QMİ:''Rəsmi səviyyələrdən bizə məlumdur ki, Bakıda milli-mənəvi dəyərlərimizə zidd hər hansı aksiya keçirilməyəcək
/Aran agentliyi
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Elmi-Dini Şurası İran İslam Respublikasının (İİR) Azərbaycandakı səfirliyinin yaydığı bəyanatla bağlı açıqlama yayıb. QMİ-nin mətbuat xidmətindən verilən açıqlamada bildirilib ki, Qafqaz Müsəlmanları İdarəsi dini mərkəz olaraq dini-mənəvi dəyərlərə zidd olan gey-parad keçirilməsinə heç vaxt haqq qazandırmayıb: “Bununla bağlı bizə bildirilən iradların heç bir əsası yoxdur. Azərbaycan dövləti və cəmiyyətimiz də belə bir aksiyanın əleyhinədir və beynəlxalq musiqi tədbiri çərçivəsində belə bir halın baş tutacağı ilə bağlı ehtimal yürütməyə heç bir əsas yoxdur. Rəsmi səviyyələrdən QMİ-yə məlumdur ki, Bakıda milli-mənəvi dəyərlərimizə zidd hər hansı aksiya keçirilməyəcək və deməli, narahatçılığa ehtiyac yoxdur.
Lakin narahatlıq doğuran məqam bundan ibarətdir ki, olmayacaq tədbir ətrafında səngiməyən söz-söhbətlər qonşu dövlətlərimiz, xalqlarımız arasında münasibətlərə xələl gətirən xoşagəlməz meyllər yaradıb. QMİ olaraq, hər iki tərəfdən dövlət rəmzlərinin, dövlət və din xadimlərinin təhqir olunması kimi yolverilməz halları qətiyyətlə pisləyir və belə hallara son qoyulmasına çağırırıq”.
Faktxeber.com