«15 iyunda Naxçıvan xanlığı ümummilli şüarlar adı altında gəlib Bakı xanlığını ələ keçirdi«
  /Aran Agentliyi
HaqqYolu - «15 iyunda Naxçıvan xanlığı ümummilli şüarlar adı altında gəlib Bakı xanlığını ələ keçirdi«
 
Zərdüşt Əlizadə: "Polis bölməsinə çağrılmalar, insanların qorxudulması hakimiyyətin narahatlığını göstərir"
 
Hakimiyyət 15 iyun hazırlıqlarına bütün resurslarını səfərbər etməkdədir. Büdcə təşkilatlarında çalışanlar müxtəlif tədbirlərə zorla cəlb olunurlar. Bəs Heydər Əliyevin əsasını qoyduğu hazırkı idarəçilik sistemi Azərbaycana nə verdi? Politoloq Zərdüşt Əlizadə ilə müsahibəmizə məhz bu suala cavab almaqla başladıq:
  - Heydər Əliyevdən sonra Azərbaycanda sərt avtoritar rejim quruldu. Azərbaycanda tayfa-ailə quruluşu bərqərar olundu. Azərbaycanda böyük bir geriləmə baş verdi, ölkədə demokratik inkişaf potensialı tamamilə məhv edildi və Əliyevlər multi-milyarderə çevrildi. Digər müttəfiq ailələr də xeyli varlanaraq sərvət topladılar. Bu, Azərbaycanın 20 ildə keçdiyi inkişaf yoludur. Heydər Əliyevin sağlığında bu günün adı “qurtuluş” adlandırıldı. Amma mən tarixə sərt, aydın nəzərlərlə, heç bir hissiyata qapılmadan baxıram. Bu sadə görünən sxemin həyata keçməsində Azərbaycan xalqının feodal pərakəndəlik dövrünü keçməməsi böyük rol oynadı. Zorən millətləşmə prosesi bizə bir o qədər də təsir göstərmədi. Biz vahid xalq kimi formalaşmadıq. Yerliçilik, tayfaçılıq əksəriyyətimizin içərisində qaldı. Bu baxımdan Naxçıvan xanlığı ümummilli şüarlar adı altında ruslarla, ermənilərlə, iranlılarla əlbir olaraq gəlib Bakı xanlığını ələ keçirdi. Nəticədə Naxçıvan xanlığı Bakı xanlığının ərazisində yerləşən neft və qaz yataqlarını satmağa başladı. Əvəzində isə ermənilərə Qarabağ xanlığı, ruslara müəyyən güzəştlər verildi. Iranlılara isə bəzi şeylər vəd edilsə də sonda heç nə verilmədi. Amma bütün bunlar Azərbaycanda 20 il ərzində baş verən hadisələrin mahiyyətini əks etdirən bir sxemdir. O ki, qaldı qəhrəmanlıq dastanlarına, “ömrümün qalan hissəsini xalqıma həsr edirəm” kimi şüarlara - bunlar hamısı nağıldır. Xalqın vəziyyəti, təhsilimiz, elmimiz göz önündədir. Insan hüquqlarına, Konstitusiyaya, qanunun aliliyinə hörmət yoxdur. Mən 15 iyun hadisələrinə Heydər Əliyevin qayıdışı adını qoyardım. Heydər Əliyev bir dəfə 69-cu ildə hakimiyyətə gəlmişdi, 93-də isə qayıtdı. Hakimiyyətin hazırda atdığı addımlar onun mahiyyətindən irəli gəlir. Heç kim öz mahiyyətindən ayrılıb, ayrı siyasət yürüdə bilməz. ABŞ, ərəb ölkələri hərəsi özünə xas siyasət yürüdür. Azərbaycan iqtidarı, müxalifəti də mahiyyətlərinə uyğun siyasi kurs seçir. Ona görə hakimiyyətin demokratik islahatlara başlayacağı ilə bağlı iddialar gülüncdür. Balıq dənizdə üzə bilər, havada uça bilməz.
 
