Daha günah işlərə yaxın düşməyin ki, Allah-Təala əhdindən dönənləri tez cəzalandırır
/Aran agentliyi
Daha günah işlərə yaxın düşməyin ki, Allah Təala əhdindən dönənləri tez cəzalandırır.
İmam Əli (ə.s): “Hər kəs dilinin altında gizlənib, danışdıqdan sonra kimliyi məlum olar.”
Bismillahir-Rəhmanir-Rəhim!
Hörmətli oxucular! Təsadüfən, 2012-ci il mart atının 29-da mənə “sovqat” gətiriləndə qəzetlərin birisi, “Gündəlik Bakı” dərgisi çıxdı (51-ci sayı). Mənim zənnimcə “Gündəm” xəbərlə dəyişik düşüb. Və mütaliə edərkən həmin qəzetin bir neçə məqalə və xəbərlərindən aydın oldu ki, məlum dərgi iqtidar yönümlü olmaqla, Milli Təhlükəsizliyin diqtəsi, “xeyir dua”-sı ilə nəşr olunur.
Xaçmazda baş verən intihar hadisəsinə münasibət dediklərimi təsdiqləsə də sonrakı məqalələr, yəni Ziya Məmmədovun bostanına “daş atma”, Füzuli Ələkbərovun nazirliyinin olayı və toxunacağım “siyasət” səhifəsindəki sərsəmləmə və ilaxır da dediklərimi təsdiqləyir. Bir də Mossadın tövsiyələrini də bura əlavə etsək qəzeti maliyələşdirən aliqarx nazirin Kəmaləddin Heydərov olduğu qənaətinə gəlmək olar. Keçək mətləbə.
“Könlümüzə düşən kabab…” künc yazısı-sarsaqlaması, çərənləməsi ilə Elnarə xanımın nə istəməsi mənə qaranlıq qaldı. Əgər, kimsə bu cızma-qaradan bir şey anlasa, xahiş edirəm məni də nəzərə alsın.
Qaldı dərginin elə 4-cü səhifəsindəki “Azərbaycanı satanlar və satılanlar” başlıqlı sərsəmləmə (yazar: Çinarə Vüqar). Məqaləni oxuyan hər bir oxucu bu xanımın, qızın, zənənin hansı əxlaq-ədəbə malik olduğunu açıq-aşkar görər.
İndi keçək digər çərənləmələrə. Əvvələn bildirim ki, bu yazıya baş qoşmaq istəmirdim (yazarın xanım olması və sarsaqlamalar da sifarişli olmaqla “ağ şalvara qara yamaq” kimi görsənməsinə görə). Lakin, burada xanım Leyla Yunusa qarşı “qara piar” , Əli Kərimliyə hörmətsizlik, şəxsən biz dindarların müdafiəsinə qalxdıqları üçün tənqidə məruz qaldıqlarından vicdan və əqidəm susmamağı məndən tələb etdi deyə toxunulmuş məsələlərə aydınıq gətirməyi özümə borc bildim. Belə ki, xanım Leyla Yunusa qarşı səslənən böhtan, yalan, iftira ittihamlar təhlükəsizlik xidmət orqanlarının diktəsi ilə olduğu tam çılpaqlığı ilə görsənmədədir. Çinarə yazarın toxunduğu cinayət xarakterli olaylar və orada adı çəkilən xarici (erməni, rus, Amerika) xüsusi xidmət orqanlarının əməkdaşları barəsində ancaq ölkənin xüsusi xidmət, əks kəşfiyyat orqanlarından bu adları götürmək mümkündür. Burda mənim Leyla xanıma hansısa məsləhət, tövsiyə vermək fikrim yoxdu. Lakin, bircə şeyi bildirmək istəyirəm ki, həm iqtidar, həm bəzi xarici ölkələrin rəhbərlərinə Leyla xanımın tutduğu yol, mövqe sərfəli olmamaqla, Çinarənin göstərdiyi olaylar həqiqət olsa idi çoxdan “susdurulardı” radikal insan hüquq və azadlıqları müdafiəçisi. Daha onu “zərər”-sizləşdirmək üçün