Tarix : 2012 Apr 21
Kod 29840

Levon Ter-Petrosyan: Ermənistanı 1 milyon nəfər tərk edib

Azərbaycanı isə 3 milyon nəfər tərk edib...
/Aran agentliyi

Levon Ter-Petrosyan: “Ermənistanın hazırkı hakimiyyəti öz ölkəsinə qarşı genosid həyata keçirir

Ermənistanda Koçaryan-Sarkisyan rejiminin hakimiyyəti nəticəsində 1 milyon nəfər ölkəni tərk edib.

Bu göstəricini yalnız Osmanlı Türkiyəsində ermənilərə qarşı aparılan soyqırımı və deportasiya ilə müqayisədə etmək olar”. APA-nın «Armenia Today» agentliyinə istinadən verdiyi məlumata görə, bunu ötən gün İrəvanda keçirilən mitinqdə Erməni Milli Konqresinin (EMK) lideri, eks-prezident Levon Ter-Petrosyan bəyan edib.

«Dünyadan erməni soyqırımının tanımasını istəyən şəxslər öz ölkələrində oxşar soyqırımı aparırlar. Özü də bunu mən deyil, Serj Sarkisyan tərəfindən səfir təyin olunan Şarl Aznavur söyləyir», - deyə Ermənistanın ilk prezidenti vurğulayıb.

Hazırkı hakimiyyətin fəaliyyətinin neqativ nəticəsi kimi o, ölkədə korrupsiyanın geniş yayılması faktını da qeyd edib. Onun sözlərinə görə, Ermənistanda aparılmış müxtəlif beynəlxalq araşdırmaların nəticələrinə əsasən, hazırda ölkədə «kölgə iqtisadiyyatının» səviyyəsi real iqtisadiyyatın 2/3-nə bərabərdir: “Yəni, faktiki olaraq gəlirlərin yalnız 1/3-i büdcəyə daxil olur, qalan hissəsi isə ciblərə qoyulur”. Ter-Petrosyan vurğulayıb ki, bu vəsaitlər də dövlət büdcəsinə daxil edilsəydi, pensiya və müavinətləri iki dəfə, hərbi və elmi xərcləri, habelə əmək haqlarını üç dəfə artırmaq mümkün olardı. «Öz ölkəsini talan edən bu insanlar Azərbaycana qalib gəlmək istəyirlər?», - deyə Ter-Petrosyan vurğulayıb.

Sabiq dövlət başçısı xüsusilə qeyd edib ki, polis və məhkəmələr bilavasitə cinayətkar şəxslərlə sövdələşməyə gedir və şikayətlə müraciət edən şəxsi günahkar çıxarır. Bununla yanaşı, ordu sıralarında qulluq edən əsgərlərə işgəncələr verilir, onlar döyülür, öldürülür və intihar həddinə çatdırılırlar.

L. Ter-Petrosyan çıxışında Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəli sürülən beynəlxalq təklifləri də tənqid edib (Madrid prinsipləri) və EMK-nın onların əhəmiyyətli şəkildə dəyişdirilməsinə çalışacağını vurğulayıb. Onun fikrincə, bu, sadəcə Dağlıq Qarabağın Azərbaycana qaytarılmasına pərdə çəkən «diplomatik tələdir»: «Təklif olunan prinsiplərdə Dağlıq Qarabağın öz müqəddəratını təyinetməsi üçün təşkil olunacaq referendumun kimin tərəfindən keçiriləcəyi və kimin burada iştirak edəcəyi göstərilməlidir. Bu suallara cavab tapılmasa, bu referendum erməni xalqının aldadılması üçün qurulan tələdən başqa bir şey deyil».

P.S. Əliyevlərin uğurlu siyasəti nəticəsində isə, 3 milyon nəfər ölkəni tərk ediblər. Onlar Azərbaycanı ermənilərlə müqayisə etdikdə qürur hissi keçirirlər. Biz bu sahədə də onlardan öndəyik. İstəyirsiniz adını genosid qoyun, ya da...

Apa

  • Yazılıb
  • da (də) 2012 Apr 21