: Bundan öncə də Azərbaycan hökuməti beynəlxalq ictimaiyyəti aldatmaq üçün İranın təzyiqi altında olduğumuzu iddia etmişdi
/Aran agentliyi
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu İranla münasibətlərdə gərginlik yaratmaqda rəsmi Bakının məqsədyönlü hərəkət etdiyini deyərək, vurğulayıb: Bundan öncə də Azərbaycan hökuməti beynəlxalq ictimaiyyəti aldatmaq üçün İranın təzyiqi altında olduğumuzu iddia etmişdi.
Yeni Müsavat qəzetinin yazdığına görə, ADP sədri Sərdar Cəlaloğlu daha sonra deyib: Mən İran və Azərbaycan arasındakı gərginliyi süni gərginlik hesab edirəm. Çünki bundan əvvəlki dövrlərdə də Azərbaycanda insan haqlarının kobud şəkildə pozulması, seçkilərin saxtalaşdırılması, ölkədəki anti-demokratik addımlara İranın ölkəmizə təsiri ilə bəraət qazandırılırdı.
Cəlaloğlu əlavə edib: Əvvəllər də beynəlxalq ictimaiyyəti aldadırdılar ki, Azərbaycana İran tərəfindən təzyiqlər var. Bu mənada ölkə vətəndaşlarına azadlıq versək, vəziyyət daha da gərgin olar. İndi Qərbin təzyiqi artdığına görə Azərbaycan hakimiyyəti guya İrandan olan təhlükənin real və böyük olduğunu göstərmək üçün bu cür süni qarşıdurma yaradır. Əks halda ərazimizin böyük hissəsini işğal edən ermənilərlə danışıq aparan iqtidar niyə İranla boş bir şeyin üstündə yaranan gərginliyi danışıqlarla yoluna qoymur, qarşılıqlı kütləvi aksiyalarla məsələlərin həllinə cəhd edir? Sadəcə, bununla Qərbə göstərmək istəyir ki, təzyiqləri dayandırsınlar, çünki İranın Azərbaycana təhdidləri böyükdür. Hakimiyyətin İran səfirliyi qarşısındakı aksiyaya müdaxilə etməməsi, əksinə, bu aksiyaları reklam etməsi onu göstərir ki, aksiyaların arxasında elə iqtidarın özü durur.