/Aran agentliyi
Hicab məhbusu İlahiyyatçı Hacı Tale Bağırov, May ayının 20-ində axşam saat 19-20 radələrində Memar Əcəmi metro stansiyası yaxınlığında yerləşən "Killer" kişi geyimləri mağazasının qarşısında polis əməkdaşları tərəfindən heç bir səbəb göstərilmədən həbs edilmiş Azadxeber.az saytının Baş Redaktoru Nicat Əliyevin təcili azadlığa buraxılması üçün bəyanat verdi.
"Rəhman və Rəhim olan Allahın adı ilə"
Allahın salamı olsun müsəlman bacı və qardaşlarıma. Hər bir Azərbaycanlıya yaxşı məlumdur ki, bəşəriyyət 21-ci əsri, haqsızlıq, ədalətsizlik, məcrasından çıxaraq, coşub-daşan bir cəhalətin baş qaldırdığı təlatümlə qarşıladı. Əfsuslar olsun ki, baş verən hadisələr, Allah Mütəalın, bəşər övladının xilası üçün göndərdiyi sonuncu səmavi din olan İslam dinindən də yan keçmədi. Müsəlman ölkələrində baş verən haqsızlıq və ədalətsizliklər sübut edir ki, qəsbkar, işğalçı, şeytani qüvvələrin əsas hədəfi, İslam dininə və onun müqəddəs dəyərlərinə zərbə vurmaqdır. Təəssüf hissi ilə bildirirəm ki, belə ədalətsizlik və haqsızlıqlar vətənimiz Azərbaycanda da açıq aşkar görsənməkdədir. Bəzən özlərini Avropa və onun iyrənc dəyərlərinə sadiq olaraq göstərməyə çalışan Azərbaycanda hakimiyyətə yiyələnmiş hakim rejim, nəinki öz millətinin hüquq və azadlığını əlindən alır, hətta milli və dini dəyərlərinə sahib çıxan, İslami dəyərləri müdafiə edən mömin qələm əhlini, ziyalıları təhqir edir onlara zor tətbiq edərək qanunsuz olaraq həbs etdirir. Və gərəkirsə canlarını belə almaqdan çəkinmir. Azərbaycanımızda, şəhidləri ilə dünyaya tanınan vətənimizdə son illər bir çox xoşagəlməz hadisələr baş verib ki, bütünlükdə onların hamısı İslam dininə və onun müqəddəs dəyərlərinə qarşı yönəlmiş təxribatlardır. Belə ki, misal olaraq ölkəmizdə baş verən Azan qadağası, Məscidlərin vəhşicəsinə dağıdılması, Xanım Fatimeyi Zəhranın müsəlman xanımlara əmanət qoyub getdiyi Hicabın, orta məktəblərdə qadağan edilməsi, İslami atributların Metro ticarət məkanlarında satışının ləğv edilməsi, haqq və ədalət naminə öz səslərini ucaldan möminlərin, İmam Hüseyn (ə)-ın Azadlıq məktəbinin davamçılarından sayılan gənclərin şərlənərək həbsxanalara salınması və bir çox qeyri-qanuni əməllər, bir daha isbat edir ki, hakim rejimin məmurları öz çirkli əməllərinin vasitəsi ilə İslam dinimizə və onun müqəddəs dəyərlərinə zərbələr vurmaqla xəyanət edirlər. Mənim bu sözlərimin doğru-düzgün olmasını anlamaq istəyənlər 2011-ci ilin 6 May "Hicab" aksiyasına nəzər salsınlar. "Hicaba Azadlıq" şüarı altında baş verən etiraz aksiyası, vacib olan bir amili hamıya dərk etdirdi. Azəri möminlərinin əməli yalnız Allaha xatirdir, onların bəhrə apardıqları elm Qurani Kərimdir, Azəri möminləri nə hakim rejimin, nə müxalif qüvvələrin, nə də Xaricdən sifarişlə verilən siyasi oyunların iştirakçısı deyildir. Buna baxmayaraq dinsiz-imansız Dövlət məmurları, uzun illər boyunca özlərini xalqa sırımağ istəyən, guya xalq dərdi çəkən qara qüvvələr, dinini, imanını, namusunu, torpağını hər vəchlə gələn-gedənə satmaq istəyənlər haqq əhlinə qara yaxmalar etməklə İslamdan ayrılması mümkün olmayan Azərbaycan xalqına və onun möminlərinə xəyanət etdilər. Malını və canını bu torpağa onun dininə fəda etməyə hazır olan müsəlman və möminlər hal-hazırda bu xəyanətin qurbanlarıdır. Onlar təhqir edilir, təhdid edilir mənəvi zərbələrə məruz qalır və həbs edilərək zindanlara salınırlar. Amma şükürlər olsun, bütün bu xəyanətlərə baxmayaraq ötən bir il ərzində bir daha təsdiq olundu ki, Azərbaycan möminləri həm Allahın həmçinin öz millətinin qarşısında alnı açıq üzü ağdır. Hakim rejim nə qədər səy etsədə həqiqi möminlərin vicdanını ləkələyə bilmədi. Fitnələr yaradaraq fəsad törədərək həqiqi Azəri möminlərinin ruhiyyəsini zəiflədib poza bilmədi."
