Tarix : 2012 May 30
Kod 30736

Əcnəbi professorun aldadılması

Əlbəttə, Azərbaycan fantastik ölkədir. Buradakı fantastik korrupsiya və rüşvətxorluqla, yalanla-talanla birgə
/Aran agentliyi

Deputatlar dünən dövlət büdcəsinə dəyişiklikləri müzakirə eləyəndə maliyyə naziri Samir Şərifov maraqlı bir rəqəm dedi. Əslində təzə şey deyil, bunu illərdir bilirik, deyirik, yazırıq. Bilirik ki, bunların “analoqu olmayan dinamik inkişaf” söhbətləri boş söhbətlərdir. Ölkədə heç bir sosial-iqtisadi inkişaf yoxdur. Var neft-qaz, onların satışından gələn milyardlar, bir də həmin pulların inanılmaz bir ehtirasla, dəlicəsinə xərclənməsi, vəssalam...

Samir Şərifov bunu dünən bir daha etiraf etdi. Dedi ki, büdcə xərclərinin artırılması zamanı Dövlət Neft Fondundan əlavə transferlər olmayacaq. Vergilər Nazirliyi hesabına təmin ediləcək əlavə 600 milyon manatın 500 milyon manatı neft gəlirləri (neft sektorunun vergi ödəmələri), qalan 100 milyon manatı isə qeyri-neft gəlirləri hesabına təmin ediləcək.

Məsələ aydındır. Ölkədə xərclənən hər 6 manatın 5-i neft-qaz satışından gəlir. Yaxşı, hanı bəs qeyri-neft sektorunun inkişafını nəzərdə tutan onlarla, yüzlərlə sərəncam, qərar, dövlət proqramı, minlərlə, on minlərlə vəd, quru söz? Hanı bəs lenti kəsilən zavodlar, müəssisələr? Hanı bəs turizm sektoru? Hanı bəs inkişafına guya bir neçə milyard ayrılan aqrar sektor?

Bəli, bunların heç biri yoxdur. Bunların hamısı yalnız kağız üstündə var - sovet dövründə olduğu kimi, biz yenə də ölkədəki fısqırıq inkişafdan, məhsul bolluğundan qırıldadır, əti-yağı isə talonla kilo-kilo alırıq. Kənd təsərrüfatı əyalətin özü ilə birgə batıb gedir. Bunu da elə kənd təsərrüfatı naziri İsmət Abbasov özü deyir. O, bu il də muştuluq istədi - Azərbaycan özünü bu il də taxılla təmin edə bilməyəcək, buğdanın bir hissəsi xaricdən alınacaq.

Halbuki Azərbaycanın bu dəqiqə şoranlaşan, yovşan basan əkin sahələri ölkəni ərzaqla tam təmin edərdi. Bu yarıtmaz YAP hökumətinin sayəsində indi buğdanı da xaricdən alırıq. Bir illik AXC-Müsavat hakimiyyətini çörək problemini həll edə bilməməkdə ittiham edən YAP-çıların əllərindən bu 19 ildə heç adicə taxıl əkmək də gəlmir. Ya da belə: ölkədə buğda ilə, çörəklə oynayıb bundan yüz milyonlar qazanan nəsə qaranlıq qüvvələr var və onlar aqrar sektorun inkişafında maraqlı deyillər.

Bu sonuncunun nəticəsidir ki, kəndli əkib 10 qəpiyə başa gətirdiyi məhsulunu 5 qəpiyə də sata bilmir. Normal iqtisadi şərtlərdə isə belə ola bilməz. Parlamentdə aqrar sektoru “fırladan” YAP-çı deputat Eldar İbrahimov “analoqu olmayan sürətli, sıçrayışlı inkişaf”dan indi nə qədər danışır danışsın. Boş şeydir, bununla heç kimi aldada bilməzlər...

Hərçənd ki, bəzən istisnalar da olur, bir-iki nəfəri aldada bilirlər. Biri elə “Eurovision-2012” mahnı müsabiqəsini izləmək üçün Bakıya qonaq gəlmiş şotlandiyalı professor İan Buick. Bu alim bir həftə ərzində Azərbaycanda gördüklərindən məmnun qalıb. İan Buick ölkədə gedən inkişafa, paytaxt Bakının gözəlliyinə heyran olduğunu deyib. Şotlandiyalı qonaq ölkənin böyük sıçrayışla inkişafa qədəm qoyduğunu bildirib. Professor “Eurovision-2012” müsabiqəsinə ev sahibliyi edən Azərbaycanın bu böyük beynəlxalq tədbirin yüksək təşkilatçılıqla həyata keçirdiyini söyləyib: “Fantastik şou idi, Azərbaycan özü də fantastik ölkədir”.

Əlbəttə, Azərbaycan fantastik ölkədir. Buradakı fantastik korrupsiya və rüşvətxorluqla, yalanla-talanla birgə. Mən o şotland professorun Bakıya hansı pullarla gəldiyi, Bakıda kimin hesabına bəy kefində yaşadığı barədə dəqiq bir söz deyə bilmərəm. Amma təxminlər belədir ki, hər hansı bir əcnəbi Azərbaycana gəlib bunların leksikonundakı sözlərlə danışırsa, bunların dediyini təkrarlayırsa, əmin olun, bu adamlar neft pullarımızın qüdrətini öz cibində hiss edənlərdir. Bir əcnəbi (istər alimi olsun, istər avarası) yalnız boşqab dolusu qara kürü yeyib köpəndən sonra YAP-çı kimi danışa bilər. Bunu son 19 ilin təcrübəsi də sübut edib. Bunların Mstislav Rostropoviç adlı bir musiqiçi, Nikas Safronov adlı rəssam dostları var idi. Elə hey tərifləyirdilər. Hətta Xanhüseyn Kazımlıdan da yaxşı bəy tərifi vururdular. Aydın idi niyə, necə, neçəyə. Çox böyük pullara...

İmkanım olsaydı, o şotlandiyalı professoru məsələn, Siyəzən, Samux, Lerikə aparıb dağılmış yolları, miskin komaları, kasıb, işsiz-gücsüz, ümidsiz insanları ona göstərər, “ölkənin böyük sıçrayışla inkişafı”nı bəbəyinə soxardım...

HaqqYolu

F.Cəfərli

  • Yazılıb
  • da (də) 2012 May 30