Tarix : 2012 May 23
Kod 30579

Azadlığa buraxılmış HİCAB məhbusu: “Bizim iradəmiz daha da möhkəmləndi”

Bir neçə gün əvvəl Bakıdakı 16 saylı Cəzaçəkmə Müəssisəsindən azadlığa buraxılan “Hicaba azadlıq” aksiyasının...
/Aran agentliyi

Bir neçə gün əvvəl Bakıdakı 16 saylı Cəzaçəkmə Müəssisəsindən azadlığa buraxılan “Hicaba azadlıq” aksiyasının iştirakçısı Elşən Abbasov deyir ki, 15 gün artıq cəza çəkib. Keçmiş məhbus “Media forum” saytına açıqlamasında Azərbaycandakı məhkəmə sisteminə inanmadığına görə Nərimanov Rayon Məhkəməsinin 23 dekabr 2011-ci il hökmündən apellyasiya şikayəti vermədiyini bildirib.

Elşən Abbasov 1978-ci ildə Bərdə şəhərində doğulub. Orta təhsillidir. Həbs olunana qədər Bərdə şəhərində ticarətlə məşğul olub.

- Bizi 2011-ci ilin mayın 6-da həbs etdilər. Həbs olunanda bizə inzibati qaydada 15 sutka həbs verdilər. Həbs müddəti bitməmiş isə barəmizdə həbs qətimkan tədbiri seçdilər və cinayət işi açıldı. Nərimanov Rayon Məhkəməsi haqqımda hökm çıxararkən həbsdə yatdığım 15 sutkanı nəzərə almadı. 1 il azadlıqdan məhrumetmə müddəti barəmdə həbs qətimkan tədbiri seçilən gündən hesablandı.

Mən birinci instansiyanın qərarından apellyasiya şikayəti vermədim. Ona görə lazım bilmədim ki, məhkəmə sisteminə inamım yoxdur. Hesab etdim ki, bunun heç bir faydası yoxdur. Bilirdik ki, bu qərarlar xüsusi tapşırıqla çıxarılır.

- Siz 2011-ci il mayın 6-da Təhsil Nazirliyinin qarşısında keçirilən aksiyada necə iştirakçı oldunuz? Təsadüfən Bakıda idiniz? Yoxsa aksiyada iştirak eləmək üçün gəlmişdiniz? Ümumiyyətlə, sizin ailədə hicablı qızın təhsil ala bilməmək problemi varmi?

-Yox, ailəmizdə elə bir problem yoxdur. Aksiyada iştirak etmək üçün xüsusi olaraq Bərdədən Bakıya gəlmişdim. Təhsil Nazirliyi hicablı qız uşaqlarının təhsil almasına mane olur. Bu isə bütün inanclılar, dindar olan kəs üçün ağırdır. Allahın hökmüdür ki, yetkinlik yaşına çatan qızlar hicabı olmalıdır. Biz həmin gün sivil qaydada öz etirazımızı bildirdik, amma bizi haqsız yerə həbs etdilər.

Bu həbslər bizi daha da möhkəmləndirdi, bizim əhval-ruhiyyəmizi daha da yaxşılaşdırdı. Nə qədər bu kimi problemlər həll olunmayıb, öz mübarizəmizi sivil yolla aparacağıq.

- Siz Cinayət Məcəlləsinin 233-cü - ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə maddəsi ilə ittiham olunmusunuz. Sizin təşkilatçılığınız vardımı?

- Guya mən orada yığışan insanları qızışdırmışam. Amma məhkəmə proseslərində sübuta yetirilmədi ki, mən hansı formada təşkilatçılıq etmişəm. Prokuror da, hakim də gördülər ki, belə bir şey yoxdur.

 

- Bəs sizin əleyhinizə şahidlik edənlər kim idi?

- Polis əməkdaşları. Daha doğrusu, dövlət məmurları.

- Saxlandığınız 16 saylı Cəzaçəkmə Müəssisəsində sizə və digər dindarlara münasibət necə idi?

- 16 saylı Cəzaçəkmə Müəssisəsində xeyli dindar var idi. Hacı Taleh Bağırov, Ramin Bayramov və başqaları. Orada hər bir dindara münasibət yaxşı olub, istər Penitensiar Xidmətin əməkdaşları olsun, istərsə də dustaqlar.

- Sizin dini təhsiliniz varmı?

- Mən özümü adi dindar şəxs hesab edirəm və dini təhsilim yalnız mədrəsə səviyyəsindədir. Maştağadakı mədrəsələrin birində oxumuşam.

- Barəsində həbs cəzası çıxarılanları cəzaçəkmə müəssisəsinə islah olunmaq üçün göndərirlər. Bəs siz özünüzü islah olunmuş hesab edirsinizmi?

- Mən hər hansı cinayət eləməmişəm ki, islah da olunum. Biz öz haqqımızı tələb edirdik. Bizim haqqımızda həbs qərarı çıxaranlar unudurlar ki, cinayət törətməyən adamlardan islah gözləmək olmaz. Əksinə, biz daha da qüvvətləndik, iradəmiz daha da möhkəmləndi. Eyni zamanda Azərbaycanda bir çox həqiqətləri də gördük. Bizə aydın oldu ki, istər müstəntiqlər, istər hakimlər haqsız işlər görürlər. İnsanlar haqsız yerə həbs olunurlar. Obrazlı desək, kor adamın üzərindən silah çıxarırlar. Bu kor adam kimi görür ki, silah gəzdirsin və kimisə öldürmək istəsin?

HaqqYolu

  • Yazılıb
  • da (də) 2012 May 23