Tarix : 2012 Apr 25
Kod 29944

Fatimeyi-Zəhra (s) susmadı

/Aran agentliyi

Həzrət Fatimeyi-Zəhranın (salamullahi ələyha) mənəvi məqamı və şəxsiyyəti haqqında kifayət qədər kitablar yazılmış və çoxlu açıqlamalar verilmişdir. Amma, bütün yazılmış kitablardan əlavə, min dəfə artıqlaması ilə yenə də kitablar yazsalar və sözlər danışsalar yenə də həzrət Zəhranın (salamullahi ələyha) okean qədər geniş mənəvi məqam və şəxsiyyətinin bir damlasını belə açıqlanmasından başqa bir şey əldə etmək olmaz. (Misbah Yəzdi, Məhəmməd Təqi, Kövsər zülalından bir cam, səh.21). Məqaləmizdə, bu mövzuda acizliyimizi etraf etməklə yanaşı dəryadan bir damlanın açıqlanması ünvanı ilə bəzi məqamlara toxunuruq.
Həzrət Fatimeyi-Zəhranın (salamullahi ələyha) mərifət səmasında bəşərin ən dərin mütəfəkkirləri və əql sahibləri hər nə qədər araşdırmalar aparsalar da bu vadidə heyran qalıblar. Ona görə də belə bir mərifət dəryasının kənarına getməkdən ötrü məsum İmamların (əleyhimussalam) hədislərinə müraciət etmək lazımdır. Pak və məsum İmamlardan (əleyhimussalam) çatan səhih rəvayətlərə əsasən, Qədr gecəsinin həqiqəti Fatimeyi-Zəhranın (salamullahi ələyha) pak məqamına aiddir. Çünki, Qədr gecəsi, Quranın nazil olan məkanıdır. Amma, Fatimeyi-Zahra (salamullahi ələyha) on bir natiqi Quranın yəni, Kamil insanların, pak və məsum İmamların (əleyhimussalam) bu dünyaya gəlib həyat sürmələrinin vasitəsi və məkanıdır. (Misbah Yəzdi, Məhəmməd Təqi, Kövsər zülalından bir cam, səh.17)
Həzrət Siddiqeyi-Kubranın (salamullahi ələyha) mənəvi məqamı o qədər ucadır ki, onun razılığı və qəzəbi atası İslam Peyğəmbərinin (salamullahi ələyhi və alihi və səlləm) qəzəb və razılıq meyarı həmçinin, Allahın qəzəb və razılığına səbəb olandır. Belə ki, İslam Peyğəmbərindən (səlləllhu ələyhi və alihi və səlləm) səhih hədis var ki, buyrur:"Fatimeyi-Zəhra mənim qəlbimin bir parçasıdır. Hər kəs onu sevindirsə sanki, məni sevindirib. Hər kəs məni sevindirsə sanki, Allahı sevindirib. Hər kəs ona əziyyət versə sanki, mənə əzəiyyət verib. Hər kəs mənə əziyyət versə sanki, Allaha əziyyət verib. Həmçinin, Fatimə bütün insanlar yanında mənim üçün ən əzizdir." (Şeyx Tusi, Əmali, c.1; səh.24). Digər bir hədisdə İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) buyurur: "Məryəm öz zəmanəsinin qadınlarının sərvəri idi. Amma, qızım Fatimə (salamullahi ələyha) əvvəldən axıra qədər bütün dünya qadınlarının sərvəridir." (Biharul-Ənvar, c.43; səh.24, rəvayət 20) Yenə də başqa bir səhih hədisdə o Həzrətdən oxuyuruq: "Mələklərdən biri mənə nazil oldu və müjdə verdi ki, Fatimə (salamullahi ələyha) bütün Behişt qadınlarının sərvəri və həmçinin, bütün qadınların seyyidəsidir." (Şeyx Tusi, Əmali, c.1; səh.457, Dəlailul-İmamət, səh.8; Ğayətul-Məram, səh.177; Biharul-Ənvar, səh.43; səh.2)
