Tarix : 2012 Apr 25
Kod 29935

Ermənistanın gizli silah alveri ifşa olunub

Düşmən ölkə məxfi şəkildə Moldovadan qırıcılar almaq istəyib
/Aran agentliyi

Ötən il Bakı ilə Kişinyov arasında gərginliyə və qalmaqala səbəb olmuş silah alverinin istintaqı yeni fakt üzə çıxarıb, şübhəli Latviya şirkəti təyyarələri cəmi 3 milyon dollara əldə etməyə çalışıb

Ötən il Moldovadan Ermənistana milyonlarla dollar dəyərində hücum silahları sataraq, beynəlxalq qalmaqala səbəb olan şübhəli Latviya şirkətinin yeni gizli sövdələşməsinin üstü açılıb. “Kompromat.lv” saytının və digər internet mənbələrinin xəbərinə görə, Latviyada qeydiyyatdan keçmiş “Latspeceksports” şirkəti Moldovadan həmin silahlarla yanaşı, 6 "MiQ-29" qırıcı-bombardmançı təyyarəsi də almaq istəyib. Həmin təyyarələrin də Ermənistan üçün nəzərdə tutulduğu bildirilir.

Bununla belə, istintaq təyyarələrin təyinatı ilə bağlı araşdırmanın hələ davam etdiyini deyir. Saytın Latviya telekanallarından birinə istinadən yazdığına görə, şirkətin təyyarələr almaq üçün gizli sövdələşməsi Ermənistana satılan silahlarla bağlı qaldırılmış cinayət işinin istintaqında üzə çıxıb. Xatırladaq ki, ötən il Moldovanın paytaxtı Kişinyov yaxınlığındakı hərbi bazadan havaya qalxan, Ermənistan şirkətinə aid olan "İL-76" təyyarəsinin 60 ton silah-sursatı naməlum istiqamətə apardığı mətbuata məlum olub. Daha sonra üzə çıxıb ki, təyyarə yükü sənədlərdə göstərilmədiyi halda İrəvana aparıb. Faktın üzə çıxması Moldovada ciddi qalmaqala səbəb olub. Məlum olub ki, Moldova hökumətinin razılığı ilə bu ölkənin Müdafiə Nazirliyi Ermənistana milyonlarla dollar dəyərində silah və hərbi texnika satmaq barədə məxfi razılaşma imzalayıb.

Sənədlərdə Ermənistana satılan silahların Moldovanın Müdafiə Nazirliyi tərəfindən guya istismardan çıxarılmış “metallom” olduğu göstərilib. Şübhə doğurmamaq üçün müqavilədə silahların dəyəri dəfələrlə az göstərilib. Lakin məlum olub ki, Ermənistana satılanlar hücum təyinatlı “Kobra” raket sistemləri, “Konkurs-M” raket kompleksləri, tank əleyhinə sistemlər və artilleriya qurğuları, habelə çoxlu miqdarda mərmi və sursatdır. Həmin silahların Qarabağa ötürüldüyü barədə məlumatlar var.

Bildirilir ki, ötən il Latviya şirkətinin Moldova silahlarını Ermənistana ötürməsi rəsmi Bakının kəskin reaksiyalarına səbəb olub. Azərbaycan tərəfi bu məsələ ilə bağlı Moldova ilə yanaşı, Latviyadan da izahat tələb edib. Latviya XİN bildirib ki, bu ölkənin Ermənistana silah satılmasında heç bir rolu yoxdur və “Latspeceksports” qanunsuz sövdələşməyə gedib. Bu ölkədə də silah qalmaqalı ilə bağlı cinayət işi başlanıb. İstintaq zamanı məlum olub ki, həmin firma faktiki olaraq qeyri-leqal fəaliyyət göstərib, çünki Latviyanın Müdafiə Nazirliyinin müvafiq beynəlxalq silah alqı-satqısı ilə bağlı lisenziyasına malik olmayıb. Bunu bildiyi halda Moldovanın müdafiə naziri Vitali Marinutsa həmin firma ilə müqavilə bağlayıb. Hazırda araşdırma davam edir və “Latspeceksports”un hər hansı idxal-ixrac əməliyyatı ilə məşğul olması qadağan edilib. Latviya hüquq-mühafizə orqanları müəyyən edib ki, firma Moldovadan 6 "MiQ-29" qırıcı-bombardmançısını cəmi 3 milyon dollara almaq istəyib.

Bu təyyarələrin birinin bazar qiyməti 20 milyon dollardan yuxarıdır, ona görə də sövdələşmədə əksini tapan rəqəmin diqqət çəkməmək üçün aşağı göstərildiyi təxmin edilir. Moldova bundan əvvəl bir neçə dəfə öz hərbi-hava qüvvələrinin sərəncamında olan "MiQ-29" təyyarələrini satışa çıxarıb, ancaq müştəri tapılmayıb. Qeyd edək ki, Ermənistanın Hərbi Hava Qüvvələri Azərbaycanla müqayisə edilməyəcək dərəcədə zəifdir. Azərbaycan son illər öz hərbi hava qüvvələrini davamlı olaraq gücləndirir, onun arsenalına onlarla yeni təyyarə daxil edir. Azərbaycanın hava qüvvələrinin əsas arsenalı hazırda modernləşdirilmiş "MiQ-29" qırıcı-bombardmançılarından ibarətdir. Onlar əsasən, Ukraynadan alınıb və modernləşdirilib. Beynəlxalq hərbi araşdırma mərkəzlərinin hesabatlarına əsasən, Ermənistan hava qüvvələrinin sərəncamında "MiQ-29" yoxdur. Bu baxımdan hesab edilir ki, Ermənistan Moldovadan ucuz qiymətə bir neçə belə köhnə təyyarə alaraq Azərbaycanla qüvvələr balansını hansısa formada saxlamağa çalışıb. Ancaq sövdələşmə baş tutmayıb. Rəsmi Bakı ötən il Ermənistana satılan silahlarla bağlı Moldovaya kəskin etiraz bildirdi. Moldova hökuməti qalmaqalın böyüdüyünü görərək Azərbaycan kimi mühüm əhəmiyyətə malik ölkə ilə münasibətlərinin korlanmasının qarşısını almağa çalışdı. Müdafiə Nazirliyinin rəhbərliyindəki şəxslər cəzalandırıldı, rəsmən bildirildi ki, bundan sonra Moldova Ermənistana heç bir silah satmayacaq.

Musavat

  • Yazılıb
  • da (də) 2012 Apr 25