Tarix : 2012 May 01
Kod 30061

Gənclər ADNA terroru ilə bağlı prezidentə müraciət etdilər

2009-cu il, aprelin 30-da ADNA-da ölən 12 nəfər tələbəni hər il anmaq üçün kiçik bir abidə və ya xatirə lövhəsi qoyulması istənilib
/Aran agentliyi

2009-cu il, aprelin 30-da ADNA-da ölən 12 nəfər tələbəni hər il anmaq üçün kiçik bir abidə və ya xatirə lövhəsi qoyulması istənilib:

 

“Cənab Prezident!

Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü, ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasını prioritetlərdən sayan, ən əsası, terroru qəti şəkildə pisləyən gənclərin bir qrupu kimi məqsədlərimiz və fikirlərimizdə bizi dəstəkləyəcəyinizə əmin olduğumuz üçün Sizə - Azərbaycan Respublikasının Prezidentinə müraciət etməyə qərar verdik. Məqsədimiz aydın və dəqiqdir. İstəyirik ki, 2009-cu il, aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) 12 nəfərin ölümü ilə nəticələnən terror aktının günahsız qurbanlarını yad edə biləcəyimiz, terror dəhşətinin bir insanın, xüsusilə, bir gəncin həyatını, gələcəyini necə məhv etdiyini göstərə biləcəyimiz, hər il ADNA hadisəsinin qurbanlarını yad edə, ana biləcəyimiz kiçik bir abidə və ya xatirə lövhəsi qoyulsun.

Bu dəhşətli hadisədən artıq 3 il keçir. Ölkədə baş verənlərə biganə yanaşmayan gənc kimi, ən əsası, fəal vətəndaş kimi ADNA hadisəsini qəti şəkildə pisləyirik. Anlayırıq ki, baş verən terror aktı Azərbaycandakı sabit ictimai-siyasi durumun dayaqlarını zəiflətmək üçün əvvəlcədən hesablanmış addım idi. Terror aktının məhz ali məktəbdə törədilməsi isə birbaşa ölkə gəncliyinin mübarizə əzminin qırılmasına, onlar arasında müəyyən xofun, qorxu mühitinin yaradılmasına istiqamətlənmişdi.

Hadisənin üstündən 3 il keçsə də, bu gün gənclərimizin hələ də terror qurbanı olan həmyaşıdlarını anmaları, hadisəylə bağlı müxtəlif tədbirlər təşkil etmələri Azərbaycan gəncliyinin gücünü, birliyini göstərir”.

“İdeya” Gənclər Klubunun üzvləri bu abidənin öz vəsaitlərinə hesabına quyula biləcəyini deə bildiriblər: “İnanırıq ki, gənclərin mütərəqqi fikirlərini dəstəkləyən, terroru pisləyən, ADNA hadisəsinin günahsız qurbanlarına yanan və onların ailələrinin, eləcə də onları nümunə götürən gənc nəsillərin bu insanları rahat şəkildə ana biləcəyini düşünən bir dövlət başçısı kimi bizim bu istəyimizə müsbət cavab verəcəksiniz. Abidənin (xatirə lövhəsi) ictimai nəqliyyatın gəliş-gedişinə mane olmayan, lakin hadisə yerinə yaxın ərazidə yerləşdirilməsi təklifini veririk. Müraciətimizlə əlaqədar qərar verildiyi təqdirdə, biz gənclər abidənin və ya xatirə lövhəsinin ucaldılması üçün xərcləri belə toplaya və bunu abidənin qurulmasında zəhmət çəkən insanlara ödəyə bilərik”

  • Yazılıb
  • da (də) 2012 May 01