evini, ofisini yerlə yeksan eləyib, dünyada qınanılmazdılar. Deməli hakimiyyət Çinarə kimi çərənləməçilərdən “qara piar” kimi istifadə etməklə cəmiyyəti, ictimaiyyəti azdirmaq qənaətindədir. Özü də bir sərsəmləmə, cızma-qara ilə üç hədəf; həm Leyla Yunus, həm ictimai palatada sayılıb seçilən Liderlər, həm də “siyasi dustaq” məsələsi. Bəli, “siyasi dustaq” məsələsi bu gun Eurovision ərəfəsində dünyada ən çox diqqət yetirilən, səsküylü olmaqla, Avropa, Asiya və eləcə də Rusiya, Amerika, Türkiyə, İran ölkələrinin yüksək ranqlıları və cəmiyyətləri tərəfindən Azərbaycandakı iqtidar yetkililərinə və şəxsən ölkə rəhbərinə tövsiyə verməklə, həm də təpki göstərmədədirlər. Qaldı ki, Çinarənin; (Ona xanım deməyə adamın nə isə dili gəlmir. Bəlkəm də şeytanın özüdür. Ondan Mossad təxribatçı kimi istifadə edə bilərdi, nə ki, belə sarsaqlama yazdırmaq lazım idi.)
“Leyla Yunus deyir ki, 2012-ci ilin əvvəlində onun hesablamalarına görə, guya Azərbaycanda <<63 siyasi məhbus>> var və onların cinayətləri sübuta yetirilməyib. İndi deyən gərəkdir, günahkar ola-ola həbs olunanlar tumanlarını başına çəkib, çığırlar (məntiqsiz, mənasız söz yığını). Necə olur ki, günahsız 63 nəfərin səsi gəlmir. Leyla Yunus gah <<qondarma hicab>> məsələsinə başını soxar, gah da müxalifətin <<qoruyucu mələyi>> olur…” Vallah bu yazarmı deyim, təxribatçımı deyim və ya şeytanmı deyim, Çinarənin sayıqlamasından bir şey başa düşmədim. Bircə “…necə olur ki, günahsız 63 nəfərin səsi gəlmir…” deyimin başa düşdüm və elə ona da fikrimi bildirməyi borc bildim.l
-Çinarə Vüqar, ya sizin bu iki ildə qəzetləri, saytları izləməyə vaxtınız olmayıb (Bəlkəm də bu dövrlərdə hansısa xarici ölkələrin birinə təxribat üsullarını öyrənmək üçün getmisiniz) , ya da sizə həkimə müraciət etmək lazımdır ki, yediyiniz haramlar vicdanınızı, qəlbinizi ləkələyib. Gözünüzə və qulağınıza da xətər yetirib ki, həqiqəti dərk etmir, görmür, eşitmir, nəticədə ağzınızdan çirkab daşmaqdadır.Bütün dünya dindarların;- istər 2010-cu ilin “Xocalı Soyqırımı” ərəfəsində şəhidlər xiyabanına gedən dindarların vəhşicəsinə döyülərək 5 nəfərə üst-üstə 20 ildən çox həbs qəti imkan tədbiri seçilməsi, istərsə 7 mömin mütəddəyin ruhani alim və dindarların İlham Əliyev hakimiyyətini Yezid hakimiyyəti adlandıraraq dini inanclıların hüquqlarının tapdalanması, istər məscidlərə olan mənfi münasibət, istər hicaba qadağa, istərsə korrupsiya və rüşvətxorluğun tüğyanı, məmur özbaşınalığı və digər insanlığa yaraşmayan hərəkətlərə etiraz edərək bəyanatla çıxışlarına cavab olaraq uzun müddətli həbsləri, may ayında hicaba qadağaya və eləcə də həbs olunan möminlərin azad edilməsini tələb edən minlərlə mitinq iştirakçıları olan dindar topluma qarşı vəhşilik və sonda 15 dindarın həbsi və sonradan bir neçə ruhani alimin və dindarların