Tarix : 2012 Apr 23
Kod 29875

Həbsdə olan dindarlardan ən son xəbərlər

Anar Qasımlı son durum haqqında məlumat verib
/Aran agentliyi

 

İranın "Səhər" telekanalının Azərbaycandakı müxbiri Anar Bayramlının istintaq bitib. Bu barədə məhbusun vəkili Anar Qasımlı məlumat verib. Vəkil bildirib ki, ekspertiza keçirilib və Anar Bayramlı da narkoman çıxmayıb. A. Qasımlının sözlərinə görə jurnalist haqqında toplanmış iş materialları yaxın vaxtlarda məhkəməyə göndəriləcək.

Xatırladaq ki, Anar Bayramlı fevral ayının 17-sində Binəqədi rayon polisləri tərəfindən saxlanılmış və onun üzərindən 0.00387 qram narkotik maddə "götürülmüşdür". Jurnalistə qarşı cinayət məcəlləsinin 234.1 maddəsi ilə ittiham irəli sürülüb.

Aprel ayının 26-da AİP üzvləri və ruhanilərin apellyasiya məhkəməsinə gəlincə isə Anar Qasımlı bu prosesdən sonra hüquqi müstəvidə atılacaq addımlardan danışdı: “Əgər bu dəfə də apellyasiya məhkəməsi ədalətli qərar çıxartmazsa Ali məhkəməyə müraciət olunacaq. Ən son hədd isə Avropa məhkəməsidir ki, ora qədər gedib çıxmağı qarşımıza məqsəd qoymuşuq. Ümid edirik ki, sonda ədalət öz yerini tapacaq.”

Xatırladaq ki, 2011-ci il oktyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədovun 12 il, partiyanın Astara rayon təşkilatının sədri Rufulla Axundzadənin 11 il 6 ay, partiyanın sədr müavini Vaqif Abdullayevin 11 il, Masallı ruhanisi Fəramiz Abbasovun 11 il, Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayev, əmisi oğlu Dəyanət Səmədovun isə hər birinin 10 il müddətinə həbs verilməsinə dair hökm çıxarıb.

İlahiyyatçı alim Zülfüqar Mikayılzadə 5 il sınaq müddəti tətbiq olunmaqla 11 il şərti həbs cəzasına məhkum olunub.

Onlar Cinayət Məcəlləsinin 214.2.1 (Qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq); 214.2.3 (Odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq); 228.3 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə); 278-ci (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri ilə təqsirli biliniblər.

Rufulla Axundzadə Cinayət Məcəlləsinin 283.1-ci (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddəsi ilə də təqsirli bilinib. Məhkum olunmuş islamçılar Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellyasiya şikayəti veriblər.

Vəkil Anar Qasımlı ruhani hacı Abgül Süleymanovun məhkəməsi ilə bağlı hələ bir məlumatın olmadığını deyib.

 

 

  • Yazılıb
  • da (də) 2012 Apr 23