Insanların istəkləri qarşısındakı sədlər mütləq dağılacaq
  - Milli Məclis bir neçə gün əvvəl “Informasiya əldə etmək haqqında” qanuna dəyişiklik etdi. Bir çox ekspertlərin fikrincə, bu dəyişikliyin məqsədi son zamanlar dövlət başçısının ailəsi haqqında həm yerli, həm beynəlxalq mediada dərc olunan məqalələrin qarşısını almaqdır?
  - Belə hallar çox yaşanıb. Kommunistlər də vaxtilə xeyli qanunlar qəbul etmişdilər. Amma qanunlar nə qədər çox insanların yaradıcılığını, fəaliyyətini, azadlığını məhdudlaşdırırsa, bir o qədər o qanunlar az icra olunur. Çünki o qanun səmərəli olur ki, o həyatdan, cəmiyyətdən gələn tələbata cavab verir; insanların tələbinə uyğun inkişaf istiqamətindədirsə. Amma cəmiyyətin içərisindən gələn istəkləri, arzuları boğan qanunlar, çəkilən sədlər mütləq dağılacaq. SSRI vaxtilə Berlin divarı çəkmişdi. Berlin divarı dağıdıldı və suvenir kimi saxlanıldı. Daha sonra da Heydər Əliyevin dostu Rastropoviç Berlin divarının yanında konsert verdi. Bu qanunların qəbuluna əsəbiləşməyə dəyməz. Mən bu addımlara fəlsəfi baxıram. Çünki anlayıram ki, bu cür qanunların qəbulu mənasızdır. Inkişafın, təbii proseslərin qarşısını almaq mümkün deyil. Müasir zaman informasiya əsridir. Belə bir zamanda hamının gözü qarşısında Azərbaycanın sərvətini bir ovuc ailə taladığı, özələşdirdiyi vaxtda belə qanunun qəbulu məntiqsiz görünür. Bu ona bənzəyir ki, Kommunist Partiyasının 27-ci Qurultayı qərar çıxarır ki, biz kommunizmə gedirik. Artıq kommunizmin dağılmasına bir neçə il qaldığı halda, belə qərar qəbul olunur. Bu qanun işləməyəcək. Azərbaycan mənbələrindən də olmasa, xarici mənbələrdən hakimiyyətin oğurluqları barədə məlumat əldə ediləcək.
 
Soyuqqanlı qərarlar qəbul etməliyik
  - AŞ PA həmməruzəçiləri Bakıda oldular. Onların gəlişi qalmamaqal ilə yadda qaldı. Hüquq müdafiəçisi Leyla Yunus onları rüşvətxorluqda ittiham etdi. AŞ PA təmsilçilərinin bütün bunların fonunda bəyanatlarını necə qiymətləndirirsiniz?
  - Əslində bu cür halların baş verməsi sevindiricidir. Bu, xalqımızın bir çox əsatirlərdən xilas olması üçün yaxşıdır. Məsələn, bizdə vaxtilə zorən sosializm cəmiyyəti haqqında müsbət fikirlər yaradırdılar. Amma bu cəmiyyət və təsəvvür dağıldı. Vaxtilə bildirirdilər ki, kapitalizm cəmiyyəti ideal toplumdur. Bir qism insan buna inandı. Amma 20 ildən sonra insanlar gördülər ki, bu cəmiyyətin ciddi qüsurları var. Qərb dünyasında zəngin ədəbiyyatlar, beyin mərkəzləri var. Onların heç biri kapitalizm cəmiyyətini bizim beynimizdəki kimi ideal təsəvvürlərə uyğun olaraq təqdim eləmir. Əksinə kapitalizm cəmiyyətini tənqid edirlər. Kapitalizm cəmiyyətində oğurluq, rüşvət, işgəncə var. Amma bütün bunlara qarşı mübarizə imkanları da mövcuddur. Fərq yalnız bundadır. Indi də AŞ PA-nın iki həmməruzəçisi Bakıya gələrək Azərbaycan barəsində müsbət rəy yazıblar. Leyla Yunus bildirir ki, onlar yəqin rüşvət alıblar. Çünki bu sənəddə vətəndaş cəmiyyətinin təqdim etdiyi fikirlərin heç biri əks olunmayıb. Leyla xanım haqlıdır. Amma eyni zamanda onda bu əməli sübut edən heç bir fakt yoxdur. Çünki rüşvət ittihamı çox çətin sübut olunan cinayətdir. Dolayı yolla əgər həmməruzəçilər bu məqamları yazmayıblarsa, bu o demək deyil ki, onlar rüşvət alıblar. Bəlkə onları aldadıblar, bəlkə onlara təqdim olunan dəlillər onları inandırmayıb? Çünki sovet dəbli otaqlarda yaşayan, amma müasir evə köçənlər də var. Amma yaşadığı yerlərdən köçmək istəməyən və nəticədə evi başına uçanlar da var. Ümumiyyətlə, Avropanın da qüsurları var. Biz bunları aydın görərək, soyuqqanlı qərarlar çıxarmalıyıq.
 
