Tarix : 2012 May 07
Kod 30188

AZƏRBAYCAN-ALMAN “SAVAŞ”ı BİTDİ?

Ərəstun Oruclu: “Hakimiyyət anladı ki, bu kampaniya uğursuzdur, ancaq Almaniyada hökumətin mətbuata təsir imkanı yoxdur”
/Aran agentliyi

Azərbaycan hökuməti Almaniyaya qarşı media kampaniyasını dayandıra bilər. “Yeni Müsavat”ın son sayında dərc olunan yazıda qeyd olunur ki, bu barədə Azərbaycan prezidenti ilə Almaniya xarici işlər naziri Giede Vestervelle arasında Nyu Yorkda keçirilən görüşdə razılıq əldə olunub.

Almaniyanın dpa agentliyinin yaydığı xəbərə görə, G.Vestervelle Nyu Yorkda mayın 4-də axşam prezident Əliyevlə görüş ərəfəsində jurnalistlərə deyib ki, rəsmi Berlin Bakıyla münasibətlərini inkişaf etdirməkdə maraqlıdır. Lakin bu zaman insan haqları mövzusunu da diqqətdə saxlayacaq. “Problemləri müzakirə etmək daha yaxşı tərəfdaşlığa imkan açır”, - deyə nazir bildirib.

Bakıdakı qaynaqlardan isə məlum olub ki, Azərbaycan hakimiyyətinin rəhbərliyi Almaniya ilə münasibətlərdəki gərginliyi yumşaltmaq kursu götürüb. Prezident Administrasiyasından Almaniyaya qarşı ittihamları dayandırmaq barədə tapşırıqlar verilib. Belə qərara alınıb ki, Berlinin insan haqlarına görə tənqidlərinə antialmaniya təbliğatı ilə cavab vermək taktikası özünü doğrultmayıb və bütövlükdə Qərblə münasibətləri riskə qoyub. Bildirilirdi ki, Nyu Yorkda Almaniya xarici işlər naziri ilə ikitərəfli münasibətləri müzakirə etmək təşəbbüsü də Bakıdan edilib.

Qeyd edək ki, Almaniya xarici işlər naziri mart ayında Bakıya səfəri zamanı ölkə rəhbərliyi ilə danışıqlarda insan haqları problemlərini ciddi müzakirə etmişdi.

Şərq-Qərb” Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu rəsmilər arasında keçirilən görüşlər və ya əldə olunan hər hansı razılaşmaların Almaniya mətbuatına təsir göstərəcəyinə inanmır. Ekspertin sözlərinə görə, Almaniya mətbuatı son dövrlərdə Azərbaycandakı insan haqları və demokratiya mövzusuna ciddi yer ayırdıqdan sonra Azərbaycan iqtidarı Almaniyaya qarşı kampaniya başladıb: “Alman mətbuatında Azərbaycan iqtidarı haqda tənqidlərə cavab olaraq Azərbaycan hökuməti Almaniyaya qarşı əks-təbliğat kampaniyası başlatdı. Əgər kampaniyanın dayandırılması qərarı olacaqsa, bu, yalnız Azərbaycan tərəfdən birtərəfli qaydada ola bilər. Çünki bildiyiniz kimi, Azərbaycanda məhz iqtidarın nəzarətində olan media orqanları Almaniyaya qarşı kampaniya aparırdı. Yəni birbaşa Prezident Administrasiyasından gələn göstəriş əsasında fəaliyyət göstərən KİV idi. Almaniyada isə Azərbaycan hakimiyyətini tənqid edən müstəqil media quruluşlarıdır. Bu mənada Almaniya tərəfdən bu tənqidlərin birdən-birə dayanması mümkün görünmür. Yəni mən təsəvvür edə bilmirəm ki, məsələn, Almaniya kökuməti ”Şpigel" jurnalından xahiş eləsin ki, Azərbaycan hökumətini tənqid eləmə. Burda məsələ daha çox mətbuat müstəvisində dayanır. Yəni Azərbaycan hakimiyyəti Almaniya mətbuatının tənqidlərini bu ölkəyə qarşı kampaniya ilə cavablandırdı".

Ə.Oruclu hesab edir ki, Azərbaycan hakimiyyəti özü birtərəfli qaydada antialmaniya kampaniyasını dayandıra bilər. Ancaq bunun əksi mümkün olmayacaq: “Çünki bildiyiniz kimi, Azərbaycanda Almaniyaya qarşı kampaniya aparan hökumətin birbaşa nəzarətində olan bir neçə qəzet və telekanaldır. Almaniya mətbuatı ilə bağlı bunu eləmək mümkün deyil. Bu gün Amerikanın məşhur jurnallarından birində Azərbaycan hakimiyyəti barədə sərt tənqidi məqalə dərc olunub. Məqalənin başlığı da çox şeydən xəbər verir: ”Satılan Azərbaycan". Amerika hakimiyyəti “Taym” jurnalına bu məqaləni yayımlamağı qadağan edə bilməz. Azərbaycan hakimiyyəti belə təqdim etməyə çalışır ki, guya bu təbliğatı Almaniya hökuməti aparır. Ancaq indi hökumətdə də başa düşürlər ki, bu tip kampaniya uğursuzdur".

Musavat

  • Yazılıb
  • da (də) 2012 May 07