/Aran agentliyi
Azərbaycan mediasında bir neçə gündəmdə qalan bölgələr az sayda olur, gərək Qubadakı hadisələr baş versin ki, gündəmdə qalmaq baş tutsun. Baxmayaraq ki, saysız hesabsız dərgilər, portallar və saytlar var ancaq hərə özünü bir Allah sayır. Elə buna görə də ateistlər Azərbaycanı çoxallahlı ölkə adlandırırlar.
Çoxallahlıq təkcə mediumlara aid deyil, onlar elə də gözəçarpmır, bax əgər hakimiyyətdəki məmurlardan danışsaq, onları tanısaq, onların düşüncə tərzi, həyat tərzi, gəlirləri, TƏKƏBBÜRLƏRİ, daha nə bilim nələrini görsək, onda daha Allahı YADDAN ÇIXARDA bilərik. Çünki bu adamlar özlərini Allaha bərabər tutmurlar, onlar iddia edir ki, Allah elə onların özləridir.
Sulutəpə iki müstəvidəki Allahlıq iddiasında olan münasibətlərin mövzusuna çevrilən qəsəbə oldu. Oxucular yaxşı bilir ki, orda tikilən məzlum, sadə, müdafiəsiz, sahibsiz camaatın evləri və canları özünə Allah deyən Rövnəq Abdullayevin qəzəbinə tuş gəlib.
Dəfələrlə Neft Şirkətinin mühafizə xidmətinin əməkdaşları ora hücum çəkib evləri texnikanın altına qoyub dağıdıb. Onlar gedikdən sonra bir neçə həftə yaranan fasilədə sakinlər yenidən evlərinin inşasına başlayır, tikib qurtaran kimi cəlladlar gəlib yenidən evləri sökür, müqavimət göstərəni kötəkləyir, qanına qəltan edir. Sulutəpə əhvalatları mənə Fələstini də xatırladır.
Fələstinlilər dəfələrlə evlərini tikir sonra sionistlər dəfələrlə texnika ilə gəlib ərəblərin evlərini sökür müqavimət göstərəni də vəhşicəsinə əzir, fələstinli Allahu Əkbər qışqıra qışqıra qanı içində boğulur, israillilər də coca cola içə içə onları yuxarıdan baxır deyir : “Allah bizik siz isə bizim qullarımız, qurbanlarımız”.
Allah yuxarıdan baxıb nə fikirləşir onu deyə bilmərəm. Belə bir həyatı Sulutəpə sakinləri də yaşayır. Şirkətin mühafizə xidmətinin əməkdaşları yenə də, aprelin 18-də Sulutəpəyə gəlib əməliyyat keçirib. Hə, onu da hər dəfə deyirəm və yenə də deyim ki, onlar gəlməmişdən əvvəl polis ərazini mühasirəyə alır, birdən qaçıb eləyən sakin olar. Bu dəfə ki, əməliyyatda Sulutəpə sakini jurnalist İdrak Abbas da mühafizə xidmətinin qurbanına çevrilib. Aldığı zərbələrdən xəstəxanaya yerləşdirilən İdrak Abbas hadisəni belə nəql edir :
“Avtomobilimdə olan problemlə bağlı təmir üçün servisə getmişdim. Mənə qonşularım zəng etdi ki, Neft şirkətinin mühafizə xidmətinin əməkdaşları yenə gəliblər. Mən özüm də bir neçə jurnalistə zəng edib hadisə barədə xəbər verdim. Sulutəpəyə çatmağıma az qalmış, mənə zəng edən qonşularım yenidən zəng etdilər ki, artıq evlərin söküntüsünə başlayıblar bəs harda qalmısan ? Hadisə yerinə çatanda yanımda kameram da yox idi, yalnız Smratfon var idi, maşından düşərkən jurnalist gödəkçəmi də geyindim və jurnalist vəsiqəmi də qoydum cibinə. Hadisə yerinə yaxınlaşıb yavaş yavaş çəkilişə başladım. Baxdım ki, Şirkət əməkdaşları sakinləri amansızcasına döyürlər. Onlardan biri əlinə daş alıb, yeniyetmə bir sakini yerə yıxaraq başına öldürmək məqsədi ilə çox güclü zərbələr vurur və mən dərhal başladım onu smartfonla çəkməyə. “Yeni Müsavat” qəzetinin müxbiri Günay Mustayeva da ordaydı. Günaya dedim ki, təhlükəsizlik məqsədi ilə birgə reportaj edək. Mühafizəçilər görəndə ki, çəkiliş aparıram mənə hücum edib smartfonumu əlimdən aldılar. Mən jurnlist olduğum bildirdim, zatən mənim gödəkçəm və vəsiqəm də bunu təsdiq edirdi, ancaq etirazıma cavab olaraq ətrafda olan daha 15-20 nəfər üstümə hücum çəkib başıma və bədənimə dəyənəklərlə vurmağa başladılar. Yerə yıxıldım, hamısı birdən birə məni təpikləməyə başladılar və hər tərəfimdən vurmağı davam etdirdilər. Toz torpaqdan heç bir şey görmürdüm, ancaq Günayın səsini eşidirdim. O, qışqırırdı : “öldürməyin”. Zərəbələrin nəticəsində huşumu itirdim. Sonra nəyin baş verdiyindən xəbərim olmadı. Bir də ayılanda gördüm ki, xəstəxanadayam”.