Beləlikə, Həzrət Fatimənin (salamullahi ələyha) bütün dünyada və tarix boyu saleh qadınlara nisbətdə sərvərliyi indi də öz qüvvəsində qalmaqdadır. Bəli, Həzrət Fatimənin (salamullahi ələyha) məqamı, zəmanələrinin sərvərləri, Asiya və Məryəmdən də yüksək dərəcədə üstün olmalarından əlavə, o qadınlar Fatimənin (salamullahi ələyha) dünyaya gələn zaman anası Xədiceyi-Kubranın (salamullahi ələyha) xidmətində də olublar. (Şeyx Tusi, Əmali, c.1; səh.457, Dəlailul-İmamət, səh.8; Ğayətul-Məram, səh.177; Biharul-Ənvar, səh.43; səh.2)
Həzrət Zəhranın (salamullahi ələyha) şəxsiyyət və kəramətindən biri də rifah və yüksək səviyyəli həyat tərzi keçirməyə imkanı olan halda, ən çox qənaət, az sərvət və xalis ibadətlə həyat tərzi sürməsidir. Çünki, O, İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) qızıdır. İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) Mədinənin ən böyük bağı sayılan Fədək bağını ona bağışlamışdı və bu bağın o zaman yaxşı gəliri var idi. (Əl-Kafi, c;1, səh.538; Ənfal və mal, xumsun təfsiri və hüdudu və xums vacib olan şeylər.) Həmçinin, həyat yoldaşı Əmirəl-möminin Əlinin (əleyhissalam) işlədiyi yerdə çox yüksək dərəcədə gəlir və mənfəət ələ gətirmək olardı. Bununla da, Həzrət Əlinin (əleyhissalam) də əlində imkan var idi ki, həm övladları və həm də həyat yoldaşına çox yüksək səviyyəli həyat tərzi hazırlasın. Amma bütün bunlara baxmayaraq, onlar bütün bu gəlirlərini fəqirlərə sərf edir, özləri isə çox çətinlik və ehtiyac içində həyat sürüblər.
Həzrət Fatimənin (salamullahi ələyha) şəxsiyyətinin digər bir cəhəti də onun fədakarlığı və əliaçıqlığıdır. Toy gecəsi gəlinlik paltarını fəqirə hədiyyə verməsi hədislərdə çox məhşurdur. Həmçinin, Quranın "İnsan" surəsində də işarə olunan üç gün dalbadal ehtiyacı olan halda, yeməklərini bir gün miskinə, bir gün yetimə və bir gün də əsirə ehsan etməsi o xanımın şəxsiyyətinin bir guşəsinə işarədir.
Həzrət Zəhranın (salamullahi ələyha) kəramətinin başqa cəhətlərindən biri də onun ibadətidir. Fatimeyi-Zəhranın (salamullahi ələyha) ibadəti kəmiyyət cəhətdən o qədər genişdir ki, həyatının hər anında özünü biruzə verir. Onun rəftarı, danışığı, əməlləri, baxışı, nəfəs alması, gecə-gündüzünün hər anı ibadət hesab olunurdu. (Ehqaqul-Həqq, səh.4; səh.481). O, hər gecə evin işlərini qurtardıqdan və uşaqlar yatdıqdan sonra ibadətə durur və səccadə üzərində o qədər dayanır ki, ayaqları vərəm olur. (Biharul-Ənvar, c.42; səh.117). Fatimeyi-Zəhranın (salamullahi ələyha) ibadəti ixlas cəhətdən o qədər misilsiz idi ki, ibadət zamanı ondan saçan nur, mələklərin heyrət və ləzzətinə səbəb olur. Belə ki, Fatimeyi-Zəhraya (salamullahi ələyha) ibadət zamanı yetmiş min mələk ilahi dərgahdan salam və salavat yollayırlar. (Biharul-Ənvar, c.43; səh.12, rəvayət 6)
Şiələrin iftixarlarından biri də Fatimeyi-Zəhranın (salamullahi ələyha) müshəfidir. Şiələr bu əqidədədirlər ki, bu şərif Kitab, Allah-Taala tərəfindən həzrət Zəhraya (salamullahi ələyha) ilham olunmuşdur.
