Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Azərbaycanda din-dövlət münasibətlərinin qaydasında olduğunu...
/Aran agentliyi
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Azərbaycanda din-dövlət münasibətlərinin qaydasında olduğunu, ölkədə etiqad azadlığı ilə bağlı hər hansı problemin olmadığını deyib. Komitə sədri dünya ölkələrinin bu sahədə Azərbaycan modelini örnək aldığını deyib. Sitat: “Dünya dövlətləri Azərbaycanın timsalında dövlət-din münasibətlərini formalaşdırıb və dövlət-din siyasətinin konsepsiyasını hazırlayıblar. Azərbaycanda dini etiqad azadlığı sözün əsl mənasında qorunur. Bunu dünyanın bir çox ölkələri etiraf edirlər”.
Ancaq ilahiyyatçı ekspert, fəlsəfə doktoru Elşən Mustafaoğlu Komitə sədrinin açıqlamasının həqiqətdən uzaq olduğunu deyir. Onun sözlərinə görə, Azərbaycanda dini durumun son dərəcə sabit və normal olduğunu söyləmək mövcud reallıqları kökündən təhrif etmək olardı. E.Mustafaoğlu deyib ki, hazırda Azərbaycanda din və vicdan azadlığı sahəsində kifayət qədər ciddi problemlər var: “Son illər ölkədə 3 məscid ”qanunsuz tikili" adı ilə dağıdılıb. “Vahid forma” bəhanəsilə inanclı məktəbli qızların təhsil hüququ pozulub. Onlarla dindar, o cümlədən məscid imamları “narkoman” və s. elan edilib, həbsə atılıb. Dünyanın harasında din xadimini bu adla həbs edirlər? Üstəlik, ötən ilin dekabr ayında xaricdə İslam təhsili almış vətəndaşlarımızın dini fəaliyyətini məhdudlaşdıran qanun qüvvəyə mindi. Ən xoşagəlməz hal isə budur ki, aktiv dindarlara potensial cinayətkar kimi yanaşıb, hüquq-mühafizə orqanları onların siyahısını tutur, onlarla müntəzəm olaraq profilaktik iş aparır.
Elə təkcə bu göstəricilər kifayət edir ki, Komitə sədrinin dediklərinin nə qədər yanlış olduğunun şahidi olaq".
E.Mustafaoğlu hazırda aparılan siyasətin dindarları hökumətdən narazı salmağa hesablandığını deyib: “Hörmətli Hidayət müəllim iddia edir ki, guya dünya dövlətləri Azərbaycanın timsalında dövlət-din münasibətlərini formalaşdırıb və dövlət-din siyasətinin konsepsiyasını hazırlayıblar. Buna kimsə inana bilərmi? Axı dünyanın hansı ölkəsi öz din-dövlət münasibətinin konsepsiyasını Azərbaycanın timsalında hazırlayıb? İllərdən bəri ölkəmizdə aparılan yanlış din siyasəti dindar vətəndaşlarımızı hökumətdən narazı salmağa xidmət edir. Hansı dövlət bunu arzu edər? Hesab edirəm ki, din sahəsində mövcud olan problemləri həll etmək əvəzinə, belə iddialar söyləmək elə ilk növbədə dövlətçiliyimizə zərbə vurmaqdır”.
defence.az