Dünyanın diqqəti Azərbaycana yönəlib; hakimiyyət ifşaedici tənqidlərin hədəfinə çevrilib
/Aran agentliyi
HaqqYolu - “Ərəb dünyasının CNN-i” adlandırılan Qətərin “Əl-Cəzirə” kanalı AXCP-nin təşkilatçılığıyla srağagün Milli Parkda keçirilən “fləşmob” aksiyasından xəbər yayımlayıb. Xəbərdə, müxalifət tərəfdarlarının keçirdiyi dinc etiraz aksiyasının polislər tərəfindən zorakılıqla dağıdıldığı və fəalların həbs olunduğu deyilir: “Polis askiya iştirakçılarını zorakılıqla tutaraq maşınlara doldurdu. Müxalif fəallar həbs olunarkən ”Azadlıq!" şüarını səsləndirirdi".
“Əl-Cəzirə” Azərbaycanda totalitar idarəçiliyin hökm sürdüyünü, insan hüquq və azadlıqlarının sərt qaydada məhdudlaşdırıldığını bildirib. Telekanal Norveç Helsinki Komitəsinin müşahidəçisi Ander Nielsenin “AFP” xəbər agentliyinə açıqlamasına da yer verib. Nielsen xəbər agentliyinə deyib ki, Azərbaycanda baş verən son hadisələr ölkədə totalitar rejimin hökm sürdüyünü söyləməyə əsas verir.
“Ərəb dünyasının CNN-i” ölkəmizin “Eurovision” musiqi yarışmasına ev sahibliyi etməsinə və hakimiyyətin vətəndaşların mülkiyyət hüquqlarını pozmasına da toxunub: “Şənbə günü Bakıda ”Eurovision" musiqi yarışmasının finalı keçirildi. Azərbaycan hakimiyyətinin əsas məqsədlərindən biri də yarışma vasitəsilə Bakını beynəlxalq mədəniyyətin mərkəzi kimi təqdim etmək idi. Lakin müstəqil və müxalif fəallar deyir ki, hökumət “Eurovision”a yarışma üçün rekord sayıla biləcək həddə - 100 milyon dollar vəsait xərcləyib. Bu qədər vəsaitə baxmayaraq, yarışmayla əlaqədar “şəhərin abadlaşdırılması” adı altında təxminən 4 min mənzil yerlə-yeksan edilib, 50 minə qədər vətəndaşın mülkiyyət hüququ pozulub".
AXCP-nin Milli Parkda keçirdiyi dinc “fləşmob”un zorakılıqla dağıdılması və müxalifətçilərin həbsi barədə məlumatlar “AFP”, “Reuters”, “BBC” kimi xəbər agentlikləri tərəfindən də yayılıb. Dünyanın aparıcı qəzet və jurnalları, televiziya və radioları həmin xəbərləri tirajlayaraq, “Eurovision”un keçirildiyi ölkədə insan hüquq və azadlıqlarının kobudcasına pozulduğunu bildiriblər.
“ABC News”: “Insan haqlarının pozulması ”Eurovision"u çirkləndirir"
ABŞ-da yayımlanan “ABC News” nüfuzlu musiqi yarışması fonunda Azərbaycanla bağlı reportaj yayımlayıb. Reportajda “Eurovision” yarışmasının tarixi barədə qısa məlumat verilib. Kanal yarışmanın bu il insan haqlarının, o cümlədən sərbəst toplaşmaq azadlığının məhdudlaşdırıldığı Azərbaycanda keçirildiyini bildirib. “ABC News” yarışmaya hazırlıq məqsədilə paytaxtımızda aparılan tikinti-söküntü işlərinə də toxunub. Reportajda deyilir ki, konsert zalının tikintisi aparılan ərazidə sakinlər “deportasiya” olunub. Kanalın əməkdaşı evi sökülən paytaxt sakinindən baş verənlərlə bağlı açıqlama da götürüb. ABŞ kanalı reportajı “Insan haqlarının pozulması ”Eurovision"u çirkləndirir" şəklində təqdim edib.
CNN: “Əliyevlər ailəsi bütün özəl sektora nəzarət edir”
Dünya mediasının gündəmini zəbt edən “Eurovision” yarışması, eləcə də Azərbaycanda insan haqlarının durumu CNN kanalının da diqqətindən yayınmayıb. CNN-də yayımlanan “Eurovision mahnı müsabiqəsi nə üçün Azərbaycanda keçirilməməlidir?” adlı reportajda deyilir ki, Əliyev hakimiyyəti xüsusilə korrupsiya ilə tanınır və “Transparency International” ölkəni dünyada ən çox korrupsiyaya uğramış dövlətlər sırasında göstərir. Kanal hakim ailənin biznes fəaliyyətinə də toxunub: “Məlumatlara görə, Əliyevlər ailəsi mobil telefon operatorları, inşaat, ev alqı-satqıları, aviasiya və təbii ehtiyatlar da daxil olmaqla, demək olar ki, bütün özəl sektora nəzarət edir”.
