Tarix : 2012 Jun 11
Kod 30930

Misir Mərdanov rəqiblərini şantaja keçdi

Nazir İlham Əliyevin dövrünü təhsilin qızıl dövrü adlandırmaqla ona qarşı hücumların qarşısını almağa çalışır
/Aran agentliyi

 

HaqqYolu - Nazir İlham Əliyevin dövrünü təhsilin qızıl dövrü adlandırmaqla ona qarşı hücumların qarşısını almağa çalışır

Təhsil naziri Misir Mərdanov Ilham Əliyev hakimiyyət dövrünü Azərbaycanın təhsil tarixində qızıl dövr adlandırıb. Misir Mərdanov bu fikri “525-ci qəzet”ə müsahibəsində deyib. O Azərbaycan təhsilinin hansı dövrünü “qızıl dövr” kimi qiymətləndirməsilə bağlı suala cavabında deyib: “Heç şübhəsiz ki, Ilham Əliyevin prezidentlik dövrü təhsil tariximizdə qızıl dövr kimi qalacaq”.

Bundan başqa Misir Mərdanov müsahibəsində Heydər Əliyev Fondunun təhsil sahəsində gördüyü uğurlu işlərdən danışıb.

Misir Mərdanovun bu müsahibəsini rəqiblərini şantaj etmək cəhdi kimi dəyərləndirmək olar. Təhsil naziri Heydər Əliyev Fonduna mədhiyyə deməklə Paşayevlərə tərəf yıxılaraq özünü qorumağa çalışır. Və təhsil sahəsində problemlərin olduğunu vurğulayanların qarşısına Heydər Əliyev Fondunun bu sahədə gördüyü işlərlə çıxır. Onun Ilham Əliyevin hakimiyyət dövrünü qızıl dövr adlandırması isə şantajın pik həddidir. Bu gün Azərbaycan təhsili o qədər acınacaqlı vəziyyətdədir ki, hətta rəsmi şəxslər bunu etiraf etmək məcburiyyətindədirlər. Təkcə müstəqil qəzetlər deyil, rəsmi mətbuat da dəfələrlə təhsil sahəsindəki problemlərə toxunub. Tələbə Qəbulu Üzrə Dövlət Komitəsinin sədri Məlyekə Abbaszadənin təhsilin səviyyəsinin aşağı olması barədə açıqlamalarını isə hər gün eşitməkdəyik. Misir Mərdanovun “təhsil siyasəti” nəticələri o qədər ağır olub ki, hətta Prezident Adminitrasiyasının rəhbəri Ramiz Mehdiyev səviyyəsində bu məsələyə münasibət bildirilib. Doğrudur, Ramiz Mehdiyev və Məleykə Abbaszadə Misir Mərdanovla əzəli rəqibdirlər. Onların təhsil nazirilə öz intriqaları var. Amma insafən təhsil sahəsində səsləndirdikləri tənqidi fikirlərdə haqlıdırlar.

Misir Mərdanov qorunmaq üçün Ilham Əliyevin hakimiyyət dövrünü təhsilin qızıl dövrü adlandırır. Nazir bununla özü və təhsillə bağlı tənqidi fikirlərin qarşısını almağa çalışır. Yəni, baxın ha, Ilham Əliyevin hakimiyyət dövrü təhsilin qızıl dövrüdür, əgər siz təhsil sahəsində ciddi problemlərin olduğunu, təhsilin səviyyəsinin aşağı olduğunu hesab edirsinizsə, deməli, ölkə başçısına qarşı çıxmış olursunuz.

  • Yazılıb
  • da (də) 2012 Jun 11