/Aran Agentliyi
(öncədən, vicdanlı insanlardan üzr istəyirəm)             
 
    “Havalar isti keçəcək.”; “ Ürəyi xəstə olanlar sıxılacaq.” Yox, yox! Qorxmuram daha bu anormal hava şəraitindən. Ürəyim sıxıla bilməz bu havadan. Artıq ürəyim bişib hökumətin bizə “isti” münasibətindən.  Ürəyim sıxılır veyl-veyl gəzməkdən. Çöldə özümü məhbəsdəkilərdən də pis hiss edirəm. Bu gen dünya dörd divardan daha dar gəlir mənə. Dörd divar arasında mənəvi dünyası kainatlar genişliyində olan insanların baxışları sıxır məni bu ucsuz-bucaqsız mövcudatda. Ata-anamın “bala yenə iş tapmadın” sözü kimi ağır bir yük tanımram bu dünyada. Bəlkə də, bir diplomum olsaydı, bir o qədər utanmazdım. 3 diplomumdan 3 beynəlxalq əhəmiyyətli setifikatımdan utanıram. Bəlkə də, mən onları almasaydım, kimsə bu kağız parçaları ilə soyuq qışda sobasını yandırmışdı. Əslində, bu gündə olan tək mən deyiləm. Yüz minlərlə insan var ölkədə bu vəziyyətdə. Bəli, yüz minlər. Sadəcə, onlar abır-həya edir, mənim kimi şüvən salmırlar. Ata-anam daha pensiya almaq üçün banka can atmır. Onsuz da mənə verəcəklər. Amma bunun da günahı onlardadır. Çünki onlar mənə“ bala, alverçi ol, borcla yaşamayasan”, “bala, yapçı ol, gedəcəksən qabağa”, oğlum, əsgərin payını sat, qoy pulun olsun” demədilər. Əslində, düz etmişdilər. Sadəcə, mən ona görə narazıyam ki, heç olmasa, mənə əvvəldən belə həyatın çətin olacağını deyəydilər. Mən də rüşvətxor müəllimlərə, korrupsioner məmur kişilərdən qorxub qoca qadınları döyən, sürüyən polislərə bel bağlamayaydım. Axı insan həyatdan küsür asayiş keşikçilərinin xaincəsinə asayişi pozduqlarını görəndə, tərbiyədən danışan müəllimlərin rüşvət yığdıqlarını görəndə. Bax buna görə də qorxuram azadlıqda gəzməkdən. Çünki polis görəndə, qara kabus yaranır təsəvvürümdə. Müəllim görəndə bütün müqəddəsliklərə inamım itir, seçki saxtakarlığının ən işlək mexanizmi canlanır beynimdə. Həkim görəndə yeni xərçəng növünə rast gəldiyimi hiss edirəm. Molla görəndə əba geyinmiş Şeytana oxşadıram. Bir sözlə, kəşf olunmamış viruslarla rastlaşmaqdan qorxuram. Budur mənim üçün ən sıxıcı həyat.  İndi bir arzum var həyatda. Allah bütün azadlıqda olanlarımızı AZAD” etsin, içəridəkilər onsuz da bu dərdlərdən azaddırlar.                                                                                                                                      Vüsal Hətəmov
 
birlik.az