BBC: “Eurovision” - hədiyyə və azadlıq üçün oxuyanlar"
BBC-nin müxbiri Stiv Rozenberqin Bakıdan hazırladığı reportajda da “Eurovision” fonunda ölkəmizdəki ictimai-siyasi durumdan bəhs olunur: “26 ölkə küçələrində söz azadlığı və demokratiya tələblərinin səsləndiyi Bakıda ”Eurovision"un finalında mübarizə aparır. Paytaxtda hər kəs musiqi yarışmasının keçiriləcəyindən xəbərdardır. “Öz odunu alovlandır” şüarı bütün şəhəri bürüyüb. “Eurovision”la bağlı reklam şitləri, elanlar və hətta Londondan alınmış 1000-dən çox taksilər paytaxtda keçirilən musiqi yarışmasından xəbər verir. Əlavə edək ki, London taksilərinə əhali yeni ad da qoyub. Onlar “təkərli badımcan” adlandırılır".
Stiv Rozenberq reportajında onu da qeyd edir ki, yarışma ərəfəsində beynəlxalq hüquq-müdafiə təşkilatları Azərbaycan hakimiyyətini demokratiyanı məhdudlaşdırmaqda, söz azadlığını boğmaqda və siyasi rəqiblərinə təzyiqlər göstərməkdə günahlandırıb. Hökumət isə bu tənqidlərin ədalətsiz və Qərbin çirkin kampaniyasının tərkib hissəsi olduğunu deyir.
BBC reportyoru ölkəmizdə sərbəst toplaşmaq azadlığına məhəl qoyulmadığı, hökumətin dinc etiraz aksiyalarını zorakılıqlarla dağıtması kimi məsələlərə də toxunub: “Bu həftə hökumət qüvvələri Ictimai Televiziyanın qarşısında keçirilən hökumət əleyhinə aksiyanı zorakılıqla dağıtdı. Aksiya iştirakçıları ”Siyasi məhbuslara azadlıq!" tələbini səsləndirirdi. Polis 30-dan çox aksiya iştirakçısını həbs etdi".
“Yerli fəalların başlatdığı ”Demokratiya naminə oxu" (Sing for democracy) kampaniyasının məqsədi “Eurovision” iştirakçılarının və ölkədə gələn qonaqların, xarici media təmsilçilərinin diqqətini insan haqlarının durumuna yönəltməkdir. Isveçin “Eurovision” təmsilçisi Lorenin yerli fəallar, hüquq müdafiəçiləri və müxalifət təmsilçilərilə görüşməsi Azərbaycan hakimiyyətinin qəzəbinə səbəb olub", - deyə BBC reportyoru Bakıdan hazırladığı reportajda bildirib.
“The Independent”: “Əliyev avtoritar və korrupsioner ölkə başçısıdır”
Bundan başqa, Ingiltərənin “The Independent” qəzetində də musiqi yarışması fonunda Azərbaycan hakimiyyətini hədəf alan məqalələr yayımlanıb. Məqalələrdən biri belə başlayır: “Bu gün (dünən) ”Eurovision" musiqi yarışmasının finalıdır. Ancaq finalın keçiriləcəyi konsert zalının yaxınlığında onlarla müxalifət fəalı “Azadlıq!” şüarını səsləndirdiyinə görə polislərlər tərəfindən həbs olunaraq avtobuslara doldurulub. Neftlə zəngin Azərbaycan 25 min tamaşaçı tutumlu konsert zalı tikdirib, yarışmanın hazırlığına 400 milyon funta yaxın pul xərclənib. Bakıdakı yarışma “Eurovision” tarixində ən bahalı tədbir kimi də dəyərləndirilir. Ilham Əliyevin avtoritar rejimini tənqid edənlər təhdid və şantaj olunur, döyülür. Baş verənlərdən sonra Bakının musiqi yarışmasının keçirilməsi üçün əlverişli yer olmasıyla bağlı suallar gündəmə gəlib".
Məqalədə daha sonra deyilir ki, hüquq müdafiəçisi Peter Tatçel Ingiltərəni yarışmada təmsil edən Enqelbert Humperdinq və digər iştirakçılara müraciət ünvanlayaraq, Azərbaycanda diktator rejiminin hökm sürdüyünü əks etdirən stend hazırlamasını xahiş edib. Həmin stendə istənilən faktlar, yaxud da sadəcə, “Mən azadlığı sevirəm” kimi sadə cümlələrin yazılmasını təklif etib. “The Independent” srağagün AXCP-nin təşkilatçılığıyla keçirilən fləşmob zamanı baş verənlərə və gənclərin həbsinə toxunub. Qəzet yazır ki, ölkəmizdə insan haqlarının durumunun pis olmasına baxmayaraq, “Eurovision” yarışmasının təşkilatçılarından Avropa Yayım Birliyi Azərbaycan hakimiyyətini tənqid etməkdən çəkinir. Buna görə də təşkilat beynəlxalq hüquq-müdafiə təşkilatları tərəfindən sərt tənqid olunub.