Hakimiyyət zəifliyini dərk edir
  - Avropanın tanınmış analitik mərkəzinin iddia etdiyinə görə, hökumət kürü və digər bahalı hədiyyələrdən Avropa Şurasının dəstəyini satın almaq, demokratiya və insan haqları sahəsində acınacaqlı vəziyyəti tənqid edənləri susdurmaq üçün istifadə edir. Uzun müddət fərziyyə edilən məqamlar artıq reallığa çevrilməkdədir?
  - Məsələn, biz Gömrük Komitəsində hər il nə qədər oğurluğun ola biləcəyini fərz edə bilərdik və ümumi sözlər deyilirdi. Amma bunun konkret rəqəmini Qubad Ibadoğlu ortaya qoydu. O, komitənin on illik hesabatlarını və Azərbaycanın beş əsas neft şərikinin müvafiq sənədlərini götürdü. Müqayisə nəticəsində məlum oldu ki, 2000-ci ildən 2011-ci ilə qədər sənədlərlə 10 milyard oğurluğun olduğu sübuta yetirilir. Biz bilirik ki, oğurluq bundan artıqdır. Amma rəqəmlərlə sübuta bu qədər hissə yetirilib. Ya bu məbləği bu məsələlərə məsul şəxslər oğurlayıb, ya da onlar axmaqdırlar bu cür itkinin olduğunu görmürlər. Indi də Qərb diplomatlarının səfərləri bir çox halda burda üzləşdikləri mənzərədən asılıdır. Onlar bir çox hallarda görürlər ki, bizim xalq öz hüqunu bilmir və onun uğrunda mübarizə aparmır. Bu üzdən də təəssüf ki, bəzən deyirlər bizim nəyimizə lazım ölkədə baş verənlər. Amma elə insanlar da var ki, xalqımıza canı yanır və öz demokratik ənənələrini burada da tətbiq etməyə çalışırlar.
  - Son zamanlar jurnalistlərin, gənc fəalların polis bölməsinə çağrılması adi hala çevrilib. Bu cür metodlarla hakimiyyət nəyə nail olmaq istəyir?
  - Bu, hakimiyyətin xalqdan qorxduğunun görsənişidir. Hakimiyyət zəifliyini dərk edir. Onlar anlayırlar ki, xalqla mükaliməyə girib açıq söhbət etmək mümkün deyil. Yaxşı xatırlayıram ki, Milli Azadlıq Hərəkatı zamanı kommunistlər sovet quruluşunun axırına yaxın xalqla danışa bilmədilər. Onlar ağızlarını açan kimi hətta savadsız adam belə kommunistlərə “kəs səsini, rüşvətxor” deyirdi. Çünki onlar bilirdilər ki, Heydər Əliyevin qurduğu o vaxtkı rejim say-seçmə rüşvətxorlardan ibarət idi. Hazırda da xalqla dil tapa bilməyən hakimiyyət repressiyaya əl atır. Polis bölməsinə çağırılmalar, insanların qorxudulması buna xidmət edir. Amma bu daim davam edə bilməz. Ona görə də hakimiyyət məcbur olur ki, bir müddət sonra saxladıqlarını azad edir.
 
