Tarix : 2012 Jun 14
Kod 30982

Azərbaycan R-da dini durum acınacaqlıdır

Azərbaycan Respublikasında digər sahələrlə bərabər din sahəsində də ciddi problemlər var və onları danmaq, hər şeyin son dərəcə sabit olduğunu ...
/Aran agentliyi

 

 

Azərbaycan Respublikasında digər sahələrlə bərabər din sahəsində də ciddi problemlər var və onları danmaq, hər şeyin son dərəcə sabit olduğunu söyləmək mövcud reallıqları inkar etmək deməkdir. Bu baxımdan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Hidayət Orucovun jurnalistlərə açıqlamasında “Azərbaycanda dini durum son dərəcə sabit və normaldır” deməsi səmimilikdən çox uzaq səslənir. Həqiqət budur ki, problemlər var və ölkə din sahəsində böhran yaşamaqdadır.

Başqa sözlə, dini mühit son 20 ildə bəlkə də ən böhranlı durumdadır. Bu problemlər din və vicdan azadlığının pozulması, qanunlara edilən düzəlişlərlə dini fəaliyyətin məhdudlaşdırılması, dinlə bağlı yeridilən dövlət siyasətində inanclı insanların rəyinin nəzərə alınmaması, fəal dindarlara potensial cinayətkar kimi yanaşılması, onların təqib və həbs olunması kimi hallarla bağlıdır.

İndi hər kəs görür ki, uzun illərdən bəri Azərbaycanda milli-mənəvi dəyərlərin ayrılmaz atributlarından olan baş örtüyünə qarşı ögəy münasibət sərgilənməkdədir. Əhalisinin mütləq əksəriyyəti müsəlmanlardan ibarət Azərbaycan Respublikasında 20 ilə yaxındır hicablı xanımlar başörtüyü ilə şəxsiyyət vəsiqəsi və ümummilli pasport ala bilmirlər. Onlardan başıaçıq şəkil təqdim etmələri tələb olunur. Dövlət müəssisələrinin bir çoxunda hicablıların işləməsi üçün qeyri-formal qadağa hökm sürür. “İnanclı Vətəndaşların İnsan Haqlarına Dəstək” Təşəbbüs Qrupunun 2011-ci ildə apardığı kiçik bir araşdırma nəticəsində Azərbaycanda 60-a yaxın hicablı xanımın iş hüququnun pozulması faktı aşkarlanıb. Onlardan bəziləri hicaba keçdiyinə görə tutduğu vəzifədən azad edilib, bəziləri hicablı olduğuna görə işə götürülməyib, bəzilərinə isə işdə hicab taxmaq qadağan edilib.

Artıq iki ilə yaxındır hicablı şagirdlər məktəbə buraxılmır. “Vahid forma” bəhanəsi ilə inanclı məktəbli qızların təhsil hüququ pozulub. Bu hallara qarşı etiraz edənlərin aqibəti isə bəllidir...

Dini Komitə rəsmiləri öz açıqlamalarında dönə-dönə bildirirlər ki, Azərbaycan dünyəvi dövlətdir və dünyəvi dövlətlərdə vahid məktəbli forması mövcuddur. Guya buna görə də hicabla məktəbə getmək olmaz. Bəs həqiqətənmi dünyəvi dövlətlərdə hicablı şagirdlər dərsə buraxılmır? Əslində “vahid forma” və dünyəvi dövlət anlayışının dünya təcrübəsində hicabla məktəbə getməklə heç bir əlaqəsi yoxdur.

Din sahəsində yaşanılan ciddi problemlərdən biri də bir neçə məscidin sökülməsi və bağlanmasıdır. Təkcə bir ildə - Bakı islam mədəniyyəti paytaxtı elan edilən 2009-cu ildə paytaxtda 3 məscid “qanunsuz tikili” adı ilə dağıdıldı. Guya hansısa sənədi çatışmırdı deyə. Həmin məscidə sənəd verib qanuniləşdirmək əvəzinə, Stalin dövründən bu yana görünməyən addım atıb, min cür əziyyətlər bahasına tikilmiş məscidləri sökdülər. Halbuki o “qanunsuz tikililəri” sənədləşdirmək müvafiq dövlət orqanı üçün sadə bir məsələ idi.

Üstəlik, ölkədə neçə-neçə məscid bağlanıb. Hazırda şəhərin mərkəzində “Şəhidlik” məscidi və Nərimanov rayonu “Cümə” məscidinin qapısı qıfıllıdır. Nə qədər bəhanələr gətirilsə də, bu bir faktdır.

8 may 2009-cu ildə “Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklər qəbul edildi və bununla dini fəaliyyət imkanları xeyli məhdudlaşdırıldı. Bu dəyişikliklər nəticəsində Azərbaycandan kənarda islam təhsili aldıqlarından daha ölkədə dini mərasimləri idarə edə bilməzlər! Dünyanın ikinci ölkəsini göstərmək olarmı ki, belə bir qadağa mövcud olsun? Bu müddəa konstitusiyaya da ziddir. Konstitusiyanın “Din və dövlət” adlanan 18-ci maddəsində kifayət qədər aydın göstərilir ki, bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Amma şahidi olduğumuz kimi, dini təhsil mövzusunda bu prinsipə zidd olaraq məhdudiyyətlər yalnız islam dininə şamil edilir.

12 dekabr 2011-ci ildə İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə dini fəaliyyətlə bağlı düzəlişlər qüvvəyə mindi. Bu düzəlişlər dini fəaliyyətə görə sərt cəza tədbirləri nəzərdə tutur. Yəni 2009-da edilən düzəliş yalnız hüquqları məhdudlaşdırırdısa, 2011-ci ilin dekabrından dini fəaliyyətə görə həm də inzibati və cinayət məsuliyyəti nəzərdə tutulur.

2011-ci ilin dekabrında qüvvəyə minən dəyişikliklər arasında ən heyrət doğuranı 300.0.1 və 300.0.2-ci maddələrin İnzibati Xətalar Məcəlləsindən çıxarılaraq birləşdirilmiş formada 167-2-ci maddə kimi Cinayət Məcəlləsinə daxil edilməsidir. Əvvəllər İnzibati Xətalar Məcəlləsində belə maddələr vardı ki, müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının yayılmasına görə vətəndaşlar 200 manatdan 400 manatadək cərimə edilirlər. Yeni dəyişikliklə bu maddə İnzibati Xətalar Məcəlləsindən çıxarılaraq Cinayət Məcəlləsinə daxil edilib və indi buna görə vətəndaş 5000 manatdan 7000 manatadək cərimə və ya 2 ilədək azadlıqdan mərhumetmə ilə cəzalandırılır.

Dünyanın harasında təsbeh və ya “Quran” satan cinayətkar elan edilir? Nədir-nədir, xüsusi razılığı olmayıb. Qanunda dinə qarşı belə aqressiv münasibət hətta SSRİ zamanı da müşahidə olunmayıb.

20 ildən çoxdur Azərbaycan dövlət müstəqilliyi əldə edib. Bu, din sahəsində quruculuq işlərinin aparılmasına, müstəqil dini təsisatların, dini elmlərin tədqiqi və tədrisi mərkəzlərinin yaradılmasına imkanlar yaratdı. Lakin ölkədə hələ də bunlara nail olmaq mümkün deyil, müstəqil dini mühitin yaradılmasına dəstək vermək əvəzinə yerli televiziya kanallarında yayımlanan dini verilişlər bağlanılır və yerli dindarların dini fəaliyyəti məhdudlaşdırılır.

  • Yazılıb
  • da (də) 2012 Jun 14