həbsi geniş ictimaiyyət tərəfindən bu dindar toplumun günahsızlığı bildirilərək heç bir şərtsiz filansız azad edilməsini tələb etmələri, hətta ölkə başçısına 130.000 imzalı (özü də dindar qız-gəlin, ana-ata, qardaş-oğul tərəfindən) müraciəti heç bir günahı olmayan dindarların azadlığa buraxılmasına çağırış və eləcə də ziyalı elitanın, insan hüquq və azadlıqları institutu, təşkilat və birliklərin rəhbərləri, ayrı-ayrı ölkələrdəki nümayəndələr və geniş dünya ictimaiyyətinin etiraz bəyanatları. Lakin, siz eşitmə əzanızın nasazlığı ucbatından belə çərənləmədəsiniz. Bir də, mən Kürdəxanı isintaq təcridxanasında rastlaşdığım aprel (2011-ci il) ayında həbs olunan müsəlman azadlıq mücahidləri, fədailərinin əksəriyyəti ilə dərdi-dil etmiş, yaxından tanış olmuşam. Mətbuatdan da məlum olduğu kimi, onların hansısa polisə, məmura qarşı güc işlətməsi, haranısa sındırıb dağıtması və eləcə də hansısa başıpozuqluq halları qeyri-mümkün olmaqla, məhkəmə prosesi zamanı da günahsızlıqları tam oldu. Mən özüm həm rayonda, həm də Bakıda keçirilən çoxlu mitinq və piketlərdə iştirak edənəm. Təxribati hərəkətlər qorxaqlar tərəfindən baş verir. Və odur ki, hər hansı etiraz aksiyasını gözdən salmaq, başıpozuqluq yaranması üçün qorxaq iqtidar təxribati dəstədən yararlanıb və bunlardan belə hərəkətlər gözləniləndir. Və həmçinin bir neçə yazar və müxbirlər həbs olunub ki, onların bir neçəsi ilə də rastlaşmışam. Əvəz Zeynallı, Anar Bayramlı, dindar şəxslərdir. Hesabatları Allahu-Təalayadır. Və həmçinin igid, qorxmaz olmaqla ədalətsizliyə qarşı olublar. Və mən belə bilirəm bundan sonra da öz əqidələrindən dönməyəcəklər. Qaldı Nemət Pənahlı. Belələrini yüz ildə xalqımız tək-tək yetişdirir. Xalqın deyən dili, əlidirlər. Sizin kimi pula-mala satılanlar, haramxorlar sadaladığım şəxsiyyətləri başa düşmək qüdrətində deyilsiniz. Çünki, belə igidlər, möminlər, haqq mücahidləri, yazarlar, hüquq mudafiəçiləri, ziyalı elita və günahsız həbs olunanların müdafiəsinə qalxan hər bir dünya ictimaiyyəti nümayəndələri və eləcə də ölkəmizdəkilər bir məqsəd, bir amal uğrunda mübarizə aparmış, aparır və dünya durduqca bu belə də olacaq. Bu məqsəd, məram azadəlik, hürriyət və həqiqi demokratiyadır. Məktəb İmam Hüseyn (ə.s) məktəbidir.Nemət Pənahlı 1988-ci ildə Azadlıq meydanında SSRİ kimi qüdrətli bir rejimdən çəkinməyərək milyonlarla Azərbaycan vətəndaşlarının haqq səsini yüksək tribunadan dünyaya yayan şəxsiyyətdir. Lakin, həbs olunandan sonra onun və digər haqq, ədalət uğrunda mübarizə aparanların və hüquq müdafiəçilərinin ailə üzvlərini yoluxanlar dərhal geri çəkilərək mühafizəkarlıqları başa düşüləndir. Leyla Yunus, Əli Kərimli, İlqar İbrahimoğlu, Rafiq Əliyev, Eldəniz Quliyev, Eynulla Fətullayev, kimi ziyalılar və insan hüquq və azadlıqlarının