Sumqayıtda social problemlərdən narazı qalan qadınlar şəhər avtovağzalının yaxınlığında yolu kəsərək etiraz aksiyası keçiriblər
/Aran agentliyi
Sumqayıtda social problemlərdən narazı qalan qadınlar şəhər avtovağzalının yaxınlığında yolu kəsərək etiraz aksiyası keçiriblər.
Sumqayıtın 15-ci məhəlləsindəki uçmaq təhlükəsində olan 7 saylı yataqxananın sakinləri olan qadınlar yolu kəsərək “Eldar Əzizova istefa!”, “Biz Eurovision istəmirik!" şüarları səsləndirdi.
Sumqayıtda qəza vəziyyətində olan yataqxananın sakinləri tələıb ediblər ki, Eurovision mahnı müsabiqəsinə rəqəmləri saya gəlməyən vəsaitlə “Kristal Hall” tikintisinin yerinə Azərbaycan Respublikasında qəza vəziyyətində olan binalar təzələnsin ki, xalqın həyatı təhlükəyə düşməsin.
Hadisə yerinə dərhal 20-dək polis qüvvəsi gəlib. Polislər qadınları yoldan zorla itələyib çıxarıblar. Yolda dayanan sürücülərə isə əmr ediblər ki, maşını qadınların üstünə sürsünlər. Polis zorakılığından sonra qadınlar yolun kənarına keçiblər.
Qəza vəziyyətində olan binanın sakini Tənzilə Nuriyeva bildirib ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları binaya baxış keçirib, təsdiqləyib ki, burada yaşamaq olmaz.
O deyib : “FHN-dən gələnlər dedilər ki, doğrudan da bina qəzalı vəziyyətdədir. Hətta FHN-çilər də qorxudan yuxarı çıxmaq istəmirdi ki, birdən bina ucar. Dedilər ki, burada yaşamaq olmaz.
Sakinlər deyiblər ki, ”Eurovision"a gələn jurnalistləri bura dəvət edəcəyik. Qoy gəlib görsünlər ki, azərbaycanlılar nə vəziyyətdə yaşayır".