə yetirmək əvəzinə, bu vəzifələri yerinə yetirməyə cəhd edən məmurlara və yerinə yetirməyə çağıran siyasi partiyalara repressiya tətbiq olunur.
Müxalif partiyaların televiziyalara və elektron KİV-ə çıxışına hər bir vasitə ilə qadağalar qoyulur, siyasi partiyaların xalqla təmasının bütün formaları məhdudlaşdırılır. Ara-sıra partiyalara mitinq keçirməyə verilən imkanlar sərbəst toplaşmaq haqqında qanunun kobud şəkildə pozulması ilə əlverişsiz yerlərdə təmin edilir.
Son vaxtlar iqtidar Siyasi Partiyalar Haqqında Qanuna əlavə və dəyişikliklər edilməsi istiqamətində addımlar atmaqdadır. Lakin bu dəyişikliklər nəinki Azərbaycanda şoxpartiyalı siyasi sistemi stimullaşdırmağa imkan vermir, əksinə, qəbul edilməsi nəzərdə tutulan qanunun müddəaları göstərir ki, bu qanunla arzuolunmayan siyasi partiyaların siyasi səhnədən sıxışdırılmasını asanlaşdırmaq, hakimiyyətyönümlü partiyalarla müxalif partiyaların maliyyə resurslarına görə perspektivdə qeyri-bərabər vəziyyətə salmaq, dövlət büdcəsindən yalnız hakim partiyanın və onun yandaşlarının maliyyələşdirilməsi məqsədi güdür.
Partiyalar bu qanunun qəbulunun Azərbaycandakı ictimai-siyasi vəziyyətin daha da gərginləşməsinə, Azərbaycanın Avropaya inteqtrasisiyasından uzaqlaşmasına, insan hüquq və azadlıqlarının pozulmasına geniş imkanlar açdığna görə qətiyyətlə pisləyir, qanunun bu şəkildə qəbul edilməsini yolverilməz hesab edir.
Bəyanat müəllifləri demokratik institutlardan, xüsusilə Azərbaycanın qarşısında öhdəliyi olan və ya Azərbaycanla əməkdaşlıq edən ATƏT, AŞ və AB-dən siyasi plüralizminn qarşısının alınmasına yönələn bu qanunun qəbul edilməsinə birmənalı mövqe nümayiş etdirməsini gözlədiklərini bildirirlər.