"2011-ci il "Hicaba Azadlıq" şuarı altında baş tutan aksiyanın iştirakçıları kimi 10-larla Azəri mömini zindanlara salındı. Amma onlar şərəf və ləyaqətlərini əldən verməyərək öz əqidələrində sabit qədəm dayandılar. Zalım rejimə əyilməyərək Allah Mütəalın lütf və kərəmi sayəsində dahada əyilməz olaraq başqalarına nümunə oldular. Haqq və ədalət naminə bildirirəm ki, Hicab məhbuslarının çətin günlərində, çoxlu sayda müsəlman, mömin bacı və qardaşlarımız onları unutmadılar. Həbs edilənlərin, döyülüb əzilənlərin müdafiəsinə qalxdılar. Müsəlman və möminlər dua etməklə kifayətlənməyib bütün mümkün vasitələrlə bizlərlə həmrəy olduqlarını nümayiş etdirdilər."
Əfsuslar olsun ki, bu dövrlər ərzində bir çox jurnalist və qələm əhli, zalım rejimin dəyirmanına su tökərək bizi qınadılar. Bəzi yazarlar bizlərə şər-böhtan ataraq bizim haqq əməllərimizə İran donu geyindirdilər. Və bizi İrana bağladılar. Allhın lütf və kərəmi sayəsində onların bu fitnələri baş tutmadı. Çünki bu zaman Allah Mütəal, qəlbləri İmam Hüseyn sevgisi ilə döyünən yazar, jurnalist və ziyalıları bizdən əsirgəmədi. Fitnə dönəmində bütün varlığı ilə İslama xidmət edən, Azəri möminlərinin dəyərli, ləyaqətli qardaşlarından olan Azadxeber.az saytının Baş Redaktoru Hacı Nicat Əliyev, əsil mücadiləyə başladı. O, Kütləvi İnformasiya vasitələrində, mətbuatda Xanım Fatimeyi Zəhranın Hicabına qarşı qoyulmuş qadağaya, ona qarşı yönəlmiş təcavüzə qarşı mübarizəyə qoşuldu. Bir il ərzində Hicab aksiyasını, onun əhəmiyyətini, zindana salınmış mömin qardaşların həyatını çətində olsa, gündəmdə saxladı. Biz dəyərli mömin qardaşımız Hacı Nicat Əliyevin apardığı işlərdən xəbərdar idik. Və bilirdik ki, zalım rejimin dırnaqarası qoçuları onu bu əməllərinə görə təhdid edir, ona təpgilər göstərir, onu haqq yoldan çəkindirməyə çalışırlar. Lakin Hacı Nicatı zalım rejimin nə təpgisi, nə təhdidi tutduğu haqq yoldan çəkindirə bilmədi. Ötürdüyümüz bir il ərzində, zindana salınan möminlərə qarşı qara-yaxmaların dəf olunmasında Hacı Nicat əlindən gələni əsirgəmədi. Hacı Nicat Əliyevin bu səyləri zalım rejimi və onun sifarişli iş görənlərini ciddi narahat etməyə başladı. Sonda isə bu hakim rejim həmçinin ona qul olanlar, Nicat Əliyevin apardığı mücadiləyə tab gətirə bilməyərək, onun haqq səsini boğmaq üçün, haqq əməlinin qarşısına sipər çəkmək üçün, son bir varianta yəni onun həbsinə rəvac verdilər. Özüdə bunu adət etdikləri özlərinə məxsus bir qaydada etdilər. Qara-yaxma, şər və bötanla həyata keçirtdilər. Mömin bir insanı narkotikdə ittiham edərək onun mənəviyyatını bu cür ləkələməyə çalışdılar.
Mən həqiqi möminlərin adından bəyan edirəm!
Hacı Nicat Əliyev heç zaman narkotik istifadəçisi olmayıb. O, Allahın vacib buyurduqlarına əməl edən, haram buyurduqlarından çəkinən şəxsdir. Azəri möminlərinin ləyaqətli qardaşı olan Hacı Nicat Əliyev pak niyyətli, İslami ruhiyyəli, Allahı, Peyğəmbəri və İmam Hüseyni sevən, Qurani Kərimə sidq ürəklə xidmət göstərən, haramlardan uzaq duran, millətini, vətənini sevən bir gəncdir. Və biz onunla fəxr edirik. Azərbaycanın həqiqi möminlərinin adından tələb edirik ki, gənc Azəri mömini, jurnalist, Azadxeber.az saytının Baş Redaktoru Nicat Əliyev dərhal azadlığa buraxılsın. Onun pozulmuş hüquqları bərpa olunsun və ona qarşı olunan haqsızlıqlara son qoyulsun.
Hicab məhbusu Hacı Tale Bağırov.
HaqqYolu