Tarix : 2012 May 07
Kod 30180

İslam Partiyasının Baş Məclisinin toplantısı keçirilib

Azərbaycan İslam Partiyasının mətbuat xidməti dünən partiyanın Baş Məclisiinn növbəti toplantısını keçirib
/Aran agentliyi

 

Azərbaycan İslam Partiyasının mətbuat xidmətindən FaktXeber.com-a daxil olan məlumata görə, dünən partiyanın Baş Məclisin növbəti toplantısı keçirilib. Məclisin gündəliyinə əsasən AİP funksionerləri barədə məhkəmə hökmü, ölkədə ictimai-siyasi vəziyyət və beynəlxalq aləmdə baş verən hadisələr, təşkilatı və cari məsələlər müzakirə olunub.

Baş Məclisdə partiyanın sədr əvəzi Elçin Manafov, sədrin siyasi məsələlər üzrə müavini Akif Heydərli, sədrin birinci müavini İnqilab Əhədli, ictimai məsələlər üzrə sədr müavini Rövşən Əhmədli, Nəzarət Təftiş Komissiyasının sədri Fəyyaz Nəbizadə, mədəni-maarif məsələləri üzrə müavin Şahin Həsənov iştirak ediblər.

AİP sədrinin ictimai məsələlər üzrə müavini Rövşən Əhmədov gündəlikdə duran məsələlər barədə məlumat verib. O bildirib ki, bu gün ölkədə ədalətsiz mühit hökm sürdüyünü, haqq söz söyləməyin cinayət sayıldığını bildirib. “Avroviziya” mahnı müsabiqəsi adı altında keçiriləcək geyparadı da pislədiklərini söyləyən sədr müavini, hakimiyyətə bunu məsləhət görmədiklərini qeyd edib.

Sonra çıxış edən siyasi məsələlər üzrə müavin Akif Heydərli bildirib ki, Azərbaycan insan haqlarının qorunması üzrə öhdəlikləri qəbul edib: “Azərbaycanda siyasi məhbusların sayının artması beynəlxalq təşkilatları narahat etməyə başlayıb. Respublikamızda bu gün siyasi məhbusların, hicab məhbuslarının məhkəmə qərarı təhlil, araşdırma aparılmadan çıxarılır.

Milli Məclisin çıxardığı qanunda göstərilir ki, İslam əqidəli partiyaların qeydiyyatdan keçməsi məqsədə uyğun deyil. Onda buradan belə çıxır ki, biz əqidəmizi dəyişməliyik, bu da mümkün olmayan bir şeydir.”

AİP Qadınlar Şurasının sədri Növrəstə İbrahimova isə nəinki dünyada, həmçinin Azərbaycanda baş verən ədalətsizliklərin, haqsızlıqların qiyamətin əlamətləri olduğunu söyləyib: “Mən Azərbaycanda baş verən ədalətsizlikləri, qanunsuz həbsləri pisləyərək, hakimiyyəti bu ədalətsizliklərə son qoymağa çağırıram.”

Toplantıda çıxış edənlər ölkədə baş verən son hadisələrdən, o cümlədən məmur özbaşınalığını, vətəndaşların mülkiyyət hüququnun pozulmasını, insan haqlarının təmin olunmamasını kəskin tənqid ediblər. Azad sözə, azad fikrə görə insanların təqib və həbslərə məruz qalmasını İslamçılar xalqımızın təməl prinsiplərinə, beynəlxalq konvensiyalara zidd olduğunu bəyanlayıblar.

Baş Məclis üzvləri AİP-in siyasi fəaliyyətinin 20 illik yubileyi ilə əlaqədar tədbirlər planının hazırlanmasını qərara alıblar. Belə tədbirlərin həm bölgələrdə, həm də mərkəzdə  keçirilməsi nəzərdə tutulub.

İslamçılar ölkə paytaxtında üzdəniraq geyparadın keçirilməsi fikrini xalqımıza açıq təhqir kimi qiymətləndiriblər. Və bu tədbirin keçirilməsini ölkədə qarşıdurma və xaos yaradılmasına xidmət, əslində təxribat olduğunu vurğulayıblar.

Tədbirin sonunda bəyanat qəbul edilib. Bəyanatda deyilir: “Azərbaycan xalqı bu gün dözülməz olan problemlər yaşayır. Məmur özbaşınalığı ölkədə dövlətçilik prinsiplərini və ənənələrini gündən-günə zəiflədir. Ümumxalq maraqları hakim zümrənin mənafeyinə qurban verilir. Azərbaycan vətəndaşının insan kimi yaşamaq hüququ, mülkiyyət hüququ, siyasi fəaliyyət və azad söz haqqı kobud şəkildə pozulur. Sosial həyat tərzi ağır olan, hər gün ehtiyac içərisində yaşayan bir xilqətin gözü önündə eybəcər səhnələr yaratmaq üçün milyonların xərclənməsi cəmiyyətdə barışmaz ziddiyyətlər yaradır. AİP belə addımların, xüsusən də “Avroviziya” və üzdəniraq geyparadın keçirilməsini tariximizə silinməz ləkə kimi qiymətləndirir, bütün maddi və mənəvi qüvvələri musiqimizin beşiyi Şuşanın işğaldan azad olunmasına, işğal olunmuş torpaqların erməni tapdağından təmizlənməsinə yönəldilməsini hakimiyyətdən tələb edirik.”

HaqqYolu

 

 

  • Yazılıb
  • da (də) 2012 May 07