Tarix : 2012 May 22
Kod 30528

“KİŞİ AĞLAMAZ”, DEYƏNLƏR KİŞİLƏRİMİZİ HIRILDADA-HIRILDADA…

“Mövsüm Səmədov qızları Zəhranı, balaca Nərgizi bağrına basırdı. Məhkəməyə ilk dəfə gələn yaşlı anasının əlindən öpür, bacıları ilə görüşür
/Aran agentliyi

 

Vaqif Abdullayev dünyaya gəlişini həbsxanada eşitdiyi, artıq 1 yaşını tamamlamış nəvəsinin qoxusunu alır. Qızlarına “məndən narahat olmayın” deyib təskinlik verir.

Firdovsi Məmmədrzayev əsgərlikdən dönmüş oğlunu hələ indi görür, boyunu oxşayır, evin sonbeşiyi olan oğlunun üzündən öpmək üçün diz üstə çökür.

Dəyanət Səmədov anasının və bacısının əllərini tutub alınlarından öpür.

Rufulla Axundzadə oğullarını, eləcə də Astaradan onu görməyə gələn həmyerlilərini salamlayır, öz yüksək səsiylə.

Fəramiz Abbasovu da görməyə xeyli adam gəlib, təmkin və səbirlə sağ əlini sinəsinə qoyub hər kəsi salamlayır, onunla görüşə gələnlərə əl uzadır, həmin şəxslər isə onun əlindən öpürlər.”

Aynur İmanovanın məqaləsində rast gəldim bu cümlələrə və gözlərim yaşla doldu. Amma bir anlığa sanki qəlbimdən bir səda gəldi. “ Bəlkə, Allah bizdən göz yaşı axıtmaq yox, qan axıdılmasını istəyir?!” Tez də keçdim bu fikrin üstündən. “Əşşi, biz qan axıdan olsaydıq, Xocalı üçün axıdardıq!”

Amma yenə düşünmək istədim. Görəsən, nədir bizim bu məzlumluğumuza səbəb?! Axı Allah deyir zalıma bir lənətdirsə, məzluma min lənət düşür. Çünki zalımı zalım edən məzlumdur.

Yadıma te-tez işlədilən bir ifadə düşdü. Aşura günü üçün ağlayan kişilərə irad tutulurdu ki, “kişi ağlamaz”. Amma bu gün mən həmin ifadə sahiblərini qınayıram. Çünki o insanlar hırtıldamağa, eyş-işrətə bu qədər imkan yaratdıqları üçün biz Qarabağ boyda dərdimizi unutduq. Əsir qadın-gəlinlərimizin başına min oyun açır ermənilər. Amma biz hırtıldaya-hırtıldaya “deyirlər geyparad olacaq” sözlərini işlədirik. “Kişi hırtıldamaz” sözlərinin hikməti bu imiş. Qoymadılar dərdlərimizə ağlaya-ağlaya qaytaraq itirdiklərimizi. İndi gülə-gülə ağladırlar analarımızı. Gülə-gülə itiririk mənəvi dəyərlərimizi, milli kimliyimizi. “Kişinin sözü bir olar”, “ac ol, kişi ol” etiketləri artıq öz yerini verdi xalqı hırıldadan arvad paltarında kişi artistlərə. İndi də hırıldaya-hırıldaya geyparadı gözləyirik. Amma bircə şey dəqiqdir ki, bu hırıldamağın dalınca Allah bizi acı-acı ağladacaq. Necə ki sovetlər məhərrəmliyi əlimizdən aldılar və dedilər ki, kişi ağlamaz. Hırıldadıq, hırıldadıq, axırda Qarabağda analarımızı ağlatdılar. İndi də bu “Avroviziya” ağladacaq analarımızı. Mən ölü, siz diri.

Vüsal Hətəmov

Birlik.az

  • Yazılıb
  • da (də) 2012 May 22