Tarix : 2012 Apr 28
Kod 29986

İşğaldan betər

XXI əsrdə də Azərbaycanda məscidlər uçurulur, azana, məktəblərdə hicaba yasaq qoyulub...
/Aran agentliyi

28 aprel işğalının növbəti qara ildönümünü yaşayırıq. Ancaq deyir dərd var, dərdi unutdurar. İşğal da elə. Gerçək bu ki, Azərbaycanın əgər 20 faizi erməni işğalı altındadırsa, yerdə qalanı da YAPtokratik rejimin dözülməz mənəvi basqısı, əsarəti altındadır axı.

Quru müstəqilliyə doğrudan da heç nə düşmür. Dərd bu ki, 92 il öncəki aprel çevrilişinin məmləkətimizə gətirdiyi faciələr, 93-cü ilin Gəncə qiyamının bəxş etdiyi bəlaların yanında artıq kiçik görünür. Bu qiyamın milli yaralar şəklində nəticələri, fəsadları bitmək bilmir, üstəlik ilbəil daha da mürəkkəbləşir, həlli müşküllə çevrilir.

Yağışdan çıxıb yağmura düşüb xalq. Onu həqiqi mənada öz müstəqilliyinə, 20 il öncə apardığı uğurlu milli-azadlıq hərəkatına peşman edib neobolşeviklər. Və sanki bu mübarizəyə qoşulmadıqları, SSRİ-nin saxlanmasına nail olmadıqları üçün keçmiş “komblok”çulıar və onların hakimiyyətdəki varisləri milli qüvvələrdən, xalqdan qisas alırlar.

Qisas necə olur ki? Guya müstəqilik, amma ölkənin yeraltı-yerüstü sərvətləri, nefti, dənizi, meşələri, səfalı yerləri, suyu, havası xalqa yox, de-fakto balaca və tamahkar bir zümrəyə – hakim təbəqəyə məxsusdur, yırtıcı məmur-oliqarxların mülkiyyətinə çevrilib. Ölkənin sadə vətəndaşı isə Vətənin iki qarış torpağında özü və ailəsi üçün balaca bir daxma qaralamaq bir yana, yayda heç Xəzər dənizində kefi istəyən qədər çimmək, sahilində zaqar almaq və balıq tutmaq haqqına da sahib deyil.

Guya müstəqil dövlətik, öz iradəmizin sahibiyik, hakimiyyətin də mənbəyi xalqdır, amma 19 ildir ölkədə milli iradədən kənar, saxta parlamentlər formalaşır, prezidentlər və deputatlar “seçilir”, xalqın iradəsindən kənar xarici siyasət, Qarabağ danışıqları aparılır.

Qisas necə olur? Guya ölkədə qanunla çoxpartiyalı sistem mövcuddur, ancaq SSRİ-nin mini forması, birpartiyalı sistem bərqərar edilib. Stalinizm daha əcaib formada zühur edib, kim YAP-dan deyil, düşmən sayılır. Siyasi müxalifət, azad fikirli insanlar, fərqli düşünənlər, azad mətbuat küncə sıxılıb, təqib edilir. Teleradio efiri rəhbərə ləbbeyk deməyənlərin üzünə bağlıdır, ölkə padşahlıq əyyamının bir addımlığına gəlib çıxıb, konstitusiya monarxiya idarəçiliyi üçün dəyişdirilərək hazırlanıb. Halbuki hələ Cümhuriyyət dövründə ilk mərhələdə prezidentlik institutundan imtina edilmiş, kollegial idarəçilik (parlamentli respublika) yolu tutulmuşdu ki, ölkədə şəxsiyyətə pərəstiş meylləri yaranmasın, dövlətin ayaq üstə durması daha yaxşı təmin edilsin.

Qisas necə olur ki, əgər rəsmi yalan-palanlar, cənnət nağılları, pripiska, şəxsiyyətə pərəstiş Azərbaycanda dövlət siyasəti səviyyəsinə qaldırılıb, dövlət vətəndaşın hüquqlarının qarantı olmaq əvəzinə xalq üzərində zorakı aparata, reket maşınına çevrilib? Ölkədə məhz mədhiyyə deyənlər, yaltaqlar ödüllənir, yuxarı başa çıxarılır, gerçəyi deyənlərin isə dili kəsilir, zindana salınır...

Bu gün Azərbaycan Respublikası təməl azadlıqların səviyyəsinə, plüralist cəmiyyət parametrlərinə görə hətta Cümhuriyyət dövründəkindən də geridirsə və hər gün daha geri gedirsə, “müasir” Azərbaycanın adı mötəbər beynəlxalq təşkilatların qara siyahılarından düşmürsə, dünyada qeyri-azad ölkə kimi tanınırıqsa, o böyük kişilərin, istiqlal qurucularının, üçrəngli bayrağımızın müəllifinin, ən əvvəl də böyük öndərimiz Məhəmməd Əmin Rəsulzadənin məzarları tüstülənməyə bilərmi?

Nəhayət, guya 20 ildi müstəqil olub milli dəyərlərimizə, kökümüzə sahib çıxmışıq. Ancaq XXI əsrdə də Azərbaycanda məscidlər uçurulur, azana, məktəblərdə hicaba yasaq qoyulub, mömin insanlar, ilahiyyatçılar hətta ciblərinə narkotik atılaraq tutuqlanır, şərlənirlər. Ölkədə repressiya maşını bir an da dayanmır, səngimir. Bu repressiyaları aparanların, PKK simpatizanlarına rəğbət bəsləyənlərin və onları yuxarı başa çıxaranların türkçülüyündən isə danışmağa dəymir.

Qırmızı, göy, yaşıl... Görəsən YAP-tokratlat heç olmasa, bayrağımızdakı rənglərin mənasını bilirlərmi? Onların heç olmasa, işıqfordakı rənglərdən fərqləndiyinin fərqindədilərmi?

Əlbəttə ki, bir gün erməni işğalının da sonu gələcək, ərazi bütövlüyümüz bərpa ediləcək. Ancaq dövlətçiliyimiz və tərəqqimiz üçün qızıldan qiymətli illəri, çirkaba bulaşdırılan mənəvi dəyərlərimizi, korroziyaya uğradılan mənəviyyatımızı, seçkilərə (hakimiyyətin dinc yolla dəyişdirilməsinə) xalqın inamını bərpa edə, qaytara biləcəyikmi? Ən betəri də elə o inamın itirilməsi deyil?

Zahid SƏFƏROĞLU

 

 

 

  • Yazılıb
  • da (də) 2012 Apr 28