Həzrət Zəhranın (salamullahi ələyha) həya, iffət və hicabı xüsusi qeyd olunandır. Həzrət Zəhranın (salamaullahi ələyha) həyatında, rəftar və sözlərində örpək, iffət və həya haqqında elə mənzərələrdən xəbərlər verilir ki, bugünkü zəmanəmizin qızları və qadınları üçün ən üstün qadın nümunəsi olmalıdır. Hədislərdə var ki, bir gün İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) Mədinə məscidində səhabələrdən soruşur: "Qadınlar arasında ən yaxşı rəftar və adət hansı rəftar və qanundur? " Heç kəs cavab verə bilmir. Bu arada sualın cavabını özü də bilmədiyi halda, həzrət Zəhradan (salamullahi ələyha) soruşmağa gedən Salmanın vasitəsi ilə belə cavab gəlir: "Qadınlar üçün ən yaxşı əməl budur ki, nə naməhrəm kişilər onu görsün və nə də o naməhrəm kişiləri görsün." (Vəsailuş-Şiə, c.14; səh.43 və 172; Biharul-Ənvar, c.43; səh.54)
Sonda qeyd etmək yerinə düşər ki, həzrət Zəhraya (salamullahi ələyha) iqtida olunmalı ən mühüm və zəruri məqamlardan biri də o xanımın vilayət və imamətdən müdafiə etməsidir. Çünki, O, özünün qısa həyat salnaməsində atası İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) ayrılığından az müddət sonra vilayət və imamətdən ən gözəl şəkildə müdafiəni tarixə yazır. (Kövsər zülalından bir cam, səh.145)
Fatimeyi-Zəhra (salamallahi ələyha) öz zəmanəsinin adamlarını yaxşı tanıyırdı və bilirdi ki, onlar vilayətdən müdafiə qiyamında heç bir hərəkət etməyəcək (bir neçə nəfəri çıxmaqla) və onun sözlərindən ibrət götürməyəcəklər. Amma, gələcək nəsillərə, zəlaləti rüsvay etmək, haqqı və həqiqəti aşkarlayıb, höccəti tamamlamaqdan ötrü vilayətin müdafiəsində təkcə qiyam edir və buyurur: "Amma, mən bilirəm ki, sizlər artıq xarlıq və zillət çəngində qərar tutumusunuz. Kömək etməməyiniz vücudunuzu tutmuş, vəfasızlıq buludu qəlblərinizə kölgə salmışdır. Nə edim ki, qəlbim qan olmuş, şikayət dilimi saxlamaq artıq qüdrətimdən kənardadır." (Kəşfül-Ğümmə, c.1; səh.491; Əl-Ehtitac, səh.102; Dəlailul-İmamət, səh.37)
Fatimeyi-Zahra (salamullahi-ələyha) özünün vilayət qiyamında bir anda olsun batilin ifşa olnuması və hidayətedici yolların göstərilməsi prinsipindən əl çəkmir və tarix boyu bütün müsəlmanlara ibrət olaraq başa salır ki, dinə qarşı olunan mədəni və informasiya hücumlarının müqabilində heç vaxt susmağa və sakit dayanmağa icazə verilmir. Həzrət Zəhra (salamullahi ələyha) İslamda bidət və təhrifin qarşısında sakit dayanmamış, qiyam etmiş, danışmış, ifşa etmiş və aydınlıq gətirmişdir. Çünki, ilahi ilham və həzrət Cəbraildən (əleyhissalam) gətirdiyi xəbərlər vasitəsi ilə gələcəkdən xəbəri var idi və bilirdi ki, bu açıqlamalar indi də təsir etməsə, gələcəkdə lazımı imanlı qəlblərdə qərar tutacaq, imamətin və xilqətdən hədəfin təhəqqüq tapmasında çox mühüm rol oynayacaqdır. (Kövsər zülalından bir cam, səh.149)
 

 

 

 

  • Yazılıb
  • da (də) 2012 Apr 25