Tarix : 2012 Jun 08
Kod 30888

Rusiya ABŞ-ın Qarabağ mövqeyini dəstəklədi

Rusiya Ermənistan-Azərbaycan sərhədindəki son toqquşmalara münasibət bildirib
/Aran agentliyi

 

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç iyunun 7-də Moskvada jurnalistlərə deyib ki, Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi barədə məlumat Moskvanı rahatsız edir: “Bu ayın əvvəlindən təmas xəttində atəşkəs rejiminin pozulması nəticəsində hərbi qulluqçular arasında qurbanların sayı kəskin surətdə artıb. Dinc əhali arasında da zərərçəkənlər var. Biz bundan çıxış edirik ki, münaqişə tərəfləri atəşkəs haqqında 1994-cü il sazişinə ciddi əməl etməlidirlər. İyunun 4-5-də baş vermiş toqquşmalar Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan işi yalnız çətinləşdirir və bundan əvvəl əldə olunmuş razılaşmaların pozulmasına gətirib çıxarır”.

Rəsmi nümayəndə əlavə edib ki, gərginliyin bundan sonra da artırılması yolverilməzdir: “Biz Dağlıq Qarabağ münaqişəsinin hər iki tərəfini münaqişənin sülh yolu ilə həlli üçün səyləri siyasi-diplomatik vasitələrdən istifadə etməklə davam etdirməyə çağırırıq. Rusiya qarşılıqlı surətdə məqbul olan qərarların axtarışına ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birlikdə zəruri kömək göstərməkdə davam edəcək”.

Qeyd etmək lazımdır ki, ABŞ dövlət katibi Hillari Klintonun regiona səfəri zamanı, atəşkəs pozularaq 5 Azərbaycan əsgər həlak oldu.Klinton isə İlham Əliyevlə söhbətində də ATƏT-in Minsk Qrupunun uğursuz vasitəşiliyinə yenə sadiq qalmalarını ona tapşırdı.

Bu arada Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov Minsk Qrupunun erməni lobbisindən söz eşitdiyinə işarə etmədən bildirib ki, Ermənistan atəşkəsi pozmağla bölgədə status-kvonun saxlanılmasında maraqlıdır. PA rəsmisi qeyd edib ki, Azərbaycan Respublikası ordusu tərəfindən hələlik səfərbərlik məsələsinə heç bir ehtiyac görülmür.

  • Yazılıb
  • da (də) 2012 Jun 08