Qanunsuz söküntülərə etiraz olaraq keçirilən aksiyalarda fəallığı ilə seçilən Şirinbacı Rzayevanı yaxşı tanıyırsını
/Aran agentliyi
HaqqYolu - Qanunsuz söküntülərə etiraz olaraq keçirilən aksiyalarda fəallığı ilə seçilən Şirinbacı Rzayevanı yaxşı tanıyırsınız. Onun aprelin 22- də İctimai Palatanın keçirdiyi mitinqdəki kəskin və ünvanlı tənqidi çıxışından sonra əvvəl yaşadıqları Mirzəağa Əliyev küçəsi 211, mənzil 2 ünvanı Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri tərəfindən sökülüb. Evsiz qalan Rzayevlər ailəsi hazırda kirayədə yaşayır. Binəqədi rayon 177 saylı korpələr evi, uşaq baxçasında tərbiyəçi işləyən Şirinbacı xanımı təzəlikcə işdən də çıxarıblar. Özünün dediyinə görə işdən çıxarılması Bakı meri Hacıbala Abutalıbovun tapşırığı ilə olub. Bundan başqa mayın 10-da Şirinbacı xalanın kiçik oğlu İlqar Rzayev narkotik saxlama ittihamı ilə həbs olunub. \"Qış parkı\"nın qurbanlarından biri olan Rzayevlər ailəsi bu gün qayğılar içində yaşayır.
Şirinbaci xanım deyir ki, ayda 350 manat kirayə pulu ödəməlidirlər: “Ancaq bir ayı ödəyə bilmişik. Məni və oğlumu işdən çıxarıblar. Hökumət bizimlə maraqlanmır. Mən də gedib onlara yalvarmayacam. Bütün qohumlarımla maraqlanırlar. Bilmirəm onlarla nə işləri var. Oğlum həbsdədir. Onun istintaqının ədalətli aparılacağına inanmıram. Mən bu hökumətdən xeyirli bir şey gözləmirəm”.
Onun oğlu Əlirza Muxtar üstünə gələn hökumətlə axır damla qanına qədər vuruşmaq fikrinin olduğunu bildirdi: “Müraciət edirəm İlham Əliyevə ki, məni, anamı, yoldaşımı, uşaqlarımı, qardaşımı 3 il, 5 il müddətinə bir kameraya saldırsın, başımızın üstündə tavan olsun. Qaz, işq, su pulu dərdi çəkməyək. Bizi həbs eləsin ki, Avropa məhkəməsi işimizə baxıb bizə pul kəsəndən sonra o pula özümüzə ev alaq”.(Bizim Yol)