müdafiəçiləri, Anar Qasımlı, Məhəmmədgül Məmmədov, Vəfa xanım, Arzu Abdullayeva, Səidə Qocamanlı və adların çəkmədiyim yüzlərlə, minlərlə ədalət tələb edənlər, vəhşiliyə, qeyri insani hərəkətlərə, rüşvətə, korrupsiyaya yox deyənlər də çətin vaxtlarında, xalqın, ictimaiyyətin dəstəyinə ehtiyac duyduqda ən ümdəsi yaxın qohum-əqrəbalarından biganəlik görə bilərlər. Lakin, bu vaxt vicdanı təmiz, hesabı Allah Təalaya olan əqidədaşları tərəfindən dəstəklənəcək və mənən rahatlıq tapacaqlar. Necə ki, biz, başda Nemət Pənahlı, Doktor Hacı Möhsüm Səmədov, Hacı Fəramiz ağa Abbasov, Anar Bayramlı, Əvəz Zeynallı və digər adları qəlbimdə yer alan, özləri də zikrimdə olan dindaşlar, əqidədaşlar, mücahid qardaşlar Azərbaycan diyarının qeyrətli kişiləri ki, həbsdədirlər, özü də siyasi əqidələrinə görə təqib olunmuşuq. Dünyada və eləcə də Azərbaycanımızda bizə mənəvi dayaq olanların himayəsini hiss edirik.
Bir də, onu da yerinə düşdüyü üçün bildirmək istəyirəm ki, bu yol ki, tutulub, sadaladığım və yaddaşımda olan şəxslər tərəfindən, ölkəni müstəqil görmək burada yaşayanların hər birini özünə yaxın, doğma bilərək gördükləri ədalətsizliyə, aşağılanmalarına, lütləşmələrinə, Allah Təaladan uzaqlaşdırılmalarına, acınacaqlı yaşayış durumlarına və ilaxır çatışmamazlıqlara biganə qalmamaqla sitəmkarlara həddini tanıtdırmaqdır məqsədi.
Qaldı sonda Çinarə Vüqara bir neçə məsləhət verməyi özümə borc bildim.
Birincisi, əgər etiraz səsimi yaxşı eşitmək istəyirsinizsə, aprelin 26-sı biz yeddi nəfər dindarın Apellyasiya şikayətinə baxılacaq, təşrif buyurun, iştirak edin. Giriş sizlər üçün mənim aləmimdə maneəsiz olacaq. Buna kimi Bakı ağır cinayətlər məhkəməsində Avropa birliyi, ATƏT, ayrı-ayrı qəzet yazarları və digərləri prosesi izləmiş və az da olsa proses işıqlandırılmışdır mətbuatda, internet saytlarında.
Lakin, bir məsləhətimə də təşrif buyurmamışdan əvvəl əməl edin. Əvvəlan tap gör hardan halal əldə edəcəksən, o pulla ərzaq al, əyin başını dəyiş, qüsl ver dəstəmaz al, namaz qıl və heç olmasa məhkəmə prosesinə kimi bir neçə gün qəza niyyəti ilə oruc tut ki, qaralmış qəlbiniz bir qədər təmizlənsin, nasaz əzalarınızdakı müəyyən çatışmamazlıqlar az da olsa yaxşılaşsın ki, həqiqətləri görüb-eşidib, dərk edə biləsiniz. Və tövbə etməniz də vacibdir. “Allah Təala tövbələri qəbul edən, günahları bağışlayandır. O rəhm edən və peşman olanları mükafatlandırandır.” Qurani Kərimdən bir neçə ayəni də sizə çatdırdım ki, qiyamət günündə sizin bəhanəniz olmayacaq. Mən də boynuma düşən Firiuddinin iki bəndinə, “əmr be məruf” və “ nəhy əz münkər”-ə əməl etmiş oldum.
Və bir də yaddan çıxarmayın, daha günah işlərə yaxın düşməyin ki, Allah Təala əhdindən dönənləri tez cəzalandırır. Vəssəlam.
Sizlərə dərin hörmətlə: Siyasi məhbus Axundzadə Ruhullah Höccətullah oğlu