Tarix : 2012 Apr 28
Kod 29979

Bölgələrdə vəhhabi təhlükəsi artır

Sakinlər uşaqlarının onların təsiri altına düşəcəyindən narahatdırlar
/Aran agentliyi

Azərbaycanın şimal bölgəsinin ən ucqar rayonlarından biri olan Qusarda nisbi sakitçilik olsa da, bunun davamlı olacağı şübhə altındadır. TİA.AZ bildirir ki, buna səbəb isə bölgədə vəhhabilərin son dövrlər artması və onların aşkar şəkildə təbliğat aparmalarıdır.

Bu barədə verilən məlumatlarda deyilir ki, Qusar rayonunda aktivləşən vəhhabilərin apardıqları təbliğat isə kifayət qədər radikal və təhlükəlidir.

Məlumatlarda deyilir ki, bir qismi Rusiyadan Azərbaycana keçmiş, digər qismi isə Bakıdan gəlmiş bu dini cərəyanın nümayəndələri ölkədə İslam Dövlətinin qurulmasını istəyir və bunun üçün mübarizə apardıqlarını bəyan edirlər. Sakinlər isə bu təhlükəli dini cərəyanın təsiri altına düşən gənclərin gələcəklərindən narahatdırlar. Belə ki, onların təsir dairəsinə düşən gənclər sonradan radikal ünsürlərin tapşırıqlarını yerinə yetirirlər ki, bu da kifayət qədər təhlükəli işlərdən ibarət olur.

Gəncə, Zaqatala və daha bir neçə rayonda həyata keçirilmiş əməliyyatlardan sonra yaranmış vəziyyət isə qusarlıları daha da narahat etməyə başlayıb. Çünki onların bölgəsindən olan insanların bu şəkildə hərəkət etmələri eyni şeylərin digərlərinə də sirayət edə biləcəyi anlamına gəlir. Bunun qarşısını almaq üçün özlərinin yetərli qədər imkanları olmadığını yaxşı anlayan rayon camaatı hökumətin apardığı işlərin də yetərli səviyyədə olmadığını düşünürlər. Onlar hesab edirlər ki, vəhhabilik kifayət qədər ideoloji zəminlər üzərində qurulub və onların təsirinə düşənlərin asanlıqla oradan çıxarılması mümkün deyil.

  • Yazılıb
  • da (də) 2012 Apr 28