Hakimiyyət təmsilçiləri özlərini bazar adamı kimi aparır
  - Hakimiyyət eyni zamanda son zamanlar fəal siyasi xanımlara qarşı repressiv tədbirlərə əl atır. AXCP fəalı Kəmalə Xəlilovanı mülki geyimlilər avtobusdan düşürüb, polis bölməsinə aparır. Gənc fəal Dəyanət Babayevin anası polis bölməsinə çağırılır. Bu münasibətin Əli Həsənovun aksiyada iştirak edən xanımlar barədə məlum açıqlaması ilə bağlılığı ola bilərmi?
  - Hakimiyyətdə siyasi əxlaq deyilən şey yoxdur. Ümumiyyətlə, Azərbaycanda siyasi mədəniyyət aşağı səviyyədədir. Hakimiyyət təmsilçiləri özlərini daha çox bazar arvadları kimi aparırlar. Elə bil ki, bu dəqiqə əlini belinə qoyaraq qonşu satıcı ilə dalaşacaq. Onlar cəmiyyətə bu səviyyədə yanaşırlar. Amma elələri də var ki, etik qaydaları qorumağa çalışr. Məsələn, belələrindən biri Aydın Mirzəzadədir. Amma digərləri heç bir ədəb qaydalarına riayət etmir. Qadınlara qarşı bu cür hücum siyasi əxlaqın olmamasından irəli gəlir. Bizdə heç zaman kişilərin qadınlara hücumu təqdir edilməyib.
  - Ekspertlər düşünür ki, Misir diktatoru Mübarəkin başına gələnlərdən sonra bir sıra diktatorlar dərs götürməlidir. Azərbaycan hakimiyyəti üçün eyni zamanda Quba hadisələri də nəticə çıxarılası olay olmalı idi. Amma bu baş vermədi. Sizin fikrinizcə, hazırda həm dünyada, həm də ölkədə baş verənlər hansı mesajları verməkdədir?
  - Təkcə bizim hakimiyyət yox, bütövlükdə bəşəriyyət tarixdən dərs götürmür. ABŞ Vyetnamdan heç bir dərs götürməyib, gedib yenidən Əfqanıstana, Iraqa girdi. Azərbaycan rəhbərləri də nəticə çıxara bilmirlər. Çünki nəticəni o insan toplumu edir ki, müzakirə mədəniyyəti var. hətta demokratiyanın güclü olduğu ölkə ABŞ müharibə haqqında qərar çıxaranda demokratiyanı pozur. Bu üzdən bəzən böyük itkilər olur. Ərəb dünyasında və Iraqdakı itkilər bunu sübut edir. Bir də ki, Liviyada hazırda baş verən olaylar göstərir ki, gərək demokratiya üçün cəmiyyət özü hazır olsun. Demokratiyanın ixracı ağır nəticələr verir.
  - Hazırda cəbhə bölgəsində baş verən prosesləri necə qiymətləndirirsiniz? Bir sıra ekspertlərin fikrincə, baş verənlər Rusiyanın iradəsinə uyğundur?
 
- 92-ci ildə Iranın xarici işlər naziri Azərbaycanda olmuşdu. Prezident Mütəllibovla görüşəndən və sülhün bağlanmasına dair razılıq alandan sonra, Xankəndində erməni rəhbərləri razılıq əldə etmək istəsə də, rus əsgərləri onu Ağdamdan o yana buraxmadılar. O zaman başa düşüldü ki, Azərbaycanın müstəqilliyi şərtidir. Indi də Klinton Qarabağ danışıqlarına dair təşəbbüsü ələ götürmək istəyirdi. Rusiya bu zaman bölgədəki vassallarına göstəriş verdi ki, güclü atışma təşkil edin və göstərin regionun ağası kimdir. Rusiyanın bölgədəki nüfuzunu eyni zamanda Ermənistan parlamentindəki məlum güllələnmə olayı da sübut etmişdi. (azadliq.info)