Tarix : 2012 May 23
Kod 30575

“İrana söykənib ayaqa dura bilmişik”

Naxçıvanlı müəllim Zahid Oruca cavab verir
عادلی/Aran agentliyi

Naxçıvanlı müəllim Zahid Oruca cavab verir

 

Azərbaycan-İran münasibətlərinin gərgin atmosferdə olduğu bir zamanda iqtidar tərəfindən “millət vəkili” təyin edilmiş Zahid Oruc ölkəmizdə İrana qarşı etirazların davam etməsini, rəsmi Bakının Tehrana qarşı bloka qoşulmasını dəstəkləyib: “Hesab edirəm ki, Qərbin İrana qarşı sanksiyalarına və iqtisadi blokadasına Azərbaycan da qoşulmalıdır.”

Z.Oruc kimi millətin dərdini nəinki çəkməyən, hətta dərdindən xəbərsiz olan birisinin belə söz deməsi təəccüblü deyil. Müstəqil fikir sahibi olmayıb, hakimiyyətin sifarişilə danışmağa adət etmiş bu marionet fiqur hardan bilsin ki, Azərbaycan əhalisinin böyük hissəsi məhz İranın hesabına ailəsini dolandırır, ən adi xəstəliklərinin müayinə və müalicəsi üçün məhz İrana yollanır, minlərlə vətəndaşımızın həyatını İran həkimləri xilas edir, dəva-dərmanını, sərhədyanı rayonların camaatı isə hətta adi gündəlik ərzaq məhsullarını, tələbat mallarını belə İrandan alıb gətirir.

Kim bilməsə də, biz naxçıvanlılar çox gözəl bilirik ki, ən ağır günlərdə biz İrana söykənib ayaqa dura bilmişik. Evlərimizdə 30 dərəcə şaxta olan dövrdə İran qazı ocaqlarımızı qızdırdı, balalarımızı donmağa qoymadı. Qaranlığa qərq olmuş Naxçıvan İrandan verilən eliktrik enerjisi sayəsində işıqlandı. Azərbaycanın digər ərazisi ilə yeganə magistral yol məhz İran ərazisindən təmin edildi. Bu yol bir həftə bağlansa, qaz bir qış mövsümü verilməsə, işıqlar kəsilsə, sərhədimiz bir ay qapansa, biz bilirik nələr çəkərik. Bunu Zahid Oruc kimi haram yolla mandat alıb, haram yolla ailəsinin çörəyini çıxaranlar, millətin sərvətini talayıb, cibini soyub, torpağını satıb, harınlayanlar, adi xəstəliyini Amerikada, Avropada müalicə etdirənlər, balalarını xaricdə oxutduranlar, yayları okean adalarında dincəlib, qışları İsveçrədə xizək sürənlər, Azərbaycana yalnız gəlir mənbəyi kimi baxıb, balalarına, nəvələrinə xarici dövlətlərdə bahalı villalar, dəm-dəstgahlar alanlar və onlardan tula payı alıb sifarişlə danışanlar bilməz!

Qərbin İrana qarşı sanksiyalarına və iqtisadi blokadasına Azərbaycan da qoşulmaqla, nəyə nail olmaq istəyirik? İran iqtisadiyyatının çökməsinəmi? Bu baş verdikdə, bundan axı bizlər, sıravi Azərbaycan vətəndaşları da əziyyət çəkmiş olarıq. Üstəlik, Arazın o tayında yaşayanlar elə bizim millət deyilmi? Başqa vaxt Təbriz deyib bağıranlar indi o tayda yaşayan millətimizin iqtisadiyyatını çökdürməyi, təbrizlini də bizim kimi möhtac etməyi təklif edirlər.

Siyasi bəyanatlar milli qeyrətdən, ləyaqətdən, səmimiyyətdən uzaq olduqda, sarsılan Azərbaycan-İran münasibətləri yox, bizim milli qeyrətimiz, ləyaqətimiz və şərəfimiz olur. Zahid Orucun bəyanatı qardaşı qardaşa qarşı qoymağa, o taydakı qardaşlarımızın çörəyini tapdalamağa, balalarını ac qoymağa səsləyir. Bu adama heç maraqlı da deyil ki, Qərbin İrana qarşı sanksiyalarına və iqtisadi blokadasına Azərbaycan da qoşulmaqla, bundan ən çox zərər çəkən İran iqtisadiyyatı yox, Azərbaycan iqtisadiyyatı olacaq. İqtisadiyyatdan azacıq başı çıxanlar üçün aydın məsələdir ki, bir ay İranla sərhədlərimiz bağlansa ölkəmizin iqtisadiyyatı üçün hansı fəlakətlər üz vermiş olar.

İrana qarşı sanksiyalara qoşulmaqla, qardaşlarımıza qarşı savaşda düşmən səngərində yer almağı təklif edən Zahid Oruc hələ utanmadan deyir ki, “İran normal qurucu müttəfiqlik üçün nə qədər yararsızdırsa, düşmənçilik, daxili sabitliyi pozma imkanları da o qədər böyükdür”. Amma kor-kor, gör-gör! Düşmənçilik və daxili sabitliyi pozma amalını kim daşıyır, İran, yoxsa Zahid Oruc kimi marionetlərin ipini oynadan iqtidar?!

 

Əli Məmmədov

Naxçıvan, müəllim

  • Yazılıb
  • da (də) 2012 May 23