Tarix : 2012 Jun 09
Kod 30905

Artıq vaxt çatıb!

Qarabağ Azadlıq Təşkilatı bəyanat yayıb
/Aran agentliyi

 

HaqqYolu - Qarabağ Azadlıq Təşkilatı bəyanat yayıb

Qarabağ Azadlıq Təşkilatının mətbuat xidmətindən FaktXeber.com-a daxil olan bəyanatda bildirilir ki, işğaçı Ermənistan qüvvələri ilə təmas xəttində baş verən son hadisələr Azərbaycan Ordusunun düşməndən qat-qat üstün olduğunu, əks tərəfin istənilən təxribatını dəf edə bildiyini, hərbi hissələrimizin yüksək döyüş hazırlığı vəziyyətində olduğunu əyani şəkildə nümayiş etdirdi. Azərbaycan və xarici mətbuatda çıxan məlumatlarda aydın görünür ki, düşmənin istənilən hücumu dərhal dəf edilir, düşmənlər isə biabırçı şəkildə qaçırlar. Dağlıq Qarabağ və Ermənistanda əhali panika və qorxu içərisindədir, əksəriyyət qaçıb canını qurtarmağa çalışır, ordudan fərarilik kütləvi xarakter alıb, orduya yaşı çatanlar çağırışdan yayınırlar, Dağlıq Qarabağdakı qondarma rejimin çağırış vaxtını uzatmaq, ehtiyatda olanları səfərbər etmək cəhdləri heç bir nəticə vermir. Ermənistan rəhbərlərinin həmişə ümid etdikləri, daha doğrusu kənardan gələcəyi ümidi ilə özlərini aldatdıqları köməkdən də bir əlamət yoxdur. Heç bir xarici dövlət işğalçı Ermənistanı müdafiə etmək, hadisələrin gedişinə müdaxilə etmək istəyini göstərmir. Azərbaycana qarşı da beynəlxalq təşkilatlar tərəfindən hər hansı təzyiq hiss olunmur. Bütün dünya artıq başa düşür ki, haqq və ədalət Azərbaycanın tərəfindədir.

Qarabağ Azadlıq Təşkilatı hesab edir ki, Azərbaycan yaranmış vəziyyətdən, daha doğrusu, ermənilərin törətdikləri təxribat nəticəsində yaranmış vəziyyətdən yararlanmalı, fürsəti əldən verməməlidir. Azərbaycan dərhal hərbi əməliyyatları genişləndirməli, işğalçı Ermənistanın terrorçu prezidenti Serj Sərkisyanın hədyan bəyanatlarına, sərsəmləmələrinə birdəfəlik son qoymalı, torpaqlarımızı yağı düşməndən tamamilə təmizləməli, ərazi bütövlüyünü bərpa etməlidir. Artıq vaxt çatıb! Gözləməyin yeri yoxdur! Bizim başqa yolumuz da yoxdur! Biz Qarabağ Azadlıq Təşkilatı olaraq cəbhənin istənilən məntəqəsində öz borcumuzu yerinə yetirməyə hazırıq. (faktxeber)

  • Yazılıb
  • da (də) 2012 Jun 09