“Ən çox homoseksuallara şərait yaradılır ki, müəyyən müddətdən sonra küçələrdə görünsünlər”
عادلی/Aran agentliyi
Eurovision»a görə Bakıya cəmi 671 turist gəlib
Hökumətin müsabiqə ilə bağlı gözləntiləri özünü doğrultmadı
Əlövsət Əliyev: «Səbəb Qərbi Avropa ölkələrinə tətbiq edilən viza rejimidir»
“Ən çox homoseksuallara şərait yaradılır ki, müəyyən müddətdən sonra küçələrdə görünsünlər”
Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev “Eurovision-2012” mahnı yarışmasında iştirak etmək üçün təxminən 30 mindən çox turistin Azərbaycana gələcəyini açıqlamışdı. Amma gözləntilər özünü doğrultmayıb. Xatırladaq ki, «Bizim Yol» qəzeti “Eurovision” müsabiqəsinə final istisna olmaqla biletlərin əksəriyyətinin satılmadığını xəbər verib. Redaksiyamıza daxil olan müraciətlərə əsaslanıb büdcə təşkilatlarında, təhsil müəssisələrində, bələdiyyələrdə məcburi bilet satıldığını yazmışdıq.
Dünən Nəqliyyat Nazirliyinin Bakıya gələn turistlərin sayı ilə bağlı yaydığı rəsmi məlumat «Bizim Yol»un xəbərlərini təsdiqləyib. Qurumun məlumatında bildirlir ki, 21 may tarixinədək “Eurovision-2012” mahnı müsabiqəsi ilə bağlı Bakıya 42 ölkənin nümayəndələri gəlib. Gələn iştirakçıların ümumi sayı 671 nəfərdir.
Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev “Bizim Yol” qəzetinə açıqlamasında ölkəyə təxmin edilən sayda turistin gəlməməsini viza rejimi ilə bağlayıb. “Nə vaxta qədər ki, Azərbaycanda Qərbi Avropa ölkələri vətəndaşlarına qarşı viza rejimi tam aradan götürməyib “Eurovision”a olan gözləntilər baş tutmayacaq. Gürcüstandan, Rusiyadan olan turistlər səfər üstü “Eurovision” da iştirak etmək istəyirlər. Onlar “Eurovision”un Təşkilat Komitəsindən viza almaq üçün müraciət etməlidirlər. Bu da müəyyən qədər insanları “Eurovision” da iştirakdan çəkindirir. Bu gün Azərbaycana gözlənən qədər turistin gəlməməsi Qərbi Avropa ölkələrinin vətəndaşlarına sərtləşdirilmiş viza tətbiqi ilə bağlıdır”.
Ə. Əliyev bildirib ki, “Eurovision” a gəlmək istəyən hər bir şəxs Təşkilat Komitəsinə müraciət eləməlidir. Onların iştirakı təsdiq olunub, hər birinə dəvətnamə göndərilməlidir. Yalnız bundan sonra turist Azərbaycana gələ bilər. “Bu təşkilat hər iştirakçı üçün əlçatan deyil. Almaniya, Fransa vətəndaşı gəlib Azərbaycanda qanunsuz miqrant kimi yaşayan deyil. Onlara ciddi viza rejiminin tətbiq edilməsi onları Azərbaycandan uzaq salmağa xidmət edir. Mən təkli edirdim ki, Qərbi Avropa ölkələrindən gələn vətəndaşlar üçün viza rejimi ləğv edilməlidir”.
Mərkəz rəhbəri Ə. Əliyev turistlərin qarşılanması üçün tələsik işlərin aparıldığını və nəticədə büdcədən ayrılan pulların səmərəli istifadə olunmadığını çatdırıb. “3,6 aya görülməli işlər bir aya görüldü. Torpaq işləri başa çatmadan asfalt çəkildi. Sabah onlar hamısı uçub, söküləcək. Bu tezliklə edildi ki, turistlərin səfərindən əldə olunan gəlir bu ziyanı kompensasiya edəcək. Amma viza problemi olduğuna görə Azərbaycan bu vəziyyətə düşdü. Hakimiyyətdə təmsil olunan şəxslər bu durumun yaranmasında guya müxalifətin, qeyri-hökumət təşkilatlarının ölkədə qeyri-stabil vəziyyətin olması haqda məlumat yayması ilə əlaqələndirdilər. Bu təbii ki, əsassızdır. Bu gün dövlət təşkilatları “Eurovision” a bilet satmaq əməliyyatı keçirirlər. Azərbaycanda hamı bilet satır. Halbuki verilən vədlər, görülən işlər tamam başqa cür idi”.
“Eurovision” öncəsi ölkədə qeyri-qanuni yaşayan miqrantlara qarşı sərt addım atılacağı da bildirildi. Miqrasiya Mərkəzinin rəhbəri ötən aylara nisbətdə mayda daha çox miqrantın ölkədən çıxarıldığını təsdiqlədi. “Bu gün Azərbaycanda küçə uşaqlarının, dilənçilərin, narkomanların küçələrdən kütləvi yığışdırılması tədbiri keçirilir. Ən çox homoseksuallara şərait yaradılır ki, müəyyən müddətdən sonra küçələrdə görünsünlər. Dövlət Miqrasiya Xidməti, Daxili İşlər Nazirliyi miqrantlara münasibətdə sərt siyasət həyata keçirirlər. Nə yaxşı ölkədən qaçqınlıq almaq üçün müraciət edən şəxslər çıxarılmır. Həmin şəxslərlə intervü almağa, onlar barədə araşdırma aparmağa imkan verilmir”.
Ə. Əliyev bu yaxınlarda Tiflisdə olub. Qarşısına Bakıda dilənən uşaqlar çıxıblar. Onlar Azərbaycandan qovulduqlarını deyiblər. “2012-ci ildə 11.950 əcnəbi əmək fəaliyyəti ilə məşğul olmaq üçün icazə ala bilər. Bu kvotaya nə dərəcədə əməl olunur? Bu proses şəffaf deyil. Dövlət qurumları bununla bağlı hesabat vermirlər”.
Sevinc VAQİFQIZI
Bizimyol