“İşğalçı Ermənistanla sülh danışıqlarından imtina edilməli, ATƏT-in Minsk Qrupunun fəaliyyəti dayandırılmalıdır
/Aran agentliyi
“İşğalçı Ermənistanla sülh danışıqlarından imtina edilməli, ATƏT-in Minsk Qrupunun fəaliyyəti dayandırılmalıdır. Azərbaycan BMT Təhlükəsizlik Şurasında Ermənistanın işğalçı dövlət kimi tanınması, ona qarşısanksiyaların tətbiq olunması və işğalçı qüvvələrin dərhal Azərbaycan ərazilərini tərk etməsi ilə bağlı məsələ qaldırılmalıdır. Bütün bunlar nəticə verməzsə Azərbaycan öz ərazi bütövlüyünü və işğal olunmuş torpaqlarda suverenliyini bərpa etmək üçün hərbi əməliyyatlara başlamalıdır”. Bu barədə Azad Qarabağ Uğrunda Alyansın keçirdiyi Qarabağ Forumunun qətnaməsində deyilir.Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirib ki, Qarabağ problemi ilə bağlı ümummilli birliyin əyani sübutu kimi “Milli Birlik Cəbhəsi” tipində qurum yaradılmalıdır. “Bu qurum vasitəsi ilə bütün siyasi və ictimai təşkilatların fəaliyyəti əlaqələndirilməli, Milli Orduya ictimai dəstək təmin edilməlidir. “Sözdə və işdə birlik!”, “Hər şey cəbhə üçün, hər şey qələbə üçün”, “Hamı millətüçün, hamı dövlət üçün!” deyərək düşmənə qarşı birləşməli, ölüm-dirim savaşına girməliyik. Başqa yolumuz yoxdur ”, - o qeyd edib.Forumda ATƏT-in Minsk Qrupu kəskin tənqid edilib. “Minsk Qrupu turist dəstəsidir. Gəlir çayını içib, çörəyini yeyib gedir. Azərbaycan torpaqları hərb yolu ilə işğal edilib, hərbi yolla da azad ediləcək. Biz Qarabağı qazilik yolu ilə azad edəcəyik”, - Qarabağın Azadlığı Uğrunda İslami Hərəkatın rəhbəri Rövşən Əhmədli qeyd edib.Forum iştirakçıları iyunun 7-də ATƏT-in Minsk Qrupunun buraxılması tələbi ilə iyunun 7-də ATƏT-in Bakı ofisinin qarşısında mitinq keçirəcəyini bəyan edib.