/Aran agentliyi
Zülmün edildiyi ilk dövrdən zülmlə razılaşmayan insanlara 2 seçim verilir. Şəhadət və zindan. Zalımın zülmünə dözə bilməyən insanların bu iki seçimdən başqa seçimi yoxdur. Susmaqla zülmə şərik olmaq isə daha pisdir.
Bu yaxınlarda zindandakı hicab məhbuslarını və “İslamazeri.az”-ın baş redaktoru Ramin Bayramovu ziyarətə getdim.
Həbs olunan dindarların ruhiyyəsi çox yüksəkdi. Hərdən yaxşı mənada həsəd belə aparıram. Yüzlərlə dindarın içindən seçilmişləri görmək necə də gözəldir.
Həbsxananın ağsaqqalı isə Bülbülə məscidinin axundu Hacı Məsim Novruzov. Soruşdum ki, Hacı necədi “içəri”? Dedi ki, Allaha yaxınlaşmaq üçün bundan yaxşı məkan yoxdur. Şükürlər olsun Allaha ki, mənə də qismət oldu. Bura dünyadan azad olmaq üçün çox əlverişlidir. Siz elə güman etmiyin ki, biz həbs olunmuşuq. Əksinə biz azad olmuşuq. Heç bir zaman keçirmədiyim hissləri burda keçirirəm. Buna görə də Allaha şükr edirəm.
Hacı dua et bizdə sizin kimi azad olaq.
İslamazeri.az-ın baş redaktoru Hacı Raminlə də həmsöhbət oldum. Deyir ki, bura insana şərait yaradır ki, bütün həyatı boyu düşünmədiklərini düşünsün. Həmd olsun Allaha ki, buranı bizə qismət etdi. İnşallah azadlığa çıxandan sonra yenidən fəaliyyətimi davam etdirəcəm. İçəridə keçirtdiyim hissləri qələmə alacam.
Ötən il 6 mayda “Hicaba azadlıq” aksiyasında həbs olunan ilahiyyatçı Hacı Tale Bağırovda orda idi. Hacı özü də zindanda olmasına görə Allaha şükür edir. Söhbətimiz zamanı dedi ki, Həzrəti Yusif günahla üz-üzə qalanda zindanı seçdi. Şükürlər olsun Allaha ki, biz də zülm ilə üz-üzə qalanda zindanı seçdik. 1 il, 5 il, 50 il fərq etməz. Həmd olsun seçimimiz də yanılmamışıq, bundan peşmanda deyilik. Əlimizə götürdüyümüz bayrağı hələ də aparırıq və nə qədərdə zülm var sükut etməyəcəyik. Həyatda olmaq özü-özlüyündə həbsdə olmaq kimidir. Mövlamız həzrəti Əli buyururdu ki, “çiyinlərinizdəki yükü atın, azad olun”. Bura yüklərdən azad olmaq üçün ən böyük şansdır. Həm də insanı səbrli edir. İmam Əliyyən Nəqinində (ə) dediyi kimi: “Bu çətinlikdən mənə bir zərər dəyməz”. Hacı Tale, Xanım Zəhranın (s. ə.) şəhadəti münasibəti ilə başda ağamız İmam Mehdi (ə. f.) olmaqla bütün müsəlmanlara başsağlığı verdi.
Digər inanclı məhbuslarla da görüşdüm. Onlarında ruhiyyəsi yüksəkdir. Çox rahat və gümrah idilər. Vicdanları da çox rahat idi. Bu gümrahlığı onların simasına baxanda da hiss etmək olurdu, onları dinləyəndə də. Onlar üzərilərinə düşən vəzifələri yerinə yetirdiklərinə görə xoşbəxtdilər. Görəsən biz nə dərəcədə xoşbəxtik. Axı hələ də hicab problemi həll edilməyib. Çox təəsüf ki, hamı xoşbəxt ola bilmir, hamı zindana düşüb hamı şəhid ola bilmir.
Allah bütün qardaşların qapısını açsın.