İdrakın qardaşı Vaqif Abbasov deyir ki, ona zəng etdilər ki, qardaşıvı öldürürlər. Vaqif özünü çatdıranda artıq İdrak huşunu itirmişdi ancaq 20 nəfər mühafizəçi ana bacı söyüşü söyə söyə təpikləməkdə davam edirdi. Özünü qardaşının üstünə atan Vaqif qışqırıb ki, vurmayın o artıq ölüb. Mühafizəçilər də İdrakın öldüyünü zənn edib, qardaşının meyitini meydandan aparmaq üçün Vaqifə imkan veriblər. Ancaq buna qədər təcili tibbi yardıma zəng vuran jurnalistin kolleqası səbirsizliklə həkim maşınını gözləsə həkimlər gələ bilməyiblər. Buna səbəb təcili tibbi maşını Sulutəpəni mühasirədə saxlayan polislərin ambulansı qəsəbəyə buraxmamasında olub. Həmin vaxtda, mühafizəçilər bir qədər aralanandan sonra qan içində olan qardaşının nəbzini yoxlayan Vaqif gördükdə ki, İdrak can verir, dərhal, mühafizəçilərdən gizli şəkildə öz maşını ilə onu 1 saylı xəstəxanaya aparıb reanimasiyada yerləşdirib.
İdrakdan 30 dəqiqə sonra isə jurnalistin kiçik qardaşı Ədalət Abbasov qan içində həmin xəstəxanada reanimasiyay gətirilir. İntensiv terapiyadan sonra İdrak huşsuz vəziyyətdə palataya köçürülür və iki gün sonra orda huşu yerinə gəlir. Hələlik, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşı İdrak Abbasov xəstəxanadadır, Ölkənin mətbuat nümayəndələri isə ona baş çəkir və toplantılar keçirib bəyanatlar qəbul edir.
SOCAR prezidenti Rövnəq Abdullayev isə geniş açıqlama verməsə də Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov kimi bildirib ki, Sulutəpədə şirkət əməkdaşları sakinləri döyməklərində bir qəbahət yoxdur. Ancaq artıq dünya mətbuatı və beynəlxalq təşkilatlar artıq bəyanat qəbul ediblər.
Bunula da onlar İdrakı meydanda tək buraxmayıblar. Ona dərdinə sahib çıxıblar. Yəqin ona görə ki, İdrakın əməkdaşı olduğu RATİ ABŞ-ın təşkilatıdır. Ancaq elə jurnalistlər də var ki, sahibsiz, müdafiəsiz, kimsəzi şəkildə həbsdə çürüyür. Məsələn “Səhər” TV-nin əməkdaşı Anar Bayramlı kimi.
Elə bil Anarın Allahı yoxdur ki, ona dəstək versin, kim bilir bəlkə də Allahı daha yaxşı axtarmaq lazımdır. Yerdə olan və Allahın əmrlərindən danışanların müdafiə mövqeyində görünməmələri müşahidə olunur.
İslamtimes