Ruhani Abgül Süleymanovun məhkəməsi Bakı şəhəri Ağır Cinayətlər məhkəməsində keçirilib
/Aran agentliyi
İslamazeri.az xəbər verir ki, ruhani Abgül Süleymanovun məhkəməsi Bakı şəhəri Ağır Cinayətlər məhkəməsində keçirilib.
Məhkəmədə Hacı Abgül Süleymanovun işinin həqiqətən də Ağır Cinayətlər məhkəməsində keçirilib-keçirilməməsi araşdırılıb.
Məhkəmə işinə Mahir Bayramovun sədrlik etdiyi hakimlər baxır. Dövlət ittihamçısı Tural Usubovdur. İclasda hakimlər heyəti cinayət işi ilə tanış olub, vəkillər təqdim edilib.
Vəkil Mustafayev Natiq, müvəkkilinin istintaqının bitdiyinə görə MTN-də yox müvəqqəti təcridxanalardan birində saxlanılmasını istəyib. Hakim Mahir Bayramov vəsatətin şifahi şəkildə yox, yazılı şəkildə verilməsini tələb edib.
Gələn məhkəmədə vəsatət qaldırılacaq məsələlərdən biri bu olacaq.
Hakimlər müşavirəyə yollandığı zaman Abgül Süleymanov qısa çıxış edib. O bildirib ki, "Zalımların üzərinə hicab dalğası gəlir. Gedin hamıya çatdırın ki, bu hakimiyyət Allahlıq iddiasındadır. Fironun iddia etdiyi kimi. Bunlar deyirlər ki, yalnızca bizə itaət edin, yoxsa sizi həbs edərik".
Ruhani Abgül Süleymanovun növbəti məhkəmə iclası 30 may, saat 16:00 tarixinə təyin edilib.
2011-ci ilin avqust ayında həbs olunan Abgül Süleymanov Cinayət Məcəlləsinin 283.2.1 (Zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması, 233 (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə, 234.4.3 (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə günahlandırılır.
Azadxeber