Azad Qarabağ Uğrunda Alyansın təşəbbüsü ilə 2012-ci il iyunun 12-də Qarabağ Döyüşçülərinin Forumu keçirilib
/Aran agentliyi
Azad Qarabağ Uğrunda Alyansın təşəbbüsü ilə 2012-ci il iyunun 12-də Qarabağ Döyüşçülərinin Forumu keçirilib.
Forum Azərbaycan Ordusunun 1992-ci ildə həyata keçirdiyi uğurlu döyüş əməliyyatlarının başlanmasının 20 illiyinə həsr olunub. Forumun aparıcısı Vətən Müharibəsi Əlilləri Cəmiyyətinin sədri, Qarabağ döyüşçüsü Firudin Məmmədov olub. QAT sədri Akif Nağı, Qarabağ uğrunda İslami Müqavimət Hərəkatının sədri Hacı Rövşən Əhmədli, Qarabağ Qazilər Birliyinin sədri Etimad Əsədov, Qarabağ döyüşçüsü Azad İskəndərli, Laçın alayının keçmiş komandiri Arif Paşa, Qarabağ döyüşçüsü Gültəkin Quliyeva və digərləri çıxış ediblər. Forumda Birinci Qarabağ müharibəsinin iştirakçıları, ekspertlər, Azad Qarabağ Uğrunda Alyansa daxil olan təşkilatların rəhbərlərləri iştirak ediblər. 20 il əvvəl, 1992-ci il iyunun 12-də Azərbaycan Ordusu düşmənə qarşı böyük uğurlu əməliyyatlara başlayıb, 3 aya yaxın vaxt ərzində işğalçı Ermənistanın əsas qüvvələrini darmadağın edərək, Dağlıq Qarabağ ərazilərinin yarısına qədərini azad edib. Bu əməliyyatların təcrübəsinin öyrənilməsi, bu döyüşlər, əsgər və zabitlərimizin göstərdikləri qəhrəmanlıq nümunələri, komandir heyətinin əməliyyatları təşkil etmək bacarığı haqda məlumatların cəmiyyətə daha geniş şəkildə çatdırılması ciddi əhəmiyyətə malikdir. Tədbirin keçirilməsi cəmiyyətin bütün təbəqələrində, xüsusilə də gənclərin içərisində belə bir fikrin gücləndirilməsinə xidmət edir: Azərbaycan Ordusu, əsgəri və zabiti həmişə işğalçı Ermənistan ordusundan, əsgər və zabitlərindən üstün olub; ermənilər xarici havadarlarının və kənardan gələn muzdluların hesabına əldə etdikləri nəticələrdən tezliklə məhrum olacaq, torpaqlarımızdan qovulacaqlar; Azərbaycan Ordusunun dünəni və bu günkü vəziyyəti, səviyyəsi torpaqlarımızın işğaldan azad olunmağına tam əminlik yaradır; Birinci Qarabağ müharibəsinin odundan-alovundan keçmiş döyüşçülər torpaqlarımızın azad olunması üçün dərhal savaşın başlanmasını tələb edir və bu savaşın ön sıralarında olacaqlarını bildirirlər. Forumda öz təşəbbüsü ilə Çexiya Respublikasının Azərbaycandakı hərbi attaşesi polkovnik Ştefan Maşek də iştirak edib. Tədbirin sonunda bəyanat qəbul olunub. Bəyanatda göstərilir: Azərbaycan Ordusunun 1992-ci ildə düşmənə qarşı həyata keçirdiyi uğurlu döyüş əməliyyatlarının başlamasından 20 il ötür. Bütün cəbhə boyu 83 gün ərzində həyata keçirilən hücum əməliyyatı nəticəsində Dağlıq Qarabağ ərazilərinin yarısına qədəri Ermənistanın işğalından azad edildi, düşmənin minlərlə canlı qüvvəsi, onlarla texnikası məhv edildi. Azərbaycan Ordusunun əsgər və zabitləri kütləvi qəhrəmanlıq nümunələri, döyüşdə qalib gəlmək bacarığı nümayiş etdirdilər. Düşmən panika içərisində qaçır və Azərbaycan ərazilərinini tərk etmək üçün dəhliz istəyirdilər. 1993-cü ilin sonu-1994 cü ilin əvvələrində də Azərbaycan Ordusu növbəti dəfə döyüşmək və qalib gəlmək qabiliyyətini nümayiş etdirdi. Beyləqan, Füzuli, Xocavənd, Ağdam, Ağdərə, Kəlbəcər istiqamətlərində uğurlu əməliyyatlar həyata keçirildi, bir sıra yaşayış məntəqələri, o cümlədən Füzuli istiqamətində 30 km irəliləyərək 23, Tərtər-Ağdərə istiqamətində 3 yaşayış məntəqəsi azad edildi, Kəlbəcər istiqamətində müvəqqəti də olsa cəmi bir neçə gün ərzində 12 kəndimiz düşməndən təmizləndi.
Cəbhə bölgəsində son günlərdə baş verən hadisələr də Azərbaycan Ordusunun artan gücünü bir daha sübut edir. Əsgərlərimiz düşmənin bütün cəbhə boyu törətdiyi təxribatların, hücum cəhdlərinin qarşısını ləyaqətlə alır, düşmənə ağır zərbələr vurur. Xarici mənbələrin də təsdiq etdiklərinə görə, Ermənistanın işğalçı ordusu canlı qüvvə və texnika cəhətdən ciddi itkilərə məruz qalıb. Bu döyüşlər nəticəsində Azərbaycan Ordusunun 20 il əvvəlki dövrdən daha güclü, döyüş qabiliyyətinin daha üstün, əsgərlərin döyüş hazırlığının daha yüksək olduğu nümayiş etdirilmişdir.
Forum iştirakçıları hesab edirlər ki, Ermənistanın işğalçı qüvvələri zəbt etdikləri Azərbaycan torpaqlarından öz xoşları ilə çıxmayacaqlar. Ona görə də onlarla hər hansı danışıqlar aparmağın, görüşlər keçirməyin mənası yoxdur. Azərbaycan Ordusu Birinci Qarabağ müharibəsi zamanı əldə etdiyi təcrübə və uğurlu döyüş əməliyyatları nümunələrindən yaralanaraq və bu günkü gücünə arxalanaraq müharibəyə başlamalıdır. Düşmən torpaqlarımızdan qovulmalı və birdəfəlik susdurulmalıdır. Biz Qarabağ döyüşçüsü olaraq bu müqəddəs müharibənin önündə olmağa, canımızı Vətən yolunda fəda etməyə hazırıq! Biz torpaqlarımızın düşmən tapdağında qalmasına dözmək fikrində deyilik! Ya şəhid, ya qazi olmağa hazırıq! Ya Qarabağ, ya ölüm!