Tarix : 2012 May 09
Kod 30230

“ŞUŞA İŞĞAL ALTINDA OLA-OLA BAKIDA MUSİQİ YARIŞMASI KEÇİRMƏYƏ HAQQIMIZ YOXDUR”

Şəhidlər Xiyabanını ziyarət edən Azərbaycan İslam Partiyasının üzvləri işğal altındakı torpaqlarımızın azadlığı üçün hər an hazır olduqlarını bildirdilər
/Aran agentliyi

Şəhidlər Xiyabanını ziyarət edən Azərbaycan İslam Partiyasının üzvləri işğal altındakı torpaqlarımızın azadlığı üçün hər an hazır olduqlarını bildirdilər

Dünən strateji əhəmiyyətli Şuşanın işğalının 20-ci ildönümü idi. Artıq 20 ildir ki, Şuşa erməni tapdağı altındadır. 20 ildir ki, böyük korifeylər yetişdirmiş Şuşaya həsrət qalmışıq. Xatırladaq ki, 1992-ci il mayın 8-nə keçən gecə erməni birləşmələri Şuşa şəhərinin işğalı ilə bağlı əməliyyat keçirib. Şəhərin intensiv artilleriya zərbələrinə tutulması səhər saat 6-ya kimi davam edib. Daha sonra düşmənin minə yaxın əsgəri üç tərəfdən Şuşaya hücum çəkib. Hücum Rusiyanın öncədən ermənilərə verdiyi 366-cı alayın 40 zirehli texnikasının dəstəyilə həyata keçirilib.

Qeyd edək ki, Şuşa işğal zamanı 500 nəfərdən artıq şəhid verib, 150 nəfər əlil olub, 22 minə yaxın insan qaçqın düşüb, 200 tarixi abidə, 2 sanatoriya, görkəmli sənət adamlarının ev muzeyləri, 70 yerlik turist bazası,1200 yerlik internat məktəbi dağıdılıb. Ümumiyyətlə isə döyüşlərdə 2000-ə yaxın azərbaycanlı yaralanıb. Bu siyahıya Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir. Ümumilikdə 1992-ci il mayın 8-də Ermənistan Silahlı Qüvvələrinin Şuşanı işğal etməsi nəticəsində Azərbaycanın 289 kvadrat kilometr ərazisi ermənilərin nəzarətinə keçib. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər də məlumat yoxdur.

Bəli, ötən əsrin sonları Azərbaycan üçün qanlı tarixə çevrildi. Bu qanlı hadisələrin törədilməsində marağı olan beynəlxalq güclər indiyə qədər torpaqlarımızın azad olunmasına maneçilik törədir, qan yaddaşımızı korşaltmağa, Qarabağı, Şuşanı unutdurmağa çalışırlar. Amma Azərbaycan xalqı hər il Şəhidlər Xiyabanını ziyarət etməklə Şuşanı anır, qanlı tarixin gənc nəsillərin yaddaşından silinməsinə imkan vermir. Dünən də on minlərlə adam Xiyabanı ziyarət edib. Azərbaycanın ictimai-siyasi həyatında əhəmiyyətli yeri olan İslam Partiyası da çoxsaylı üzvləri ilə Şuşanı yad etmək üçün Şəhidlər Xiyabanına gəlmişdi.

Şəhidlərin abidəsi önünə qərənfil dəstələri düzən İslamçılar, Şuşanın müdafiəsi zamanı canlarından keçən vətən oğullarını, bütövlükdə şəhidlərimizin ruhuna dualar oxuyub, Allahdan torpaqlarımızın azad edilməsini diləyiblər. AİP üzvləri şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin önündə işğal altındakı Qarabağ torpaqlarının, o cümlədən Şuşanın azad edilməsi üçün hər an hazır olduqlarını vurğulayıblar.

faktxeber.com

 

 

  • Yazılıb
  • da (də) 2012 May 09