Tarix : 2012 Jun 04
Kod 30811

Vasif Talıbov haqqında yeni lətifə

Hər halda, bunun real hadisə olduğunu deyənlər də var
/Aran agentliyi

HaqqYolu - Naxçıvanın şəriksiz «hökmdarı» Vasif Talıbov barəsində cəmiyyət arasında yetərincə lətifə xarakterli şaiyələr dolaşmaqdadır. Əslində Vasif Talıbovun zaman-zaman nümayiş etdirdiyi keyfiyyətləri imkan vermir ki, danışılanların şaiyə-uydurma olduğunu və yaxud da real hadisə olduğunu ayırd edə biləsən.

Onların arasında ən məhşuru isə parlamentin sədri Oqaty Əsədovun Naxçıvana səfəri zamanı baş verdiyi iddia edilən olaydır. Söhbət «qibtə eləmək» məsələsindən gedir.

Bu günlərdə isə DİA.AZ redaksiyasına «Naxçıvan xanı» ilə bağlı yeni bir hadisə daışılıb. Bir daha vurğulayırıq ki, bunun hadisə olub-olmadığını dəqiq bilmirik. Sadəcə olaraq, maraqlı gəldiyindən oxucularımızla paylaşmaq qərarına gəldik.

Beləliklə, bildirilir ki, Naxçıvanda yeni bir məscidin inşasından sonra Vasif Talıbov yerli dindarlarla görüş keçirir. Görüş getdiyi sürədə birdən əzan səsi gəlir və namaz vaxtının olduğu məlum olur. Təbii ki, dindarlar da namaz qılmaları üçün Vasif Talıbovla görüşü yarımçıq kəsməli olurlar.

Amma bunu cəsarət edib deyə bilmirlər. Bu zaman aralarından biri ürəklənib Vasif Talıbova «icazə verin, namazımızın vaxtıdır, gedək biz dəstəmaz alaq» deyə müraciət edir. Vasif Talıbov da öz növbəsində belə bir cavabı verir: «Siz niyə əziyyət çəkirsiniz. Uşaqlara deyərəm, indi alıb gətirərlər».

Bir daha vurğulayırıq ki, bu söylənilənlərin real olub-olmadığını dəqiq bilmirik.

 

 

  • Yazılıb
  • da (də) 2012 Jun 04