Britaniya qəzeti həmçinin Ilham Əliyevin avtoritar və korrupsioner ölkə başçısı olduğunu yazıb. “The Independent” qeyd edir ki, Ilham Əliyev 2003-cü ildən ölkəni idarə edir. O, hakimiyyəti atasından təhvil alıb. Əliyevin ailəsi və ona yaxın şəxslərin adı qalmaqallı korrupsiya əməllərində hallanır. Bu faktları aşkarlayan jurnalistlər hücumlara məruz qalır və şantaj olunur. Hökumətin musiqi yarışmasına hazırlığı da ifşa olunub: “Yarışmaya hazırlıq məqsədilə paytaxtın mərkəzindəki köhnə tikililər sökülüb. Ev sakinlərinə kifayət qədər kompensasiya verilmədiyindən onlar etirazlarını bildiriblər. Buna baxmayaraq, sakinlər polis gücü ilə evlərindən çıxarılıb”.
“The Independent” qəzetindəki başqa bir məqalə isə beynəlxalq insan haqları təşkilatı “Human Rights Watch”un rəsmisi Georgi Qoqiyanın imzası ilə yayımlanıb. “Eurovision”la əlaqədar ölkəmizə ezam olunmuş Georgi Qoqiya Bakı və burada baş verənlərlə bağlı təəssüratlarını paylaşıb. “Human Rights Watch” rəsmisi musiqi yarışmasından dolayı paytaxtın mərkəzində aparılan tikinti-söküntü işlərinə toxunub. O, kiyfayət qədər kompensasiya ödənmədiyi halda, sakinlərin evlərindən çıxarıldığını, buna etiraz edənlərin isə evlərinin buldozerlərlə dağıdıldığını yazıb. Georgi Qoqiya hökumətin vətəndaşların mülkiyyət hüquqlarını kobudcasına pozduğunu yazıb. Təşkilat rəsmisi Bakıdan hazırladığı reportajda evləri sökülən paytaxt sakinlərindən açıqlamalar alıb.
“The Telegraph”: “Bakıda vəziyyət gərgin olaraq qalır”
“Bakı küçələrində vəziyyət gərgin olmaqda qalır. ”Eurovision" finalı öncəsi 70 müxalif fəal həbs edilib. 100-ə yaxın fəal “Crystall Hall”a mənzərə açılan yerdə yığışıb demokratik azadlıqların bərpa olunması və siyasi məhbusların azad edilməsi tələbilə aksiya keçirirdilər. Mülki geyimli polislər fəalları kütlənin içində sürüyərək ətrafdakı izləyiciləri şoka salmışdılar" - bunu Ingiltərənin nüfuzlu qəzetlərindən olan “The Telegraph” yazır.
“Eurovision” yarışmasını izləmək üçün ölkəmizə gələn kanadalı turist şahidi olduğu mənzərədən heyrətləndiyini “The Telegraph”a deyib: “Utancverici mənzərədir. Bu ölkənin özünü dünya arenasında yaxşı təmsil etmək üçün gözəl imkanı var idi. Bu gün gördüklərimdən sonra isə buna əmin deyiləm”.
Qəzet daha sonra yazır ki, musiqi yarışması neftlə zəngin ölkə üçün başağrısına çevrilib. Dünya mətbuatında “Eurovision”un göz qamaşdırıcı mənzərələrilə yanaşı, polisin vətəndaşlara qarşı zorakılığını əks etdirən kadrlar da yayılır.
“Əliyev Avropaya inteqrasiyadan danışsa da, reallıq başqadır”
Almaniyanın “Sueddeutsche Zeitung” qəzeti də yazır ki, “Eurovision” öncəsi Bakıda çoxları tolerantlıq və fikir azadlığından danışsa da, reallıq bunun əksini deyir. Insanlar “Azadlıq!” şüarını səsləndirdiyinə görə həbs olunur, döyülür və mənəvi təzyiqlərə məruz qalır.
Qəzet ölkədə baş verənlərin Azərbaycan rəhbəri Ilham Əliyevin “Azərbaycan Avropaya inteqrasiya edir” fikrinə zidd olduğunu yazıb. Alman qəzeti Milli Parkda AXCP-nin təşkilatçılığıyla keçirilən “fləşmob” zamanı polislərin dinc aksiya iştirakçılarını döyüdüyünü və həbs etdiyini diqqətə çatdırıb.
“Arab Times” da Bakıdakı aksiyaları tirajladı
Ərəb dünyasının nüfuzlu qəzetlərindən sayılan “Arab Times”da da ölkəmizlə bağlı məqalə yayımlayıb. Məqalə “AFP”, “Associated Press” kimi beynəlxalq xəbər agentliklərinin ölkəmizlə bağlı məlumatlarına istinadən qələmə alınıb. “Arab Times” yazır ki, “Eurovision” ərəfəsində dünyanın diqqəti Azərbaycandakı ictimai-siyasi duruma, insan haqları və söz azadlığının vəziyyətinə yönəlib. Qəzet Ictimai Palatanın və AXCP-nin keçirdiyi son etiraz aksiyalarına toxunaraq, hökumətin ölkədə insan haqları və söz azadlığını məhdudlaşdırdığını vurğulayıb.
Azadliq.az