Disk və müraciət eyni rəngli sellofan torbalara qoyulub və torbalardan gülab iyi gəlir
/Aran agentliyi
Bu gecə Bakının müxtəlif rayonlarında evlərin bloklarına və həyətlərin girişində Azərbaycan hökumətinin, Eurivizion mahnı müsabiqəsinin, gey paradın əleyhinə olan, islamın təbliğinə yönəlmiş çoxsaylı müraciətlər və CD diskləri qoyulub.
Disk və müraciət eyni rəngli sellofan torbalara qoyulub və torbalardan gülab iyi gəlir. Müraciətin mətni əks olunmuş vərəqdə arxa fonda ağ at şəkli əks olunub.
Filmdəki mətnləri Təbrizli məşhur diktor Əsgər Fərdi oxuyur. Filmdəki diksiya, danışıq şivəsi onun İranda hazırlandığına şübhə qoymur.
Film boyu “Allahın qəzəbindən qorxun!” çağırışı tez-tez ekranda görünür, Nyu-Yorku okean sularının yuması, vulkan püskürmələrindən dünyanın dağılması əks olunur. Bununla yanaşı, Azərbaycan iqtidarının islam siyasəti kəskin tənqid olunur, məscidlərin sökülməsi, evlərin sökülməsi, vətəndaşlara qarşı zorakılıq, gey paradlardan kadrlar nümayiş etdirilir.
“İran müsəlman ölkələrində, o cümlədən qonşu şiə ölkəsində gey paradın keçirilməsinə imkan verməyəcək”, - deyə qeyd edilir.
Eyni zamanda, film boyu Qarabağın işğalından, Xocalı faciəsinin qurbanlarından, həbsdə olan islamçıların “haqq uğrunda” mübarizəsindən bəhs edilir.
Azərbaycan hökuməti həbsdə olan islamçıları azad etməyə, hicaba icazə verməyə çağırılır.
Hüquq-mühafizə orqanlarındakı mənbələrdən "Turan"a bəlli olub ki, polis orqanları artıq müraciəti yayanların bir neçəsini yaxalayıb.
Yeni Müsavat qəzeti